Modern.az

“İspaniya bizim tərəfimizdədir”- Barselonada magistr təhsil almış ilk azərbaycanlı politoloq - MÜSAHİBƏ

“İspaniya bizim tərəfimizdədir”- Barselonada magistr təhsil almış ilk azərbaycanlı politoloq - MÜSAHİBƏ

Qarabağ

2 Fevral 2015, 11:13


Modern.az
-ın müsahibi Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu İctimai Birliyinin sədri, Barselona Universitetində siyasi təhlil üzrə magistr təhsil almış ilk azərbaycanlı politoloq Mahir Qurbanovdur.

- Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu İctimai Birliyi nə zamandan fəaliyyət göstərir?

- Təşkilatımız  artıq bir neçə ildir ki,  fəaliyyət göstərir. Ədliyyə Nazirliyindən 2011-ci ildə qeydiyyatdan keçmişik.  Digər təşkilatlar kimi, bizim də təşkilatın öz prioritetləri,  prinsipləri, məqsədləri var. Məqsədimiz ispan və portuqal dilli gənclər arasında əməkdaşlıq, ünsiyyət, dostluq yaratmaqdır.  Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın zəngin tarixi, mədəniyyəti, iqtisadiyyatı, inkişafı ilə bağlı həqiqətləri onlara çatdırmaqdır.

İki ildən bəri fəaliyyət göstərən təşkilat hansı layihələrə imza atıb, fəaliyyəti nədən ibarət olub?

- QHT olaraq ilk fəaliyyətimiz o oldu ki, Azərbaycan Diplomatik Akademiyanın kitabxanasında “Mədəniyyətlərarası dialoq” layihəsini həyata keçirdik.  Bu layihədə həm Azərbaycandan olan müəllim və tələbələr, diplomatik korpus nümayəndələri, həm də İspaniya, Meksika, Salvadordan qonaqlarımız iştirak edirdi. Tədbridə “Oskar”a layiq görünmüş Argentina istehsalı olan “Onun gözlərinin sirri” filmini nümayiş etdirdik. 

Sonra isə ispan dilli ölkələrlə azərbaycanlı gənclər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.  Əsasən mədəniyyət əsaslı layihələr həyata keçiririk.  Latın Amerikalı gəncləri Azərbaycanın zəngin tarixi, mədəniyyəti barədə məlumatlandırmağa çalışırıq.  Onu da deyim ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən həmişə dəstək görmüşük.  

Yeri gəlmişkən qarşıdan Xocalı soyqırımın ildönümü gəlir. Erməni vəhşiliklərini ispan və portuqal dilli ölkələrin gənclərinə çatdırmaq istiqamətində nə kimi təşəbbüslər edirsiniz?

- Bir məsələni xatırlatmaq istərdim. Barselona Dövlət Universitetində təhsil aldığım zamandan Barselonadakı  “Mollet del Valles” Dövlət Radiosu ilə gənc politoloq kimi əməkdaşlıq edirdim. Keçən il Xocalı soyqırımının ildönümü ərəfəsində, 25-26 fevralda həmin radioda çıxışlarım oldu. Çıxışımı 116 dəfə köçürdülər.  Bunu 2014-cü il üçün rekord hesab etmək olar.  Çıxışımdan sonra studiyaya çoxlu sayda zənglər olmuşdu, kimin haqlı, haqsız olduğunu bildirirdilər.  Martın 5-də həmin radioya növbəti dəfə dəvət olundum. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev bildridi ki, sən ilk azərbaycanlısan ki, Xocalı soyqırımı ilə bağlı radioda çıxış edirsən. Bir müddət sonra isə “Badalona” Dövlət Televiziyasına dəvət edildim.  Orada da Azərbaycan-İspaniya və Badalona şəhəri gəncləri arasındakı əməkdaşlıq, tələbə mübadiləsi barədə müzakirələr aparıldı.  Əsas məqsədimiz ondan ibarətdir ki bizi tanıyan insanlar tariximizlə, mədəniyyətimizlə daha yaxından məlumatlı olsunlar.  

Bu sizin keçən ilki fəaliyyətinizlə bağlı açıqlamalarınız idi. Xocalı soyqırımının ildönümü ilə bağlı növbəti dəfə hansısa çıxışınız olacaqmı?

- Böyük ehtimalla İspaniya radiosundan mənimlə əlaqə saxlayıb Xocalıyla bağlı növbəti müsahibəmi götürəcəklər.  Bu günlərdə “Radio Juventud Gran Canaria” radiosundan zəng etmişdilər.  Azərbaycanın iqtisadi inkişafı, 2015 Avropa Oyunlarına hazırlıq,  Dağlıq Qarabağ münaqişəsi barədə danışdım.  Xocalı soyqırımı ilə bağlı daha ətraflı danışmağa çalışacağam.  Məqsədimiz İspaniya və ispan dilli KİV ilə yaxından əməkdaşlıq etmək, Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı həmin ölkələrin cəmiyyətini məlumatlandırmaqdır.  

Siz Barselona Dövlət Universitetinin məzunusunuz, oranın siyasi təhlil ixtisası üzrə magistr pilləsini bitirmisiniz. İspaniyanı yaxından tanıyan biri kimi hazırda Azərbaycan- İspaniya əlaqələri barədə nə deyərdiniz?

- Onu deyə bilərəm ki, əlaqələrimiz qənaətbəxşdir, bəlkə də daha da yüksək səviyyədədir. 1992-ci ildə İspaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrimiz quruldu.  1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu əlaqələr daha da genişləndi. İspaniya ilə ən çox ticari əlaqələrimiz yüksək səviyyədədir. Siyasi arenada da İspaniya bizim tərəfimizdədir,  ərazi bütövlüyümümüzü tanıyır, torpaqlarımızın Ermənistan tərəfindən işğal olduğunu bilir.  Bildiyinzi kimi Azərbaycan  Madrid “Atletiko” futbol klubunun  sponsuru olmuşdu və bu da böyük bir təkan idi bizim üçün. Turizm baxımından İspaniya aparıcı dövlətlərdən biri hesab olunur.  Azərbaycan da məhz bundan istifadə edə bilər.  

Turizm demişkən, İspaniyanın Azərbaycanda səfirliyi olmadığı üçün bu ölkəyə səfər etmək istəyən turistlər digər səfirliyə müraciət etməli olurlar. Nəticədə həmin səfirlik bir çox hallarda səbəbsiz yerə viza verməkdən imtina edir.  Bu problemi necə həll etmək olar?

- Diplomatiyada əsas məqsəd səbr və təhlildən ibarətdir. Avropa İttifaqının sistemi başqa formada idarə olunur.  Düşünürəm ki, hazırda İspaniyanın Bakıda müvəqqəti işlər üzrə vəkili fəaliyyət göstərirsə, yaxın gələcəkdə səfirlik də açılacaq.   

Sizcə bununla problem həll olunacaq?

- Düşünmürəm ki, hazırda böyük bir problemimiz var. İspaniya Azərbaycanın maraqlarını qoruyur. Həm də səfirlik qardaş Türkiyədə yerləşir. 

Amma Hollanidyanın burada səfirliyi fəaliyyət göstərsə də, o ölkəyə getmək üçün vizanı başqa ölkə verir. Bu da yenə problem yaradır.  Düşünürsünüz ki səfirlik açılarsa vizayla bağlı problem öz həllini tapacaq?

- Mən politoloq kimi suala cavab verməyə çalışdım, çünki diplomat deyiləm.  Yenə də düşünürəm ki iki ölkə arasında elə də böyük problem yoxdur. Ölkəmizə böyük axın var. İspaniyanın qabaqcıl tikinti şirkətləri Azərbaycanda fəaliyyət göstərir və burada işləməkdə maraqlıdırlar.  

Necə düşünürsünüz, digər ispandilli ölkələrlə əlaqələrimizi qənaətbəxş hesab etmək olar?

- Düşünürəm ki onlarla da əlaqələrimiz yüksək səviyyədədir.  Çünki bizim Latın Amerikasında bir neçə səfirliyimiz fəaliyyət göstərir.  2012-ci ildə Argentina-Azərbaycan biznes forumu keçirilmişdi. Meksika ilk Latın Amerikası ölkəsi olaraq Xocalı soyqırımını tanıdı.  Daha sonra Kolumbiya, Peru tanıdı. Bunlar bizim ağrımızı tanıyırlarsa, əlaqələrimiz də var.  Azərbaycanın inkişafını görən ölkələr bizimlə əməkdaşlıqda maraqlıdırlar. Digər tərəfdən, ölkəmizdə gənclərə yüksək şərait yaradılır. Bu günkü gənc sabahın diplomatı, siaysətçisi ola bilər.  Fevralın 2-də, yəni bu gün 25 yaşım tamam olacaq. 

Azərbaycan gəncləri günündə...

- Bəli, bu 25 yaşımda 5-6 xarici dil bilirəmsə, digər nailiyyətlərim varsa, təbii ki bu insanın özündən aslıdır. Bu nailiyyətlərin də arxasında Allahın köməyi, valideynlərin  və biz gənclərin dostu prezident İlham Əliyevin dəstəyi var. Hazırda gənclərə böyük dəstək var.

L.SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu