Nəsib NƏBİOĞLU
“İlahi, Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız Bir az yatmaq istəyirəm...”
Vaqif Səmədoğlu
Bu şair
Bu gedimli, bu gəlimli dünyadı,
Həm sevincli, həm zülümlü dünyadı,
Bilirdi ki, bu ölümlü dünyadı,
Ölümünü gözləyirdi bu şair.
Bu dünyanı bildiyitək ağlatdı,
Misrasına kədər qatdı, qəm qatdı,
Dostlarını gülə-gülə aldatdı,
Ölümünü gözləyirdi bu şair.
Sandı göylər dərdlərinin çarəsi,
Sağalmadı torpağ adlı yarası,
Bu gen dünya dörd divarın arası,
Ölümünü gözləyirdi bu şair.
Tanrısının, allahının quluydu,
Getdiyi yol həqiqətin yoluydu,
Bu dünyanın hər üzündən halıydı,
Ölümünü gözləyirdi bu şair.
Gözləyirdi göz yaşını tökmədən,
Gözləyirdi dərd-sərini sökmədən .
Gözləyirdi qamətini bükmədən,
Ölümünü gözləyirdi bu şair.
Dedi yatsın, ərşə qalxdı yuxusu,
Xəyalında min çiçəyin qoxusu,
Kəlbəcərin həsrətiydi qorxusu,
Ölümünü gözləyirdi bu şair.
İstəmirdi rəngi qaçsın sozalsın,
İstədi ki,əllərinə saz alsın,
Dedi,- yatım, ağrılarım azalsın,
Ölümünü gözləyirdi bu şair.
Həsrət gördüm,ağrı duydum sözündən,
Nur düşürdü cöhrəsindən, üzündən,
Qayğıları tökülürdü gözündən,
Ölümünü gözləyirdi bu şair.
Gül-gül idi şeirinin ilməsi,
Mənalıydı lətifəsi, gülməsi,
Qarabağdı bu şairin qilbəsi,
Ölümünü gözləyirdi bu şair.
Bu dünyanın səsi nədir, eşqi nə?
Biləmmədi nələr düşdü püşkünə,
Üz çevirdi bir allahın eşqinə,
Ölümünü gözləyirdi bu şair.
Vurğunuyla görüşməyə tələsdi,
Gördüyünü bölüşməyə tələsdi,
Tanrısına yetişməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Üzün tutub ulduzlara gedirdi,
Öz tapdığı avazlara gedirdi,
Yalqız olub,yalqızlara gedirdi,
Ölümünü gözləyirdi bu şair.
Həyat başqa, şair başqa aləmmiş,
Misra-misra ruhumuza ələnmiş,
İstəyinə,sevgisinə bələnmiş,
Ölümünü gözləyirdi bu şair.
Qara rüzgar hansı yanda de əsdi,
Taleyindən nə incidi, nə küsdü,
Bu dünyanı tərk etməyə tələsdi,
Ölümünü gözləyirdi bu şair.
Allahından gileyləndi arabir,
Bir sinədə yara mindi, yara bir,
Sinə alda bir məzarlıq min şeir,
Ölümünü gözləyirdi bu şair.
Moskva, 28.01.2015