Modern.az

Elçilik - yumoristik novellalar - 1

Elçilik - yumoristik novellalar - 1

4 Fevral 2015, 10:34

telejurnalist

Elçilik

Ana qızına deyir:

-          Qızım, sənə bir şad xəbər demək istəyirəm.

-          Nə şad xəbərdir o elə?

-          Qızım, şükür ki, sənin də bəxtin açıldı. Bir azdan elçilərin gələcək. Mən oğlan adamlarını yaxşı tanıyıram. Çox əşyapərəst adamlardır. Buna görə də özümüzü onlara çox zəngin göstərməliyik.

-          Necə, ay ana, nəyimiz var göz qabağındadır.

-          Sən bilməzsən, qızım, bunun yolu var.

-          Yolu var? Heç nə başa düşə bilmirəm.

-          Bəli, var. Qulaq as, elçilər gələndə sənə nə desəm gətir ...

-          Ana, mən otağa gəlməyəcəyəm, elə şey olar, ayıbdır.

-          Nə danışırsan, qızım, indi nə zamandır elçilərdən utanasan. Qızlar var elçilərin başında otururlar, şərt kəsirlər, yadında deyil, Bilqeyisin qızı? Elçilərdən birinin  saçını yolmuşdu.

-          Aaa...

-          Yox, yox. Biz elə çeylərdən uzağıq. Ancaq özümüzü tox göstərməliyik.

-          Heç nə başa düşmədim.

-          Ay qızım, aman verirsən ki, başa salım?..

-          Yaxşı, yaxşı, əsəbiləşmə, de.

-          Bax, yadında saxla. Elçilər gələndə sən də gəl, salamlaş, sonra qulağın məndə olsun.  Nəyi desəm gətir, kimi desəm çağır, bircə kəlmə ilə xəbər al: “hansını?”. Başa düşdün?

-          Başa düşdüm.

-          Əlavə bir kəlmə belə danışma, özünü başadüşən və ağır göstər.

-          Bildim. Nə desən “hansını?” soruşub gedəcəyəm.

Elçilər gəlirlər. Ana elçiləri qarşılayır, otağa dəvət edir.

-          Qızım, xalçanı gətir əziz qonaqlarımızın ayağının altına sər.

-          Hansını?

-          Hansını xətrin istəyir.

-          Çay dəmlə, o biri otaqdan samovarı götür ...

-          Hansını?

-          Qonaqlarımız çoxdur, lap böyüyünü. Qızım, yadımdan çıxmışdı az qala, telefonla qohumları da çağır gəlsinlər.

-          Hansını?

-          Hamısını, hansını tapa bilsən, maşallah, qohum-əqrəbadan boluq.

Ana elçilərə müraciətlə:

-          Etiraz etməsəniz, ərimi də çağıraram, necə olsa, atadır, gözünün ağı-qarasının taleyi həll olunur, bəlkə bir sözü oldu.

-          Hə, olar, buyursun.

-          Qızım, ərimi də çağır gəlsin.

-          Hansını? 


Anama çox oxşayırdı deyə ...

-          Ay qurumuş, sənə baxanda lap ağlamağım gəlir.

-          Özünə gül, bala! Nə dərdin var get onun üçün ağla, mənə niyə canın yanır?

-          Eh, yenə başladın? Nə dedim ki, acığın tutdu?

-          Onda de görüm, niyə mənə baxanda ağlamağın tutur?

-          Belə saç-saqqalın az qala ağarıb, sən də qocalıb getdin.

-          Noolsun, təbiətin qanunudur, bir gün bu dünyaya gələn bir gün də gedəcək.

-          Orası elədir, ancaq sən bir az nakam gedəcəksən ... evlənmədin deyə ...

-          Hə!!! Bunu bayaqdan de də! Bir də ki, hələ vaxta var, evlənərəm, darıxma!

-          Nə vaxt, ay qoca? Sənin toyunda bir sındırmaq istəyirəm!

-          Bəsdir, bəsdir, sağlıq olsun, toyumda oynayarsan. Ayın 24-ü toyumdur.

-          Nə yaxşı! Deməli bir həftədən sonra?

-          Dedim ki, ayın 24-də. Amma hansı ayın, hansı ilin məlum deyil. Çünki evlənməməyimin bir səbəbi var.

-          Nədir o elə?

-          Heç kimə deməzsən ki?

-          Bunu bir sən, bir mən biləcəyik.

-          İndiyə kimi nə qədər gəşəng, ağıllı qız tapdımsa? anam bəyənmədi, hərəsinə bir qulp qoydu.

-          Bəs o günki qız sizə gəlmişdi ha? Anan da deyəsən ...

-          Hə, yaddaşın möhkəmmiş! O durnagözlünü  deyirsən, eləmi?

-          Bəli, bəli.

-          O durnagözlünü lap gözündən vurmuşdum. Anam çox bəyənmişdi. Onu həmişə özünə oxşadırdı. Deyirdi ki, xasiyyəti də, baxışı-duruşu da lap özüdür.

-          Təbrik edirəm, axır ki ...

-          O da baş tutmadı.

-          Niyə?

-          Xasiyyət, oturuş-duruş cəhətdən anama oxşadığı üçün bu dəfə də atam razı olmadı...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ