Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi keçirilib. Modern.az saytına açıqlamasında vəkil Şəhla Hümbətova bildirib ki, hakim Fikrət Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev də iştirak edib:
“Məhkəmə prosesin keçirilməsi üçün böyük iclas zalı verilməsi, İntiqam Əliyevin barmaqlıqlar arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsi barədə vəsatətləri təmin etdi.
İntiqam müəllim məhkəməyə elə bir vəziyyətdə gətirilmişdi ki, ona dərman verdik. İstədik ki, proses təxirə salınsın, buna İntiqam müəllim özü razı olmadı. Məsələ qaldırdıq ki, İntiqam Əliyevin səhhəti ilə əlaqədar daha əlverişli maşınla məhkəməyə gətirilsin. Məhkəmə vəsatəti qəbul edib, Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyini bildirdi.
Məhkəmədə qanunsuz yolla əldə olunmuş sübutların cinayət işi materiallarından xaric edilməsi, İntiqam Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və prosesin audio-video yazı ilə keçirilməsi barədə vəsatətlər qaldırsaq da təmin olunmadı”.
Məhkəmə davam edir.
İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.
Yeganə Oqtayqızı