Modern.az

İordaniyanın Bakıdakı səfiri: “Kral II Abdullah həmişə Azərbaycan prezidenti ilə görüşə can atır” - MÜSAHİBƏ

İordaniyanın Bakıdakı səfiri: “Kral II Abdullah həmişə Azərbaycan prezidenti ilə görüşə can atır” - MÜSAHİBƏ

4 Fevral 2015, 13:29

Nassar Al-Habaşneh: “İordaniyanın yardıma çox ehtiyacı var”


İordaniyanın Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşneh iki ay əvvəl öz missiyasına başlayıb.

Mətbuata o qədər də açıq olmasa da, jurnalistlərlə hər zaman əlaqə saxlamağa hazırdır: “Çünki mən jurnalistikanın bizim diplomatik fəaliyyətindəki əhəmiyyətini çox yaxşı dərk edirəm. Vaxtilə özüm XİN-nin mətbuat katibi olmuşam”.  

Beləliklə, İordaniyanın yeni səfiri mətbuata verdiyi ilk müsahibəsini Modern.az saytı təqdim edir. 

- Cənab səfir, İordaniya ərəb dünyasında bir sıra özünəməxsus cəhətləti ilə seçilir. İlk olaraq ölkənizdə miqyaslı modernləşmə islahatları aparıldı. Ozəlləşdirmə prosesi həyata keçirildi. Bu islahatlar artıq müəyyən nəticələr verməkdədir. Lakin, ekspertlər qeyd edir ki, İordaniyanın daha da irəliləməsi üçün daha geniş islahatlar aparılmalıdır. Bu barədə nə deyə bilərsiniz, İordaniya islahatlar yolunu davam etdirə biləcəkmi?

- İordaniya ölkədə islahatlar keçirməyə çox erkən, “Ərəb baharı”ndan xeyli əvvəl başlamışdı. Aparılan islahatların “Ərəb baharı” və ya regionda baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur.  Əksinə, bizdə islahatlar kral II Abdullah hakimiyyətə gələndən dərhal sonra başladı. Bu o demək deyil ki bizim ölkədə işlər o qədər də yaxşı vəziyyətdə deyil. Əksinə, bu təbii proses olaraq meydana gəldi. Çünki ölkədə baş verən inkişafı irəli aparmaq üçün islahatlara ehtiyac var idi. Kral II Abdullahın hakimiyyətə gəlməsi dünya çapındakı dəyişikliklərlə üst-üstə düşdü, eyni zamanda XXI əsrin başlanğıcına təsadüf etdi. İordaniyada islahatlar bir çox sahələrdə, ilk olaraq iqtisadiyyat, həmçinin siyasi sahədə baş verdi. Burada İordaniyanın mövcud qüvvəsini qoruyub saxlamaq və onu daha da inkişaf etdirmək, inkişafın qarşısında duran bütün maneələrin aradan qaldırılması idi. Eyni zamanda Konstitusiyada ciddi dəyişikliklər edildi. İnsanlara ictimai-siyasi həyatda iştirakı ilə bağlı azadlıqlar verildi, şəffaflıq təmin olundu. Əsil demokratiya yoluna çıxmağa imkan verən qanunvericiliklər qəbul edildi. Məqsəd o idi ki İordaniya azadlıq və hüquq üzərində qurulmuş bir dövlət kimi dünyada özünü tanıtsın.   

- Əvvəlki sualda qeyd etdim ki, İordaniyada aparılan islahatlar müəyyən nailiyyətlər verib. Lakin bu gün də ölkənin rifahi xeyli dərəcədə xarici yardımlardan asılıdır. 2010-cu ildə ölkəniz adambaşına düşən yardımın miqdarına görə İsraildən sonra ABŞ-dan çox yardım alan ikinci ölkə olmuşdu. Hazırda vəziyyət necədir?

- İordaniya təbii sərvətlər cəhətdən məhdud bir ölkədir. Bir çox iqtisadi çətinliklərdən, o cümlədən  yerləşdiyi rejionun ətraf mühit fonundan da bəzi əziyyətlər çəkir. Fələstinin problemi ortaya çıxdıqdan sonra ölkəmizin üzərinə böyük yük düşüb. Dəfələrlə yaxın ölkələrdən çoxlu sayda qaçqın qəbul etməyə məcbur oldu. Bütün bunların hamısı İordaniyanın üzərinə böyük iqtisadi yük qoymuşdu. İordaniyanın təbii sərvətləri buna o qədər də imkan vermir ki ehtiyaclarını ödəsin. Baxmayaraq ki, İordaniyanın iqtisadiyyatı inkişaf edirdi, amma bu yüklər həddən artıq böyük idi. Buna görə də müəyyən tarixi dövrlərdə İordaniya xarici ölkələrdən yardım almağa etimat göstərdi. İordaniyanın yardıma çox ehtiyacı var. Çünki bu tək İordaniyanın özünün problemi deyil. Regionda baş verən böhran bir başa ona da təsir göstərirdi. Son illər də İraqın bəzi bölgələrinin işğalından, Suriyada baş verənlərdən sonra İordaniyaya 2 milyon yarınmdan çox qaçqın gəlib. Onların qəbul edilməsi İordaniyada çətinliklər yaradır. İlk növbədə infrastruktur proqramın həyata keçməsinə, səhiyyə, təhsil sahələrinə mənfi təsir göstərdi. Bunların içində qaçqınlar üçün ən böyük problem içməli su və elektrik enerji idi. Bildiyiniz kimi İordaniya neft ölkəsi deyil. Mən deyərdim bəlkə də , dünyada su qıtlığından əziyyət çəkən ölkələrdən biri də İordaniyadır. Buna baxmayaraq həmin qaçqınları qəbul etdi.

- İqtisadi problem, 2 milyondan artıq qaçqın, digər problemlər və s. Bütün bunlara necə tap gətirirsiniz?

- İordaniya yarandığı dövrdən etibarən başqa dövlətlərə da açıq bir ölkə olub. Həm də İordaniya öz qardaş ərəb xalqı qarşısında öz məsuliyyətini çox yaxşı dərk edir. İnsan amili prinsipini yüksək tutduğu üçün bundan çıxış edərək həmişə digər xalqların qonaqlarını məmnunluqla qəbul etməyə hazırdır, Bundan irəli gələn çətinliklərə də dözməyə hazırdır və dözür. İordaniyalılar öz qonaqpərvərliyi ilə məşhurdur. Nəyi varsa ərəb qardaşları ilə bölüşür. Düzdür, vəziyyət elə də asan deyil. Lakin bizim müdrik rəhbərliyimiz, çox savadlı insanlarımız, başqa xalqların nümayəndələrinə açıq olan xalqımız var. Belə bir xalq çətinliyin miqdarından aslı olmayaraq hər şeyə dözməyə qadirdir.  

- İordaniyanın mövcudluğu və apardığı xarici siyasət ərəb dünyasında, Yaxın Şərqdə müəyyən qədər tarazlığı, status-kvonu qoruyub saxlamağa kömək edir. Lakin son illərin təcrübəsi göstərir ki, məhrum kral Hüseynin rəhbər tutduğu “hamı ilə yaxşı münasibətlər, hətta İsraillə” prinsipinə sadiq qalmaq çox çətinləşib. Bu müşahidələrimizdə yanılmırıq ki?

- İordaniya ümumiyyətlə xarici siyasətində balanslaşdırmaya üstünlük verir və onu qorumağa çalışır. İordaniya hamı ilə yaxşı əlaqələr saxlamağa səy göstərir. Hətta “soyuq müharibə” illərində də bu siyasətinə sadiq qalmışdı. Baxmıyaraq ki, İordaniya Qərbin yaxını hesab olunurdu, amma  eyni zamanda da Şərq düşərgəsi llə də münasibətləri qoruyub saxlamışdı. Bu gün də İordaniya xarici ölkələrlə  balanslaşdırılmış siyasət yürüdür. Təbii ki qonşu dövlətlərlə daha sıx əlaqələri var. İsrail də qonşu dövlətdir və İordaniya da onunla əlaqlərini qoruyub saxlayır. Bu əlaqələr də iki ölkə arasında bağlanmış sülh sazişi əsasında həyata keçirilmişdir. İordaniya həmişə özünün beynəlxalq öhdəçiliyini yerinə yetirməyə çalışır. Təbii ki bizimlə israillilər arasında hərdən fikir ayrılıqları olur. Lakin biz heç zaman öz mövqeyimizi bildirməkdə tərəddüd etmirik, açıq, birbaşa deyirik. Buna görə də İsraillə olsa belə onlarla da balansı qoruyub saxlamağa çalışırıq.  

- İordaniyada həmçinin, Fələstindən gələnlərlə, yerli əhali arasında siyasi nüfuz, islahatların aparılmasına münasibətdə rəqabət davam edir. “Ərəb baharı”ndan sonra bu rəqabətin daha da gücləndiyi müşahidə olunur. Milli birlik əldə olunması, daxili çəkişmələrə son qoyulması üçün hökumət hansı addıamları atır?

- Fələstindən gələnlərlə yerli camaat arasında baş verən siyasi nüfuz, rəqabət olması ilə bağlı məlumatı hardan əldə etmisiniz, bilmirəm. Xahiş edirəm bu ifadəni ümumiyyətlə leksikondan çıxarın. Heç zaman bu cür çəkişmələr olmayıb, hətta ehtimalı belə yoxdur. Dediyim kimi,  İordaniya hamıya açıq dövlətdir və fələstinlilər bizim qardaşımızdır. Bütün var gücümüzlə fələstinlilərə dəstək veririk. Fələstin problemi meydana çıxandan bu yana onların problemini öz üzərinə götürən ölkələrdən biri də İordaniyadır. İordaniyanın xarici siyasətinin prioritetlərindən biri də Fələstin probleminin, o cümlədən Fələstin-İsrail probleminin həll olunması istəyidir. Xaricə etdiyi səfərlərdə, ordakı çıxışlarda kral II Abdullah ilk olaraq Fələstin problemindən danışır. O ki qaldı Fələstin əsilli iordaniyalılara, onlar da yerli vətəndaşların istifadə etdiyi bütün hüquqlara malikdir. Onlar İordaniyada müvəqqəti yaşayırlar, əsas istəkləri öz vətənlərinə qayıtmaqdır. Madam ki o qaçqındır, vətəni var və vətəninə də qayıtmalıdır. Təkrar edirəm, onlarla yerli camaat arasında  çəkişməsi yoxdur.

- Cənab səfir, İordaniya Yaxın Şərqdə ABŞ və Qərb ölkələrinin etibarlı tərəfdaşı sayılır. İndiki situasiyada, xüsusən “İraq-Şam İslam Dövləti” (İŞİD) yarandıqdan sonra bu münasibətlərin perspektivi barədə nə deyə bilərsiniz?

- Qərblə əlaqələrimiz böyük tarixə malikdir. Bu əlaqələr dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Regionun problemlərini, dünyada baş verən problemlərin həll olunmasında beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edir. Bildiyiniz kimi İordaniya hazırda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biridir. Bu ilin yanvarında bir ay müddətində Təhlükəsizlik Şurasına sədrlik edib. Buna görə də belə bir məqam sövq edir ki bütün dünya ilə əlaqələri yaxşı olsun. Əgər regiona, Yaxın Şərqə qayıtsaq görərik ki İordaniya yanar bir kəmərin içindədir. Xüsusilə də Şimal və Şərqdən, yəni İraq və Suriya tərəfdən. İraqda və Suriyada baş verənlər birbaşa İordaniyaya siyasi, iqtisadi, təhlükəsizlik, həmçinin  humanitar məslələlərdə öz təsirini göstərir. İŞİD-in təhdidləri tək İordaniyaya deyil, bütün dünyaya qarşıdır. Çünki bu cür insanlar İslamı pis imicdə təqdim edir. Halbuki onların etdikləri ilə İslamın  əlaqəsi yoxdur. İordaniya İŞİD yaranmazdan da əvvəl həmişə İslamın həqiqi imicini dünyaya təqdim etməyə səy göstərib. Bildiyiniz kimi İordaniya Amman bəyannaməsini qəbul edib. Orada göstərilir ki, İslam sülhsevər dindir. Bəyannamədə İslamın bütün dinlərlə əlaqəsi barədə söhbət açılır. İordaniya İslama aid olan bir çox konfrans və simfoziumlara ev sahibliyi edib. Lakin təəssüf ki belə bir təşkilat meydana çıxdı və İraqda, Suriyada böyük əraziləri zəbt etdi.

- İŞİD-in güclənməsi və regional gücə çevrilməsi bütün dünya üçün əsil problemə çevrilib. İordaniyada bu barədə nə düşünürlər?

- Bu təşkilat tarixdə məşhur olan iki ən böyük ərəb dövlətinin ərazisini ələ keçirib. Bu təhlükəli bir təşilatdır. Etdikləri də İslama sığmayan bir hərəkətdir. Onlar yalnız İslamın nüfuzuna xələl gətirmirlər. Hətta İslama aid müqəddəs yerlərin, İslamın atributlarını məhv edib, insanları qətlə yetirilər. Bu təşkilata qarşı beynəlxalq koalisiya yaradılan kimi İordaniya dərhal həmin koalisyaya qoşuldu. Kral II Abdullah elan etdi ki başqalarından fərqli olaraq bu təşkilata qarşı olan müharibə bizim müharibədir. Çünki mötədil İslamın mövqeyi bu kimi çirkin hərəkətlər edən bir təşkilata qarşı müqavimət göstərməyi tələb edir. Bildiyiniz kimi, onlar İordaniya pilotunu əsir götürdü. Bir müddət taleyindən xəbər ala bilmədik. Dünən isə bu təşkilatın üzvləri onu vəhşicəsinə qətlə yetirdilər. Onu da qeyd edim ki, İordaniya sərhədləri çox gözəl qorunur və ordumuz öz düşmənlərinə layiqli cavab verməyə qadir bir ordudur. Şər qüvvələrə müqavimət göstərməkdə İordaniya xalqı özünün müdrik rəhbərinin arxası ilə gedir.



- Azərbaycanla İordaniya arasında münasibətlərin indiki səviyyəsi barədə nə deyə bilərsiniz? Xüsusən iqtisadi münasibətlərin inkişafı üçün hansı addımlar atıla bilər, yaxud hansı təşəbbüsləri vacib sayırsınız?

- Azərbaycana təyin olunanda çox sevindim. Güman etdim ki missiyam çox asan olacaq. Çünki əvvəldən bilridim ki, hər iki ölkənin rəhbəri arasında şəxsi dostluq əlaqələri mövcuddur, bu işin irəli aparılmasında yardımçı olar. Mənim üçün böyük şərəfdir ki, burada çalışım, səy göstərim ki aramızda olan iqtisadi əlaqələr bütün sahələrdə həyata keçirilsin, hər iki ölkəyə də xeyir versin. Elə oxşar məsələlər var ki, iki ölkəni bir-birinə yaxınlaşdırır. Bunların bir-birinə yaxınlaşması üşün bu oxşar amillər kömək edir. Rəsmi əlaqələrimiz 90-cı illərin əvvəllərindən başlayıb. İordaniya ilk dövlətlərdən biridir ki, Azərbaycanın müstəqilliyini tanıyıb və ilk səfirliyini açıb. Bu əlaqələrin inkişaf etdirilməsində böyük yol keçmişik. Ölkələrimiz arasındakı bir çox sahələr üzərində qarşılıqlı sazişlər bağlanıb. Çünki bu qanuni, hüquqi baza yaratmaq üçün bu sazişlərin bağlanması lazım idi.

- Sazişlər imzalanıb, bəs yerinə yetirilirmi?

- Məhz biz bunu istəyirik. Bizim keçmiş səfirimiz bu sahədə böyük səy göstərib, mənim də missiyam ondan ibarətdir ki o etdiyimiz səyləri yüksık səviyyəyə qaldıraq. Hər iki ölkənin birgə iqtisadi komissiyası var və artıq bir neçə iclası keçirilib. Hazırda Ammanda keçiriləcək  birgə komissyanın növbəti iclasını hazırlayırıq.   

- Bu günlərdə Azərbaycanın İordaniyadakı səfiri  ölkənizin turizm, mədəniyyət nazirləri ilə görüşüb. Turizm inkişafı, mədəniyyət əlaqələrinin daha da inkişaf etdirmək üçün nə məsləhət bilərdiniz, tövsiyyələriniz nə ola bilər?

- Hesab edirəm ki sizin İordaniyadakı səfiriniz çox  aktivdir. İşini çox gözəl bilir və istəyir ki bütün sahələrdə işləri irəli aparsın. Əgər biz mədəniyyət və turizm sahəsinə diqqətimizi cəmləşdirsək düşünürəm ki qazanmış olarıq. Bunlar mühüm sahələrdir. Qarşlılıqlı səfərlər olmadığı üçün həm bizim, həm də sizin insanlar bir-birini yaxşı tanımır. Turizm ən gözəl vasitələrdən biridir. Çünki turizm başqa sahələrdə də əlaqlərimizi genişləndirmək üçün bir qapı açır, imkan yaradır. Hər iki ölkədə turizmin inkişafı üçün imkanlar var. Bu sahədə səylərimizi əsirgəmiyəcəyik, inkişaf etdirməyə çalışacağıq.

 - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İordaniya hansı mövqedən çıxış edir? Necə düşünürsünüz İslam dünyası bu məsələdə Azərbaycanın dəstəklənməsi üçün kifayət qədər səy göstərirmi?

- Bizim bu məsələdə mövqeyimiz artıq bəllidir. İordaniya ilə Azərbaycan əlaqlərinin əsl xüsusiyyəti ondan ibarətdir ki hər iki ölkə beynəlxaql tədbirlərdə  bir çox məslələrdə bir-birinə dəstək verir. Kral II Abdullah harda beynəlxaql tədbirlər, görüşlər keçirilirsə, can atır ki Azərbaycan prezidenti ilə görüşsün. Ölkələrimizin xarici işlər nazirləri yaxşı əlaqələrə malikdir. Eyni zamanda bizim xarici işlər naziri də can atır ki, azərbaycanlı həmkarı ilə görüşsün. Əlahəzrət kralın Azərbaycan prezidenti ilə  son görüşü Davosda baş tutub. Siyasi məsələlərdə iki ölkə arasındaki qarşlılıqlı əlaqələrdə bir-birimizi başa düşürük. Buna görə də Azərbaycanın Dağlıq Qarabağ problemi İordaniyanın da diqqət mərkəzindədir. İordaniyanın mövqeyi bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü birinci növbədə dəstəkləmək və bu problemin beynəlxalq qanunlar çərçivəsində həll olunmasıdır. BMT TŞ da qəbul edilmiş qətnamələr əsasında qəbul edilməsidir.  İordaniya həmişə arzu edir ki, bu problem Azərbaycan dövlətinin və beynəlxaql ictimaiyyətin səyləri nəticəsində öz həllini tapacaqdır. Bütün azərbaycanlılara xöşbəxtlik və rifah arzu edirik.

Laçın SƏMLA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi