Modern.az

Tarix insanların gözünü qamaşdırır

Tarix insanların gözünü qamaşdırır

30 Yanvar 2015, 10:02
filologiya üzrə elmlər doktoru, professor

Hər bir insan dünya tarixini öyrənə bilər və öyrənir. Qəhrəmanlıqla, mübarizə ilə, döyüşkənliklə, şücaətlə dolu tarix bəzən insanı heyrətləndirir. Ancaq nəzərə almaq lazımdır ki, tarixin həmin anlarını yaşasaydıq, daha doğrusu, tarixin həmin anlarında olsaydıq, biz də bu qeyri-adi hadisələrə qoşulmalıydıq, qəhrəmanlıq, şücaət göstərməliydik. Çünki tarixin həmin məqamları bizi şücaət və qəhrəmanlıq göstərməyə məcbur edəcəkdi. Gəlin bir anlıq hər şeyin əksini fikirləşək. Məsələn, Babək, Koroğlu, Nəbi və digərləri indi doğulsaydı nə edərdi? Tarixin bu mərhələsində onlar kim olardı? Hər bir tarixi dövr öz tələbinə uyğun qəhrəmanlarını yetişdirir. Bəlkə də ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsinə salır. Və bəlkə ani bir an kimisə tarixin qəhrəmanlıq səhifəsindən silir. Və bu qədər çoxlu bəlkələr tarixin özünü şanslı edir. Və bu qədər bəlkələr tarixdə konkret şəxsləri şanslı edir. Həm də tarixi hadisələrə də yanaşmalar dəyişir. Bəzən tarixi şəxsiyyətlərə də münasibət eyni olmur. Bəzən mifoloji obrazlara da müxtəlif cür yanaşılır. Tarixin özü dəyişdiyi kimi, bəzən tarixin yaratdığı dəyərlər də dəyişir. Məsələn, bu gün Koroğlu, Nəbi dövrünü yaşamaq olmur. Həm də bu gün Koroğluluq, Nəbilik etmək qəhrəmanlığa sığırmı?! Müasir dünyanın müasir tələblərinə uyuşurmu? Müasir dünyada özünü doğruldurmu? Tarixi dəyərlər dəyişdikdə hər dövrün öz Koroğlusu, Nəbisi yaranır. Həm də tarixi şəxsiyyətlərin əbədiyaşarlığı azalır. Düzdür, əbədi yaşayan və yaşayacaq tarixi şəxsiyyətlər də vardır. Onlar olub və olacaqlar. Ancaq yenə də tarixi şəxsiyyətləri qabaqda nə gözlədiyini bilmirik. Biz sadəcə olaraq mövcud reallıqların təsiri altında yaşayırıq. Hisslərimiz, duyğularımız, düşüncəmiz isə əksər vaxtlar yaşadığımız tarixi dövrün tələblərinə uyğunlaşır. Yaşadığımız tarixi dövrün tələblərinə uyğunlaşmayan hisslər, duyğular, düşüncələr isə əksər vaxt böyük bir qüvvənin təsirinə və təqibinə məruz qalır. Bu zaman yenə də tarixə – gələcək tarixə və onun verəcəyi qiymətə ehtiyac yaranır. Vaxt və zaman tələb edən bu iş, bir az poetik desək “Axı dünya fırlanır” fəlsəfəsini önə çıxarır. Məhz burada gələcək tarixi həqiqətin naminə və onun yolunda çoxlu itkilər, haqsızlıqlar baş verir. Bizim böyük əksəriyyətimizin imkanı və gücü çatmır ki, həmin haqsızlıqların, itkilərin vaxtında qarşısını alaq. Hər halda tarix bütün məqamlarda biz insanların gözünü qamaşdırır. Bəli, tarix insanların gözünü qamaşdırır. Beləliklə, istənilən bir tarix də, tarixi dövr də, tarixi şərait də özünü yaşatmaq naminə bizlərin hər birinin ömür-gününü yeyir...

Görəsən dünyada ədalətli adamlar olmasaydı, nələr baş verərdi?! Görəsən yalanlara, böhtanlara rişxəndlə baxanlar olmasaydı, dünyada nələr baş verərdi?! Görəsən insanlar Allahdan qorxmasaydılar, nələr baş verərdi?! Görəsən dünyada insanların inam və imanları olmasaydı, nələr baş verərdi?! Bəs görəsən dünyada yaxşılar və pislər olmasaydı, nələr baş verərdi?! Bəs görəsən dünyada yaltaqlar olmasaydı,  nələr baş verərdi?!  Bəs dünyada ölüm olmasaydı, nələr baş verərdi?! Bəs biganələr, laqeydlər, kənarda dayanıb seyr edənlər olmasaydı, nələr baş verərdi?! Tarix həm də baş verən və baş verəcəklərdən ibarətdir.

C.S.Levis yazırdı: “Bir tərəfdən Allah bizdən daha müdrikdir, bəzi şeylər barədə də onun hökmü bizimkindən fərqlidir. Ola bilsin ki, bizə xeyir kimi görünən Allahın nəzərində heç də xeyir kimi görünməsin, yaxud da bizə şər kimi görünən Allah nəzərlərində heç də şər olmasın”. Bəs bizə xeyir və şər kimi görünənlər tarixin nəzərində necədir? Yenə də bu barədə tarix öz hökmünü verir və verəcəkdir. Ancaq bütün məqamlarda tarix insanın gözünü qamaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI