Milli Məclisin dünən keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin Azərbaycanda idman mərc oyunlarının ləğv olunması ilə bağlı təklifi cəmiyyətdə alqışla qarşılanıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də Modern.az-a açıqlamasında həmkarına dəstək verib:
“Qüdrət Həsənquliyevin qaldırdığı məsələdə onunla tamamən şərikəm. Onu da qeyd edim ki, bir müddət əvvəl həmkarımız Məlahət İbrahimqızı da bu məsələni qaldırıb.
Bu cür faktlara respublikanın istənilən yerində rast gəlinir, bölgələr üzrə deputatlara bu yöndə çox sayda şikayətlər daxil olur. Xüsusilə də tələbələrin bu tip mərc oyunlarına cəlb olunması xoşagələn deyil. “Topaz”ın və digər totalizatorların aktiv şəkildə öz fəaliyyətini genişləndirməsi gənclərimizin belə qumar oyunlarına aludəçiliyini artırır, onları tədrisdən yayındırır. Ən pisi də odur ki, bu tip oyunlar zamanı onlar həm də digər pis vərdişlərə alışırlar”.
Deputat qeyd edib ki, “Topaz” ailələrin müflisləşməsinə gətirib çıxarır: “Gəncədə belə ailələrin sayı onlarladır. Həmin ailələr həm icra hakimiyyətinə, həm deputatlara, həm Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına müraciətlər ünvanlayır və köməklik göstərilməsini istəyirlər.
Valideynlər deyirlər ki, tələbələr evdən təhsil haqlarını götürüb “Topaz” oynayırlar. Başqa bir təhlükə odur ki, nəzarət olunmayan və qeydiyyatdan keçməyən totalizatorların sayı durmadan artır. Hesab edirəm ki, polis və vergi orqanları bu sahəyə nəzarətini gücləndirməlidirlər. Belə qumarxanaların fəaliyyəti tamamilə aradan qaldırılmalıdır. Qanunvericilik baxımından Nazirlər Kabineti bu sahəni tənzimləyən əsasnaməsində, yaxud da bədən tərbiyəsi və idman haqqında qanunda müvafiq dəyişiklik etməlidir. Dəyişikliklərlə bağlı aşağıdakı təklifləri irəli sürürəm:
1. “Topaz” oyunlarında iştirak üçün yaş həddi qaldırılsın. İndiki qadağa 18-ə qədərdir. Hesab edirəm ki, 21 yaşa qədər yeniyətmələrin oyunlarda iştirakına qadağa qoyulmalıdır ki, tələbələr bu işdən kənarda qalsınlar;
2. Belə mərc oyunlarının keçiriləcəyi yerlər təhsil müəssisələrindən ən azı 500 metr məsafədə yerləşdirilsin. Çünki bizdə olan məlumata görə, orta məktəb şagirdləri də bu oyunlara cəlb olunur. Bu isə çox təhlükəlidir. Uşaqlar evdən pul oğurlayır, dərsdən yayınır, həmçinin psixoloji cəhətdən gərgin olurlar. Çünki insan hər dəfə mərcə pul qoyanda səbirsizliklə nəticə gözləyir. Uduzanda isə valideynlərinə yalan danışmağa məcbur olur, ya da oğurluğa gedir. Çünki evdən müəyyən xərcləri üçün götürdüyü pulu artıq qumarda uduzub;
3. Gənclər və İdman nazirliyi, əlaqədar qurumlar gənclərin asudə vaxtının səmərəli keçirilməsinə diqqəti artırsınlar. Yeniyetmə və gənclərin bu tip oyunlara meyl etməməsi üçün daha çox maraqlı məşğuliyyətləri olsun.
Baş verənlərlə bağlı “Topaz”la əlaqə saxlasaq da, şirkət rəsmiləri hər vəchlə münasibət bildirməkdən yayındılar.
Bu səbəbdən də Gənclər və İdman Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova saytımıza açıqlamasında bildirdi ki, nazirlik bu işlərə baxmır: "“Topaz”la əlaqə saxlayın".
Gülşən RAUFQIZI