Modern.az

İqtisadçıdan İTTİHAM: “Dünyanın heç bir Mərkəzi Bankı bunu etmir...”

İqtisadçıdan İTTİHAM: “Dünyanın heç bir Mərkəzi Bankı bunu etmir...”

2 Fevral 2015, 14:53

“Hamı Mərkəzi Bankın yanvarın 1-də lisenziyası ləğv olunan bankların adını açıqlayacağını gözləyirdi, müddət yanvarın sonuna qədər uzadıldı, amma hələ də bir nəticə hasil olmayıb və artıq fevral ayıdır. Mərkəzi Bankın 5 bankın bağlanacağı ilə bağlı uzun müddət susması izahedilən deyil”.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

O, vurğulayıb ki, Mərkəzi Bank 5 bankın bağalanacağı ilə bağlı açıqlama yaymamalı idi: “Çünki praktiki olaraq 2015-ci ilin əvvəllərində həmin bankların lisenziyasının geri alınması və bununla bağlı rəsmi açıqlama verməli idi.
Təəssüf ki, yalnız bankların bağlanacağı barədə rəsmi məlumat verildi. Hansı bankdır, lisenziyası nə vaxt geri alınacaq və digər məsələlər hələ də öz həllini tapmayıb. Bu isə Azərbaycanda bank sektoruna olan inamı azaltmaqdan başqa heç nəyə xidmət etmir”.

İqtisadçı qeyd edir ki, bank tərəfindən hər hansı açıqlama verilməməsi arzuolunmaz nəticələrə aparır: “Çünki kommersiya banklarında 7 milyona yaxın vətəndaşın depoziti var. Arzuolunmazdır ki, Mərkəzi Bank 5 bankın bağlanacağını bildirir, hansılardır ona aydınlıq gətirmir. Nəticə etibarilə banklarda depoziti olan vətəndaşlar təlaşa düşür. Bəlkə də onların əmanətləri bağlanacaq banklarda deyil, amma hər hansı açıqlama verilməməsi nigaranlıq yaradır.

Nəzərə almaq lazımdır ki, əmanətçilərin hamısı heç də məcmu kaipatalla bağlı məlumatlı deyillər, onların çoxu informasiya aldıqdan sonra məsələni təhlil etmirlər.

Mərkəzi Bankın lisenziyası geri alınacaq banklarla bağlı rəsmi açıqlama verməməsinin səbəbi anlaşılmazdır. Əvvəl 5 deyildi, sonra 3-ə endirildi. Fərqi yoxdur. Lap 1 bankın lisenziyası geri alınacaqsa belə, açıqlama mütləqdir”.

Vüqar Bayramov deyib ki, ümumiyyətlə, dünyanın heç bir Mərkəzi Bankı lisenziyası alınmamışdan əvvəl belə bir açıqlama vermir: “Rəsmi məlumat yalnız lisnziyalar geri alındıqdan sonra yayılır. Bizim Mərkəzi Bank isə vətəndaşı nigaran etməkdən başqa bir işə yaramayan açıqlama yaydı. Bu isə ona gətirib çıxarır ki, əmanəti bağlanmayacaq bankda olan vətəndaş belə nigarandır”.

İqtisadçı “ola bilərmi ki, Mərkəzi Bank, ümumiyyətlə, hansısa bankın bağlanmayacağını açıqlasın” sualına cavab olaraq bildirib: “Nəticə bəlli deyil. Amma belə olacaqsa, onda sual yaranır: “Nə üçün Mərkəzi Bank məcmu kapitalın 50 milyona çatdırılmasına dair tələb qoydu?” Hesab edirəm ki, məcmu kapitalı 10 milyona yaxın olan bankaların bağlanması qaçılmazdır. Amma bütövlükdə Mərkəzi Bankın məsələni bu qədər yubatmasını hansısa sözlə ifadə etmək mümkün deyil”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...