Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib. APA-nın xəbərinə görə, Əbülfəz Elçibəy prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün “Facebook” səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.
O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Musavat partiyası sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.
M.Zeynalov Müsavat rəhbərliyinin apardığı siyasətə etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bildirib: “Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıb. Milli Şura pis-yaxşı nəsə edirdi. Ancaq Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam”.
M.Zeynalov istefa verməsinə Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin də təsir etdiyini vurğulayıb: “Arif Hacılı tək deyil, orda başqa adamlar da var. Yəni mən məhz Müsavat rəhbərliyinin apartdığı siyasətə görə belə bir addım atmışam”.
Modern.az