Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda spirtli içkilər, siqaretlə bağlı müəyyən qadağalar mövcuddur: “Hətta “Reklam haqqında” qanun qəbul ediləndə spirtli içkilərin reklamına yalnız gecə icazə verildi, tütün məmulatlarının reklamını isə qadağan etdik.
Əlbəttə, aksiz dərəcələrinin artırılması qızıl, brilliant, platin, içki, siqaret və tütün məmulatlarının qiymətinə mütləq təsir edəcək. Bu baxımdan adını çəkdiyim məhsullar, xüsusilə qızıl və brilliantın qiymətində artım olacaq. Bahalaşma sırf aksiz vergisinin artırılması ilə əlaqələdir”.
Maraqlıdır, Rusiya kimi ölkədə spirtli içkilərin qiymətində ucuzlaşma müşahidə edildiyi bir vaxtda Azərbaycandakı bahalaşamanın səbəbi nədir?
Deputat Rusiyada içki sektorunda ucuzlaşmanın olduğunu təstiqləyib: “Doğrudur ucuzlaşma var. Bu, ölkədə yaranmış ictimai-siyasi vəziyyətlə birbaşa bağlıdır. Hazırda Rusiyada spirtli içkinin minimum qiyməti 185 rubldur”.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında etdiyi dəyişikliklərə əsasən bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırılıb, bəzilərində isə əksinə, aşağı salınıb.
Belə ki ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.
Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.
Həmçinin viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20% artaraq 4,8 manatdan 6 manata qaldırılıb.
Nazirlər Kabinetinin qərarı ilə siqaretlər və tütün məmulatlarının aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.
Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəfdən, bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.
Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib.
Gülşən RAUFQIZI