“Müsavat Partiyası rəhbərliyi ilə bugünkü görüşün baş tutması barədə hələ ki qarşı tərəfdən cavab almamışam”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, qarşı tərəfin bu görüşlə bağlı yekun qərarından xəbərsizdir: “Bu gün Müsavat Partiyası üzvlərinin toplantısını keçirmək istəyirdik. Toplantıya Müsavat başqanı Arif Hacılı başda olmaqla, onların hamısını dəvət etmişdim. Hazırda yoldayam. Novxanıya- Məhəmməd Əmin Rəsulzadənin anım tədbirinə gedirəm. Anım tədbirindən sonra qərargaha qayıdacağıq. Hələ ki qarşı tərəfdən cavab almamışam. Yalnız İcra Aparatının rəhbəri açıqlama verib ki, onlar bu tədbiri məqsədəmüvafiq hesab etmirlər. Müsavat Partiyasının nizamnaməsinin 1.8-ci bənddə hər bir üzvün təklif vermək, təşəbbüs göstərmək, toplantılarda iştirak etmək, toplatılar, müzakirələr keçirmək hüququ var. Amma bu hüquq partiyanın rəhbərliyi tərəfindən tanınır və onların müzakirə etdiyi və verdiyi qərar ondan ibarətdir ki, belə bir tədbiri məqsədəmüvafiq hesab etmirlər. Yəqin ki, anım tədbirindən sonra bir daha mövzuya qayıdacağıq”.
Qeyd edək ki, bir neçə gün öncə Qubad İbadoğlu M.Ə.Rəsulzadənin anım günündə Müsavat rəhbərliyi ilə toplantı keçirmək istədiyini deyib.
Namidə BİNGÖL