Modern.az

Necə dolanırsınız? - Tərcüməçilərin “üsyanı”: “Ən böyük problem qonorar məsələsidir”

Necə dolanırsınız? - Tərcüməçilərin “üsyanı”: “Ən böyük problem qonorar məsələsidir”

Təhsil

3 Fevral 2015, 15:56


Modern.az
 saytı “Necə dolanırsınız?” rubrikasını davam etdirir.  Hər gün müxtəlif peşə sahibləri tanışlarla rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu dəfə oxşar sualla bədii tərcümə ilə məşğul olan adamlardan cavab istədik...

Şair tərcüməçi Cəlil Cavanşir Tərcümə Mərkəzinin ölkədə tərcümə bazarını canlandıra biləcəyinə ümid edir: “Yaradıcı insanların problemləri saymaqla bitməz. Bu gün bədii tərcümə ilə məşğul olanların böyük əksəriyyəti yaradıcılıqla da məşğul olan insanlardır. Çünki şair, yazıçı kimi pul qazanmaq mümkün deyil. Ən böyük problem qonorar məsələsidir. Nəşriyyatlar öz imkanlarına görə qonorar verir və bu da tərcüməçini təbii ki, qane etmir. Nəticədə tərcüməçi daha çox işləməyə məcbur olur. Bu isə keyfiyyətə mənfi təsir edir. Ümid edirəm ki, Tərcümə Mərkəzi ölkədə tərcümə bazarını canlandıra biləcək. Yaradıcı adamların yükləndiyi bütün sosial problemlər tərcüməçilər üçün də aktualdır.”

Yazıçı kulturoloq, kitabxana.net saytında, daha doğrusu onlayn kitabxanasında xeyli sayda tərcümələrin müəllifi olan Aydın xan Əbilov bəzən kiçik bir hekayənin tərcüməsinə aylarla vaxt sərfg etdiyini bildirir. O, bununla tərcümənin nə qədər çətin sahə olduğunu göstərsə də, bir o qədər də dəyər verilmədiyini diqqətə çatdırır: 

“İstər Yazıçılar Birliyinin ədəbi orqanları, istərsə də müxtəlif saytlarda həm öz yaradıcılığımızın orijinal nümunələri, həm də dünya xalqlarından etdiyimiz tərcümələrlə bağlı bu cür problemlər yaşanıb. Çünki tərcümə çox çətin bir prosesdir. Bir yazını, hətta həcmcə balaca yazını canlandırmaq üçün adama aylarla vaxt lazım olur. Bu baxımdan Azərbaycan tərcüməçiləri, intellektuallıq, kreativlik tələb edən bu sahə ilə məşğul olduğu zaman onların sosial problemləri həll etməyə zamanı azalır. Tərcüməçi də real insandır, onun da ailəsi, övladları var, onun da ailəsində kimsə xəstələnə bilər. Bu mənada Azərbaycan tərcüməçiləri bir qisim yazıçılarımız kimi çox böyük problemlər yaşayırlar. Bu gün tərcümə sənəti ilə dolanmaq çox çətindir. Düzdür, cənab prezidentin sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı seriyası tərcüməçilərin bir qisminə müəyyən qədər qonorar qazandırdı.

Amma dünya praktikasına baxanda, xarici ölkələrdə tərcüməçilərə verilən qonorara nəzər yetirəndə görürük ki, bizdə tərcüməçinin qazancı həddindən artıq azdır. Fikir vermisinizsə, hazırda bizdə tərcümələrin keyfiyyəti çox aşağıdır. Bu da ondan irəli gəlir ki, az maddi qazanc üzündən tərcüməçi öz işinə ya həvəskar, ya da boş vaxtını öldürmə vərdişi kimi yanaşır

Bu səbəbdən tərcüməçilər sosial problemini təmin etmək üçün müxtəlif sahələrdə çalışmağa məcbur olur. Şəxsən mən Borxesin kiçik bir hekayəsini üç variantda tərcümə etdim və bu üç aya yaxın vaxtımı apardı. Mən Borxesdən, Kavabatadan, Koreya poeziyası, yapon nəsrindən kiçik həcmli əsərlər tərcümə edərkən onun maddi tərəfini düşünməmişəm. Çünki ən azından işləyirdim və özümü birtəhər dolandırırdım. Amma bütün bunlarla yanaşı, düşünürəm ki, tərcüməçi öz çətin işinin müqabilində mütləq yaxşı qonorar almalıdır ki, öz ailəsinin maddi təminatını ödəyə bilsin. Bu isə Azərbaycanda hələ ki mümkün deyil. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb. Gözləmək olar ki, o qurum müxtəlif müsabiqələr və layihələr təşkil edəcək. Tərcüməçilər də orada iştirak edib maddi qazanc əldə edə bilərlər”.

Bir müddət tərcümə sahəsində məhsuldar fəaliyyət göstərən şairə-tərcüməçi Rəbiqə Nazimqızı da maddi problem səbəbindən bu sahədən uzaqlaşıb. Amma yenidən tərcüməyə qayıdacağına ümidlidir: “Hazırda tərcümə çox məşğul olmuram, vaxtım da yoxdur. Saytların birində redaktoram, amma çox istərdim ki, maddi problemlərim olmasın və sırf bədii tərcümə ilə məşğul ola bilim”.

Artpress.az saytının rəhbəri Səxavət Sahilin fikincə, yalnız yüksək maliyyə keyfiyyətli tərcüməni yarada bilər: “Tərcüməçilər yazarlar kimi sosial problemlər məngənəsində sıxılmaqdadır. Onlar öz maddi durumunu bu sahə ilə təmin etdiyi üçün çətinliklərlə üzləşirlər.  Hər şeydən əvvəl onlara verilən mətni tərcümə etməyə məcburdurlar. Tərcüməçinin seçim imkanı olmayanda, ürəyi istədiyi tərcüməni eləyə bilməyəndə, bu işin keyfiyyətinə təsir edir. Elə tərcüməçilər var ki, özlərinin seçdiyi, bəyəndiyi əsərləri tərcümə eləsə də, onu nəşr etdirə bilmir, normal qonorar ala bilmir. Bu da tərcümənin əsas problemlərindən biridir.
Məncə, burda hər şeydən əvvəl keyfiyyət əsasdır. Keyfiyyətli tərcümə üçün yaxşı maliyyə və zövq olmalıdır”.

Sosial problemini təmin edə bilmədiyi üçün tərcümədən müvəqqəti də olsa uzaq duran Rüfət Əhmədzadə bu sahənin az gəlirli olmasını konkret faktlarla sübur etməyə çalışır:

“Xərclərim o qədərdir ki, imkan edib noutbuk ala bilmirəm. Amma deyim ki, tərcüməyə görə verilən qonorar çox azdır. Dolanmağa bədii tərcümə işləri bəs eləmir  Məcbur olursan, daimi iş yeri tapasan. O iş də bədii tərcüməyə olan marağını  ikinci, üçüncü, nə bilim neçənci plana atır.

Müştəri yoxdur. Saytlar etdiyin tərcümə ilə maraqlanmır, verəndə də minnətlə, həftələrlə saxladıqdan sonra dərc edirlər. Qonorar da yoxdur. Polyak ədəbiyyatından hekayələr tərcümə edirəm. Amma maraqlanan yoxdur deyə atıram kənara. Öz puluma dərc edəcəyəm, amma daha kiməsə ağız açmayacam. Köşə yazıları qaralamaq indi bədii tərcümədən daha çox “pullu iş” sayılır”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir