Modern.az

“Bölgə gülməcələri” - Qazaxda yaranan lətifələr - RUBRİKA

“Bölgə gülməcələri” - Qazaxda yaranan lətifələr - RUBRİKA

31 Yanvar 2015, 15:13


Modern
.az saytı “Bölgə gülməcələri” adlı yeni rubrikaya start verir. Rubrikanın məqsədi oxucuları Azərbaycanın hər bir bölgəsində yaşanan real, məzəli əhvalatlarla tanış etmək, hazırcavab lətifə qəhrəmanlarını görüşünüzə gətirməkdir. İlk təqdimatı söz sərraflarının məmləkəti olan Qazaxdan edəcəyik. Qazaxın məzəli əhvalatlarını çox zaman xalq şairi Hüseyn Arifin adı ilə bağlasalar da, Molla Mədəd, Kor Mədəd, Çoban İrvam, Əsgər dayı, Yusif müəllim, Xurroy Musa kimi lətifə qəhrəmanları da var. Hər təqdimatda hər bölgənin öz dialekti, şivəsi və orijinal danışıq tərzi qorunub saxlanılacaq.

***

Bir zamanlar İncəlidə elektrik qıtlığı yaşanırmış. Ancaq axşam tərəfi işıqları yanarmış, onu da tez-tez söndürərmişlər. Artıq adət halını almışdı, işiq sönən kimi hamı – “bıy çıraan keşsin, ay işığı söndürən”, - deyıb qarğayarmışlar. Kəndin montyoru “Mantyor Xalıl”ın bu işdə günahı olmasa da, hamı ona gileylənərmiş. 
Günlərin birində Həmzə kişi arvadı Xədicəylə Bakıya gəliblərmiş. Metroya düşəndə necə olursa işıqlar sönur. Özündən aslı olmayaraq Xədicə  arvad bərkdən qışqırır:
- Gözün işıq görməsin a Xalıl, gəlib burdadamı işığı keçirtdin?...

***

Xurroy Musa bazara gedibmiş. Bazardan xeyli ayın-oyun alıb yaxınlaşır lobya satan arvada:
- A bajı, bu lovyalar neçəyədi?
Lobya satan arvad başını qaldırmadan:
- Qardaş, bax bu lovya bir manatadı, bunlar isə səhsən qəpiyə.
Musa kişi lobyalarda bir fərq görməyib bir də soruşur:
- Ağrın aleem, bunlar eyni şey döymü, niyə bu lobyanı baha sateersən?
Satıcı arvad başını qaldırib kişiyə baxır:
- Ay qardaş, bir manata olan atlı lobyadı, səhsən qəpiyə olan piyada lobyadı, hansından çəkim?
- A bala, lovyanı minif səyirdəsi deyiləm ki, o piyada lovyadan bəri elə.

****

Nadir kolxoz sədri olan vaxtı kolxozun sahələrini gəzərkən görür ki, üzümlüyə heyvan daraşıb. Axşam Əsgər kişini yanına çağırır:
- Əsgər kişi, bu gün cüryəllidəydim. Üzümluyə heyvan düşmüşdü, bə sən harya baxırsan?
- Pəhəə. Ayə, a Nədir, mən Xidir Nəbiyəmmi ki, sən hardasan, mən də orda peyda olum.

***

Həmşəri müəllim (əsl adı Alı idı) yazdığı şeirləri oxumağa adam gəzərmiş. Özü yaxşı bilirdi ki, şagirdləri Pənah (indi kəndin baş həkimidi), Rüstəm (Qazaxlı Rüstəm) və aşıq Nazim əsl şeir xiridarlarıdırlar. Odur ki, hərdənbir hinduşka kəsdirib onları evinə qonaq çağırar, şeirlərini onlara oxuyarmış. Dostları da hinduşkadan yeyib, zoğal arağından vurar, sonra da Həmşəri müəllimi tərif leysanlarına qərq edərlərmiş.
Bir gün də belə bir məclis qurur Həmşəri müəllim. Yenə tərif leysanları başlayır. Vəcdə gəlmiş Həmşəri müəllim üzünü Nazimə tutub soruşur:

- Aşıq Hazim, düzünü de görüm, Səməd Vurğun yaxşı şairdi, yoxsa mən?

Könlünü qırmasın deyə Nazim çox ehtiyatla deyir:

- Ustad, sən özün çox böyük şairsən, amma Səməd Vurğun azacıq səndən yaxşı yazır.

Cavabdan pərt olan Həmşəri müəllim:

- Off, off a quloyşa (yaltaq) Qaymaqlılar, həm çörəyimi yeyirlər, hən də məni bir Salahlı gədəsinin ayağına verirlər, - deyib bərk qəzəblənir.

Bu gülməcələrə görə qazaxlı şair Məmməd Dəmirçioğluna təşəkkürlər. Madam ki, Qazax gülüşündən danışdıq, onda gərək Hüseyn Arifin də adını çəkək:

Gənc şairlərin birinin toyunda Hüseyn Arif tamada olur. Bir az yeyib-içəndən sonra bəyin sağlığına badə qaldırır.

- Başınıza and olsun, belə oğul yoxdur dünyada. Mən onu çox yaxşı tanıyıram. Bakıda gəzmədiyi qız qalmayıb. Lap yaxşı eləyib başını bağlayırsınız. Bunun ipini açıq qoymaq olmaz.

***

Ovçular səhər tezdən ova gedəcəklərinə görə axşamdan yatmağı qərara alırlar. Hava soyuq imiş. Ona görə pəncərələrin dal taxtalarını bağlayırlar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer salırlar. Hüseyn Arifə çarpayıda yatmağı məsləhət görürlər. O isə “bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzanıb yorğana bürünür. 
Yoldaşları ona deyirlər: “Pəncərənin yanında yatma, soyuq olar”.

Hüseyn inadından dönmür.
Gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsləyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.
- Yox, hələ qaranlıqlıdır, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldıracam.
Aradan bir az keçir, yenə kimsə oyanır.
- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?
Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.
- Yox, hələ qaranlıqdır. Yıxıl yat, işıqlaşanda özüm qaldıracam.
Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.
Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.
- Ə, nə hay-haray salıbsınız, görmürsünüz hələ qaranlıqdır?
- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan
- Elə şey olmaz, - deyə Hüseyn Arif təəccüblənir və indi başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.
Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.
-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.
Hava  isə çoxdan işıqlanmışdı.
 

Hazırladı: Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI