Yeni Azərbaycan Partiyası bu il ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı planlarını açıqlayıb. APA-nın məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP ənənəvi olaraq seçki hazırlıqlarına xeyli əvvəldən başlayır.
O qeyd edib ki, partiya bu seçkilərə də ciddi hazırlaşır:
“Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Belə şəxslər də mütləq nəzərə alınacaq. Buna baxmayaraq, həyat inkişaf edir. YAP-ın mövqeyi budur ki, seçicilərin rəğbətini qazanmış şəxslərin namizədliyi irəli sürülür. Biz seçki kampaniyasına məhz bu meyarla hazırlaşacağıq. Güman edirəm ki, bu seçki də YAP üçün uğurlu olacaq”.
Əli Əhmədov separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə “hökm” çıxarılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsinə və öldürülmüş Həsən Həsənova qarşı işgəncə ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işinin qaldırılmasına münasibət bildirib.
Ə. Əhmədov deyib ki, 20 ildən artıqdır, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı müvafiq beynəlxalq təşkilatların çıxardığı qərarlara Ermənistan əhəmiyyət vermədiyi üçün bu məsələ ilə bağlı da beynəlxalq təşkilatların çıxaracağı qərarın yerinə yetirilməsinə azərbaycanlılarda inamsızlıq var.
O qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: “Bu da aydındır ki, bu prosesin özü Ermənistanın nə dərəcədə təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir”.
Modern.az