Modern.az

Zakir Həsənov: “Şəhidlərin qisası alınır və bundan sonra da alınacaqdır”

Zakir Həsənov: “Şəhidlərin qisası alınır və bundan sonra da alınacaqdır”

2 Fevral 2015, 10:06


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2 fevral - Gənclər günü münasibətilə Silahlı Qüvvələrdə xidmət edən gəncləri təbrik edib.

Modern.az-ın məlumatına görə, nazirin təbrikində deyilir ki, gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində prioritetdir.

“Bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər. Silahlı Qüvvələrdə xidmət edənlərin böyük hissəsi gənclərdir. Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.
Azərbaycanın ərazi bütövlüyü qorunmasında, düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərinə Vətən üçün layiqli övladlar böyütdüklərinə görə bir daha minnətdarlığımı bildirirəm. Şəhidlərin qisası alınır və bundan sonra da alınacaqdır.
İnanıram ki, Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarımızda dalğalandıracaqlar”.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza