Modern.az

“Xocalı soyqırımı abidəsinin rəsmi ziyarət protokoluna salınmasını prezidentə çatdıran yoxdur”

“Xocalı soyqırımı abidəsinin rəsmi ziyarət protokoluna salınmasını prezidentə çatdıran yoxdur”

30 Yanvar 2015, 14:30


“Xocalı soyqırımı abidəsinin rəsmi ziyarət protokoluna salınması sırf bizim daxili siyasətimizdir. Parlamentdə bu məsələni dəfələrlə irəli sürmüşəm. Çox güman ki, təklifi prezidentə lazımi səviyyədə çatdıran yoxdur”. Bunu Modern.az saytına açıqlamasında Xocalının deputatı Elman Məmmədov deyib.  

O bildirib ki, Xocalı soyqırımı abidəsinin rəsmi ziyarət protokoluna salınması məsələsi

hər zaman gündəmdədir: “Dünyanın bir çox dövlətləri, beynəlxalq təşkilatları Xocalı soyqırımını tanıyır. Kim tanımırsa, bunun bizə aidiyyatı yoxdur. Çalışacağıq ki, soyqırım daha çox tanınsın. Təklif belə idi ki, Azərbaycana gələn xarici ölkə nümayəndələri və rəsmiləri necə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət edirlərsə, Xocalı soyqırım abidəsini də ziyarət etsinlər.

Bir il bundan öncə Milli Məclisin sədri Oqtay Əsədov mənə cavab verdi ki, ümumi soyqırım abidə kompleksi tikiləcək. Bu abidə kompleksinə Xocalının da adı salınacaq. Ancaq hələ ki ümumi soyqırım abidəsi yoxdur, amma Xocalı soyqırımına həsr olunan abidə var. Hesab edirəm ki, Xocalı soyqırımı abidəsini də rəsmi ziyarət protokoluna salsalar, daha məqsədəuyğun olar”. 

Elman Məmmədov paralel olaraq parlamentdə digər bir məsələni də gündəmə gətirdiyini deyib: “Təklif etmişdim ki, Bakıda Dağüstü Parkda yerləşən Şəhidlər Xiyabanının girişində Xocalı soyqırımını özündə əks etdirən xatirə lövhəsi qoyulsun. Bu lövhədə statistik məlumatlar ingilis, rus və Azərbaycan dillərində yazılmalıdır. Şəhidlər Xiyabanını ziyarət edənlər Xocalı ilə bağlı məlumatları da orada oxusunlar. Xocalının 12 şəhidinin, o cümlədən mənim anamın da məzarı Şəhidlər Xiyabanındadır. Ancaq bu hər şey demək deyil”.  

Yeganə Oqtayqızı

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza