Baş Prokurorluq Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində günahlandırılan Lamiyə Quliyevanın cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirməsi məsləsinə dair məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Modern.az