Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda ötən il rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edərək, bildirib ki, ötən il Horadiz şəhərində Bayraq Meydanı, Qəhrəmanlar Parkı, tikiş sexi, boulinq zalı, Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə abidə kompleksi, Qəhrəmanlar Parkı, Heydər Əliyev Fondunun vasiti hesabına uşaq bağçası, Tarix Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyətinin inzibati binası tikilib. Ölkə Prezidenti İlham Əliyev isə 28 avqust 2014-cü ildə rayona səfəri zamanı həmin obyektlərin açılışında iştirak edərək, görülən işləri yüksək qiymətləndirib.
Alı Alıyev qeyd edib ki, 2014-cü ildə Heydər Əliyev parkı genişləndirilıb, Gənclər prospekti salınıb. Beş küçə müasir dizaynla yenidən inşa edilib, rayon ərazisində 80 mindən artıq müxtəlif ağac və gül kolları əkilib.
İcra başçısının sözlərinə görə, hazırda Horadiz şəhəri ilə yanaşı, rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası, Əhmədbəyli kəndində 35 çarpayılıq uşaq bağçası inşa edilir, yaxın vaxtlarda rayon ərazisində yeni qəsəbənin tikintisinə start veriləcək.
Alı Alıyev hesabat məruzəsində füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
Hesabat iclasında uğurlarla yanaşı, problemlər də qeyd edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Bildirilib ki, 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov iclasda çıxış edərək, ölkədə sosial-iqtisadi sahədə gedən inkişafdan və qarşıda duran vəzifələrdən danışıb.
İclasda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək gördükləri işlərə dair hesabat veriblər.
Sonra iclasın qərar layihəsi oxunub, Prezident İlham Əliyevə müraciət qəbul edilib.