Bu gün dünya elmində inqilab edən Azərbaycan əsilli alim, qeyri-səlis məntiq nəzəriyyəsi ilə həyata baxışa müsbət təsir edən Lütfi Zadənin 94 yaşı tamam olur. Yaşlı olmasına baxmayaraq, qocaman alim bu gün də Koliforniyanın Berkli Universitetində çalışır, elmi fəaliyyətini davam etdirir. Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub.
Modern.az Lütfi Zadəyə həm ad gün təbrikini çatdırmaq, həm də səhhəti haqqında məlumat almaq üçün onun yaxın dostu və elmi varisi professor Rafiq Əliyevlə əlaqə saxlayıb. O, sələfi haqqında bunları deyib: “Lütfi Zadənin adı hər şey deməkdir. Onun adı müasir dövr üçün Eynşteyn, Nyuton deməkdir. Nyuton klasssik mexanik idi. Bu istiqamətdə çox böyük işlər gördü.
Eynşteyn sonradan Nyuton mexanikasının sərhədini göstərdi. Göstərdi ki, buradan o tərəfə o nəzəriyyələr işləmir. Nisbilik nəzəriyyəsini yaratdı. Bunları ona görə deyirəm ki, sadaladıqlarım təbii, çox böyük alimdirlər. Amma onlar yalnız bir elmi - fizikanı dəyişdirdilər. Amma Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi isə nəinki fizikanı, bütün elm sahələrini dəyişdirdi.
Elmə yanaşmanı tamamilə dəyişdi. Bunu tam mübaliğəsiz və elmi qaynağa söykəbərək deyirəm ki, bu gün dünyada Lütfi Zadə qədər istinad olunan ikinci bir alim yoxdur.
Onun həm qeyri-səlis məntiq, həm də digər nəzəriyyələrinə kosmologiyadan tutmuş, mikrobiologiya elminə qədər DNK hüceyrələrinin öyrənmə sahəsində belə istinad olunur.
Onun nəzəriyyəsi şəxsən mənə elmdən çox dini xatırladır. Yayılma sürəti və əhatəsinə görə hər bir sahəni dəyişdi”.
Rafiq Əliyev 94 yaşlı alimin səhhəti barəsində də danışıb:
“Mən ad günü ilə bağlı elə bu gün ona zəng vurub danışacağam. Dünən xanımı ilə əlaqə saxladım. Səhhətində də hər şey qaydasındadır. Heç bir nasazlıq yoxdur”.
Elmin NURİ