Vaşinqtonda Kennan İnstitutunun təşkilatçılığı ilə təşkil edilən “Ukraynadan sonra Cənubi Qafqazda təhlükəsizlik və enerji məsələləri” adlı konfransda Qarabağ münaqişəsi amerikalı ekspertlərin əsas müzakirə mövzusu olub.
Modern.az-ın məlumatına görə, konfransdakı çıxışı zamanı ABŞ Xarici Siyasət Şurasının eksperti Stefan Blank iddia edib ki, Rusiya Qarabağ münaqişəsinin bütün tərəflərinə silah satıb və Çernoqoriyadan münaqişə tərəfləri üçün silahla dolu təyyarələrlə 38 dəfə uçuşlar edib. Ekspert Azərbaycanın fantastik qiymətlərlə Rusiyadan yüksək texnologiyalı silah almasını, Ermənistanın isə çox sərfəli qiymətlərlə bir az daha köhnəlmiş silah aldığını bildirib. “Belə ki, qəribə səslənməsinə baxmayaraq, Azərbaycan Rusiyadan silah alaraq dolayı yolla Ermənistana kömək edir” - Blank deyib. Onun sözlərinə görə Qarabağda müharibə başlayarsa, Rusiya birbaşa müdaxilə edə bilər və bu müharibə özü daha böyük fəlakətə səbəb olacaq. Amerikalı ekspertin fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “Моskvа qeyri-qanuni, lakin dondurulmuş Dağlıq Qarabağ münaqişəsini saxlamağı arzu edir”.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) Rusiya və Avrasiya proqramının direktor müavini Jeffrey Mankoffun sözlərinə görə, Rusiya Ermənistana güclü bir mesaj göndərir ki, yalnız onun təhlükəsizliyinin təminatçısıdır.
Ekspert Stefan Blank rəsmi Vaşinqtonun Cənubi Qafqazda passiv rolunu tənqid edərək bildirib ki, ABŞ-ın passivliyi Qafqazda onun zəifliyi kimi görünür: “Bölgədə Cənubi Qafqaz ölkələrinə ABŞ-ın biganəliyi, eyni zamanda regionda Rusiya və İranın mövqelərinin gücləndirilməsinə gətirib çıxarır ki, bu da Amerikanın zəif olması kimi qəbul olunacaq”.
Bununla yanaşı, Vurdro Vilson mərkəzinin eksperti Audrey Alstad təkilf edir ki, Vaşinqton müzakirə masasına tərəfləri oturtmalı və vasitəçilik səylərini gözləmədən Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında birbaşa danışıqları asanlaşdırmalıdır.
Şahin Qocayev