Modern.az

Dilimizin saflığını qoruyaq

Dilimizin saflığını qoruyaq

4 Fevral 2015, 12:12

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
Pedaqogika üzrə fəlsəfə doktoru, publisist,    
telejurnalist   

 “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən  həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”- deyən ulu öndərimiz Heydər Əliyev öz böyük və qədim xalqının dilinin- Azərbaycan ədəbi dilinin  inkişafına, tətbiqinə xüsusi önəm vermişdir. Bu gün onun siyasətinin ən layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti zatı-aliləri cənab İlham Əliyev və Azərbaycan mədəniyyətinin yorulmaz, cəfakeş təbliğatçısı, hamisı,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına, onun inkişafına xüsusi diqqət yetirir, bunun üçün lazımı tədbirlər görürlər. Odur ki, dilçi alimlərin, ədiblərin, jurnalistlərin, müəllimlərin və s. borcudur ki, Azərbaycan ədəbi dilinin saflığına və işlənməsinə diqqət yetirsinlər, onu yad ünsürlərdən, bayağılıqdan qorusunlar.

Azərbaycan dili türk dilli qrupa daxil olan dillər sırasında, zənnimcə ən təkmil, tərəqqi etmiş, ahəng qanunun tələblərinə cavab verən musiqili, şirin bir dildir. Zəngin ədəbi-bədii, elmi, tarixi irsimiz məhz bu dilin məhsuludur.

Azərbaycan dilində bir harmoniya, musiqi var. Dilin qrammatik qaydaları həmahəng səslənir. Qrammatikanin fonetik, leksik, morfoloji, sintaktik qaydalarına nəzər salsaq dediklərimin bir daha şahidi olarıq.

Mən bir jurnalist, adi vətəndaş kimi - Azərbaycan dilinin vurğunu kimi ədəbi dilin televiziya və radio məkanında, dövri mətbuatda təhrif olunması və s. kimi neqativ hallarla barışmır, tez bir zamanda onların aradan qaldırılmasını məqsədəmüvafiq hesab edirəm.

Belə ki, tez-tez televiziyada, radioda və mətbuatda aşağıdakı sözlərə rast gəlinir: “... mühüm əhəmiyyət kəsb edir”, “... rəhbərliyi altında”, “Şuşa altında döyüşlər”, “... torpaq tapdaq altındadır”, “ilk öncə”, “... 50 min Azərbaycan xalqı”, “şairə”, “müəllimə” və s. bu kimi söz və ifadələrlə siyahını uzatmaq olar. Gəlin, bu sözlərə nəzər salaq! Əvvəla, “mühüm” və  “əhəmiyyət” sözləri ərəb mənşəli eyni məna bildirən sözlərdir. Birincisi tək, ikincisi isə cəm halındadır. Yaxşı olar ki, bu söz birləşməsi “xüsusi əhəmiyyət” və ya “böyük əhəmiyyət”, yaxud “mühümdür” və ya “əhəmiyyətlidir” deyə işlənilsin. Niyə “... rəhbərliyi altında”, “musiqi sədası altında” ifadəsi işlənir? Ən düzgün ifadə forması “rəhbərliyi ilə” dir. “Şuşa altında döyüşlər” ifadəsi “Şuşa uğrunda”, “Şuşa ətrafında” şəklində işlənsə daha gözəl olar. Tez-tez “Qarabağ torpaqları düşmənlərin tapdağı altındadır” formasında işlənən söz birləşməsi sadəcə “düşmən tapdağındadır” deyə işlənməlidir. Hal-hazırda ən dəbdə olan ifadə “ilk öncə” dir. Birləşmənin tərkibində olan hər iki söz eyni mənanı bildirən sözlərdir, yəni sinonimdir. Yaxşı olar ki, bu ifadə “ilk olaraq”, yaxud “öncə” kimi işlənilsin.

Bir çox ziyalı çıxışlarında (istər televiziya və radio, istərsə də mətbuatda) “şərh”, “şəhr” sözlərini qarışdırır, “layihə” əvəzinə “lahiyə”, “məşhur” əvəzinə  “məhşur” işlədir. Bəzi hallarda, “...geniş vüsət alıb”, “anama qarşı məhəbbətim var”, və s. işlənir. “Şərh”hər hansı bir sözə aydınlıq gətirir, izah edir. “Şəhr” isə şəhər deməkdir. Dilimizdə düzgün olaraq “layihə” işlənməlidir. “Geniş vüsət alıb” ifadəsindəki “geniş”, “vüsət” eyni məna bildirən sözlərdir. Yaxşı olar ki, bu ifadə “genişlənib”,  “vüsət alıb” kimi işlənilsin.  “Anama qarşı məhəbbətim” ifadəsi səhvdir. Belə ki, “qarşı” əks məna bildirir. Yaxşı olar ki, bu ifadələr  “anama məhəbbətim”, “anama olan məhəbbətim ” kimi işlənilsin. Bu ifadə həmçinin “Vətənə məhəbbətim”, “anaya məhəbbətim” söz birləşmələrinə də aid edilsin.                                                                               

Şou-biznes nümayəndələri efirdə tez-tez mənim konsertimi “50 min Azərbaycan xalqı” izlədi kimi absurd bir cümlə işlədirlər. Bu kökündən səhvdir. Çünki elə Azərbaycan Respublikasında soydaşlarımızın sayı artıq 9 milyondur. Ona görə 9 milyonu 50 minlə əvəz etmək heç bir məntiqə sığmır. Burada sadəcə məni “ 50 min tamaşaçı” seyr etdi demək daha dogru olar.

Əgər ismin (sözün) əvvəlində say (rəqəm), yaxud bir neçə, bir sıra, bir ç    ox ifadələri göstərilirsə, bu halda sözün sonunda (lar, lər) cəm şəkilçisi işlənilmir. Odur ki, “mənim 20 məqalələrim”, “50 mahnılarım var ifadəsi”  “20 məqalə”, “50 mahnı” və ya “ 20-dən çox”,“50-yə yaxın” ifadələrlə kimi tək halda işlənməlidir. Tez-tez dilimizdə “rəssamlar, şairlər ordusu” və s. bu qəbil ifadələr işlənir. Nəzərə alsaq ki, “ordu” cəm halında olduğu üçün özündən əvvəl işlənən “lar”, “lər” şəkilçisi əlavə etməyə gərək yoxdur. Azərbaycan dilinin qrammatikasında inkarı inkar təsdiq kimi qəbul olunur. Ona görə də tez-tez efirdə, mətbuatda istifadə olunan “çatışmamazlıq, “görməməzlik”, “eşitməməzlik”, “saymamazlıq” və s. sözləri “çatışmazlıq”, “görməzlik”, “eşitməzlik”, “saymazlıq” sözləri kimi ifadə olunmalıdır. Çünki həmin sözlərdəki 2-ci ma, mə şəkilçisi 1-ci ma, mə şəkilçisini inkar edir (isimlər üçün). Inkarı inkar isə təbii olaraq təsdiqdir.

Digər bir məsələ çox önəmlidir. Hərçənd, bu deyim demək olar ki, dilimizə nüfuz edib. Azərbaycan dilinin qrammatikasında kişi, qadın, orta cins olmadığı üçün istənilən hər bir söz vahid formada işlənməli, ona heç bir əlavə olunmamalıdır. Misal üçün “müəllimə”, “şairə”, “müdirə” sözləri tez-tez işlənir. Halbuki, daha düzgün ifadə forması bütün hallarda “müəllim”, “şair”, “müdir” kimi olmalıdır. Məgər biz “mühəndisə”, “alimə”, “sədrə”, “bəstəkarə”, “rəssamə” sözləri işlədirik?

Son zamanlar dilimizdə “bizlər”, “sizlər” kimi sözlər daxil olub. Bu da səhv işlənmə formasıdır. Belə ki, Azərbaycan dilinin qrammatikasında şəxs əvəzlikləri tək halda “mən”, “sən”, cəm halda isə “biz”, “siz” kimi işlənir. Cəm halda olan “biz”, “siz” sözlərinə “lər” cəm şəkilçisi əlavə olunması nə deməkdir? Şeirde “bizlər”, “Sizlər” yalnız qafiyə şəklində istifadə oluna bilər.

Tez-tez danışıqda, reklam lövhələrində “tələbəçilik”, “narahatçılıq”, “nigarançılıq”, “eybəcərçilik”, “kasıbçılıq” və s. sözlərə rast gəlinir. Hətta efirlərdə də belə təhriflərə yol verilir. Əslində isə “tələbəlik”, “narahatlıq” və ya “rahatsızlıq”, “nigaranlıq”, “eybəcərlik”, “kasıblıq” kimi istifadə olunması daha düzgündür.

Zənnimcə, dilimizdə olan milli sözlərin əvəzinə yeri gəldi-gəlmədi gəlmə sözlərin işlədilməsinə yol verilməməlidir. Dediklərim təbii ki, dilimizin saflığının qorunmasına xidmət edir. Orta və ali məktəblərdə Azərbaycan dilini və ədəbiyyatını tədris edən müəllimlər, televiziya və radioda, dövrü mətbuatda baş redaktorlar və redaktorlar bu cəhətə ciddi fikir verməlidirlər.

Televiziya və radio məkanında ən ciddi problemlərdən biri əməkdaşların (jurnalist, aparıcı, diktor) və s. çıxışlarında yerli şivə, ləhçə, dialektdən istifadə etməsidir. Bu efir üçün olduqca yolverilməzdir. Məncə belələri aparıcı qismində olmamalı, onların qələmindən, ssenarisindən istifadə olunmalıdır. Hətta dilimizdə olmayan bəzi “səslərin” belə efirdə yer alması da yolverilməzdir. Televiziya və radioda yeganə nitq- ifadə vasitəsi Azərbaycan ədəbi dili olmalıdır. Çünki hazırda milyonlarla insan ədəbi dili məhz televiziya və radiodan öyrənir. Dediklərim əlbəttə ki, televiziya və radioya dəvət olunan qonaqlar, çıxışçılar, müsahiblər üçün məcburi deyil.                                   

Məlumdur ki, Azərbaycan dilində kifayət qədər söz ərəb mənşəlidir. Əksəri də vaxtı ilə apostrofla yazılırdı. Sözlərin çoxu müəyyən vurğularla ifadə olunurdu. Yeni əlifba qəbul olunarkən apostrof işarəsindən imtina edildi. Nəticədə bəzi sözlərin tələffüzü təhrif olundu. Çox yaxşı olar ki, apostrof işarəsi yenidən əlifbaya daxil edilsin. Apostrof işarəsinin tətbiq edilməməsinin nəticəsidir ki, sürət və surət, Quran və quran və s. bu qəbildən olan sözlərin leksik mənasındakı böyük fərqi bilmədiyindən bəzi şəxslər efirdən “maşının surəti” ifadəsi ilə Azərbaycan dilinin leksik normalarının pozulması hallarına yol verir.

Dilimizdə sait səslərinin uzanması kimi fonetik qaydanın da pozulması faktları yolverilməzdir.

Efirdən tez-tez orfoepik normalara riayət olunmadığının da şahidiyik:- sözdə vurğunun yerində işlənməməsi ən çox “arzu” sözünün ” arzu”, ” akademik”  sözünün ” akademik”,  ” analitik”, sözünün    ” analitik” ( bu sözlərdə əgər vurğu birinci saitin üzərinə düşərsə bir məna, sonuncu saitin uzərinə düşərsə başqa bir mənanı göstərir) şəklində tələffüzü, sonor “m”,  “n” samitlərindən sonra çıxışlıq hal şəkilçisinin düzgün tələffüz edilməməsi, tələffüzü ilə yazılışı fərqlənən sözlərin yazıda olduğu kimi deyilişi (məs.“ səndən” , “sənnən”) və s. Bütün bunlar dinləyicinin qulağında çəkic zərbəsi təsiri bağışlayaraq sözlərin kobud səslənməsinə səbəb olur.

Son zamanlar əksər mahnılarda (onsuz da mahnıların çoxunun mətni mənasız söz yığımından başqa bir şey deyildir) sözlərin düzgün ifadə olunmaması hallarına da rast gəlinir. Nəticədə təhrif olunmuş söz öz ilkin mənasını itirir. Məs. çox populyar olan bir mahnıdakı “ ...Sev ki, sevən mərd olar..” ifadəsi “..Sevgi sevən mərd olar...” şəklində oxunaraq mənasız hala düşür. Bu isə qəti yolverilməzdir.

Ümumiyyətlə, son zamanlar belə bir qənaətə gəlmişəm ki, bütün təhsil müəssisələrində çalışan müəllimlər, tərbiyəçilər, xüsusən də, Azərbaycan dili və ədəbiyyatı, humanitar fənn müəllimləri, şair, yazıçı, ədib, aktyor, jurnalist, aparıcı, diktor yerli ləhcə, şivə, dialektlə danışmamalıdırlar. Dilimizin orfoepik, leksik və qrammatik ədəbi dil normalarına çox ciddi əməl etməlidirlər. Çünki onlar əks halda Azərbaycan ədəbi dilinin saflığına, inkişafına, gənc nəsil tərəfindən öyrənilməsinə ciddi xələl gətirirlər.

Filmlərin dublyaj edilməsi çox biabırçı vəziyyətdədir. Elə söz və ifadələr var ki, onlar sətri tərcümə edilmir, onların dilə uyğün variantı seçilir. Təəssüflə qeyd edilməlidir ki, bizim tərcümə filmlərimizdə buna qəti əməl edilmir. Aktyorların dublyaj filmlərində səsləndirmələrində yer alan ləhçələr, şivələr dilimizin ümumi ab-havasına xələl gətirir. Təsəvvürünüzə gətirin ki, TV kanallarından birində bu yaxınlarda yayımlanan Braziliya istehsalı olan teleserial bölgələrdən birinin ləhçəsi ilə müşayiət olunub. Nəticədə dilini sevən, ona hörmət edən şəxs dublyaj filmlərinə baxmır. Təbii ki, burada da təmiz, səlis ədəbi Azərbaycan dilinə əməl edilməlidir.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, fəlsəfə elmlər doktoru Ramiz Mehdiyev Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin, Azərbaycan dilinin qorunub saxlanılması və s. bu kimi aktual məsələlər barəsində mütəmadi olaraq mətbuatda dərc etdirdiyi məqalələrində, televiziya çıxışlarında resbublikada yayımlanan bütün televiziya və radio kanallarına KİV-ə öz dəyərli tövsiyələrini vermişdir. Məncə hər bir vətəndaş bu dəyərli tövsiyələrdən nəticə çıxarmalıdır. Təbii ki, bu işdə Azərbaycan Mətbuat Şurası, Televiziya və Radio  Şurasının üzərinə böyük vəzifə düşür.

Sonda ümummilli liderimiz Heydər Əliyevin dilimiz haqqındakı hikmətli sözlərini bir daha oxucuların diqqətinə çatdırıram:” Mən bu danışdığımız dili- buna hansı dil deyirsiniz-deyin-çox gözəl dil hesab edirəm. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI