Ekstremal stiuasiyalara qeyri-hazırlığımız bir tərəfə, niyəsə bütün məsələlərə dair bədbin statistikanı açıqlamaq və acı reallığı ictimai rəyə dürüst izahlamaq hər zaman böyük tərəddüdlər və qorxu ilə müşayiət olunur.
Dünyanın bir ucunu o biri ucuna bağlayan kəmərlərlə axıb gedən neft sərvətinin bir gün dönüb insanların rahatçılığını, komfortunu, nəşəsini əlindən alacağı, nə neftin, nə də neft pullarının çeşmə kimi qaynamayacağı niyəsə xəyal belə edilmir, ani bir təbəddülatla qara səltənətin dəbdəbəsi elə sarsılır ki, yanlış arxayınçılıqlar, ciddi səhvlər dərhal mühakimə yaradır, dərhal hərəkətə keçmə mexanizmləri ortaya düşür.
Bu kritik dönəmdə torpağın mərhəmətinə sığınmaqdan başqa yol təklif olunmur. Di gəl ki, əl-ayağa düşməkdə o qədər gec qalmışıq, ixtisarlar qarşısıalınmaz bir dalğaya çevrilib və bu qədər insanın bədbinlik yükünü təkcə torpağın çəkə bilməsi özü suallar doğurur.
Oğurluq subsidiyalar insanla torpaq arasındakı münasibətdə elə bir məsafə yaradıb ki, insanın torpağı qucaqlayacağı, torpağın da insana bərəkətlə yanaşacağı uzun bir zaman alır. Digər sahələrin indiyədək ölü qalan potensialı, bu potensialın bu gün işə salınmasına tələb olunan vaxt, ilk növbədə, əhalinin aztəminatlı hissəsini binəva bir günə salır.
Zarafat deyil: bir neçə qurumda- “Azərenerji”, Metropolitein, Neft Şirkətində, onun müxtəlif idarələrində, xüsusilə “Azəriqaz”da böyük ixtisarlar gedir. Qeyri-rəsmi məlumatlara görə, iş yerlərini itirənlərin sayı üst-üstə 15 mindən yuxarıdır, üstəlik, prosesin ardıcıllığı proqnoz edilir. Dəqiq statistikanı heç bir qurum açıqlamaq istəmir. Vəziyyət bəsit səbəblərlə əsaslandırılmağa çalışılır, neft amili ilə əlaqə birmənalı inkar edilir. Nə üçün? Bunun səbəbi məlumdur.
Cəmiyyətdə panika yaratmamaq, narazılıq simptomlarının ortaya çıxmaması üçün pıçıltılı tədbirlər seriyası həyata keçirilir. Son günlər verilən müxtəlif qərarların pis günlərə hazırlıq xarakteri daşıdığını hiss və təxmin etmək mümkündür. Lakin ehtiyat tədbirlər işə düşənə qədər, ixtisarlarla meydana çıxan işsizlər ordusunun nə yeyib, nə içəcəyi suallarına cavab yoxdur (!).
Adları çəkilən qurumların rəhbərləri qənaət rejimini özlərinin qeyri-qanuni gəlirləri, boş-boşuna xərclənən idarə vəsaitləri üzərinə tətbiq etmək əvəzinə, bədxərc olmamaq tapşırığını pulsuzluq xiffəti çəkən insanların taleyi üzərindən icra edirlər.
Bu insanların həyatı işsizlik sazağı ilə daha erkən rast gətirildi. Onsuz da real əmək haqqı ilə real bazar qiymətləri arasında kəskin ziddiyyətlər onları əzirdi. Ən az maaş ixtisar olunmaq, işindən perik düşməkdən daha mərhəmətli yol idi. İşsiz qalanlar müxtəlif ixtisaslı insanlardır ki, onların başqa sahələrə bu tezliklə transfer imkanları olduqca məhduddur, onların çoxunun səriştəsi də torpaqla işləmək tələblərinə cavab vermir.
Sosial ədalətsizliyə bax ki, neft kasıbı vurur, amma varlının nə baş verdiyi vecinə də deyil. Məmur öz nəfsini cilovlamır, amma həyat mücadiləsində müvazinətini zorla qoruyub saxlayanın son qəpiyi hesabına idarə xəzinəsini dolu saxlamağa çalışır.
Ümumiyyətlə, başa düşülmür ki, yaranmış durumu açıq bəyanatlarla neft faktoruna söykəmək, iqtisadiyyatdan başı çıxmayanlara anlayışlı dillə izahat vermək, müəyyən bir vaxtdan sonra qərarların dəyişə bilməsi təsəllisi niyə, bu qədər tərəddüd yaratmalıdır?! Halbuki, hər yerdə bunun açıq izahları var, hətta BP-Azərbaycan daxil olmaqla, bütün ofislərində ixtisarların getdiyini, cari ildə əməkdaşların maaş artımının dondurulduğunu açıqlayıb.
Doğrudan da, gizlilik açıqlıqdan daha təhlükəli deyilmi? Təsəlli edilməyən cəmiyyət ümidin, səbrin ətəyindən necə yapışa bilər?
“Gəl ərizəni yaz, müqavilə uzadılmır”- demək, sosial təbəqəni suallar içərisində buraxmaq, heç bir ümid yeri qoymamaq amansız münasibət kimi daha təhlükəlidir, çünki o, bu durumu böyük narazılıq səviyyəsinə yüksəltmək metodlarına vadar qalır. Əgər vəziyyətin düzəlmə ehtimalına, başqa sektorların inkişafı hesabına, işsizlik statusunun dəyişilməsinə təsəlli alınmırsa, o zaman işindən olanlar şikayət üçün döymyə qapı axtarır, beləcə, işsizliklə bağlı gerçək mənzərəni məxfi saxlamaq mümkünsüzləşir, durum faktoloji materiallara çevrilir, işsizliyin statistikası da təxmini rəqəmlərlə təsəvvür edilməyə başlayır; rəsmi şəxslərin ört-basdır cəhdi, gətirdiyi işsizliyin səviyyəsinin aşağı düşməsi rəqəmləri təkzibedilməz reallıqların təzadına çevrilir.
Əlbəttə, “qaz, işıq, su sayğacları var, daha insan əməyi lazım deyil”- deyənlərin arqumentini alt-üst edən kifayət qədər arqumentlər tapmaq olar: kameralar çəkir, radarlar işləyir, yol polisinə ehtiyac varmı? Eyni məntiqlə ixtisar dalğası niyə polis orqanlarından start götürmür? Və yaxud, necə ola bilər ki, ixtisar siyasəti başqa qurumları da eyni vaxtda əhatə edir, böyük işsizlik rəqəmləri ortaya çıxır?! Yanlış izahlar belə məntiqli sualları məsul qurumların üzünə çox asanlıqla çırpa bilir.
Bir azdan ayrıca olaraq təhsil sektorunda işsizlərin statistikası ortaya çıxacaq. 18 saat dərs yükünün artırılmasının digər müəllimlərin iş saatı hesabına yaranmasını rəsmilər nə qədər inkar etməyə çalışsalar da, məntiq buna aparıb çıxarır. Fərz etsək ki, bir ailədə qazanc gətirən iki nəfər, ayrı-ayrı qurumların ixtisar siyasətinin təsirinə məruz qalır, o zaman ailələrin sosial fəlakətini təsəvvür etmək çətin deyil.
Görünən odur ki, hökumətin işsizliklə bağlı uzunmüddətli hədəfləri fiaskoya uğrayır. Doğrudur, hökumət tədbirlər planı üzərində işləyir. İri investisiya layihələrini ixtisara salır. Bəs, xırda və artıq başlanmış layihələr? Korrupsiyanın qarşısının alınmasına etibarlı zəmanət? Bunların heç biri haqqında, hələlik söhbət getmir.
Çətin sınaqlar mərhələsində bizə nə məktəb, nə xəstəxana təmiri, nə körpü, nə uşaq bağçası tikintisi lazımdır. Belə bir vaxtda büdcə pullarına oğurluq gözlə baxmaq da vicdansızlığın ən son həddidir. Çünki heç bir quru daş, divar, heç bir məmurun zənginlik eşqi işsizlik miskinliyinə düşən, olum-ölüm dilemmasında qalan insanın müqəddaratından önəmli deyil...