İdarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə 2014-cü ilin sonunda Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb.
Bu barədə Modern.az-a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.
Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə vergilər naziri Fazil Məmmədovun 2014-cü il dekabrın 26-da imzaladığı əmrlə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb, departamentin əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib.
Məlumatda qeyd edilir ki, ləğv edilən departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılan departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməyib, əkisnə departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib.
Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləyən, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib.
Gülşən RAUFQIZI