Modern.az

“Bir polis serjantına iradım bütün polislərə aid edilməməlidir”

“Bir polis serjantına iradım bütün polislərə aid edilməməlidir”

Təhsil

4 Fevral 2015, 17:09

“Fevral ayının 2-də Milli Məclisdə gündəliyin müzakirəsi zamanı “Yol hərəkəti haqqında” qanunla bağlı məsələyə baxıldı. Təəssüf edirəm ki, həmin müzakirə vaxtı mənim yol polisilə bağlı etdiyim çıxış mətbuatda düzgün işıqlandırılmadı”.

Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O parlamentdəki çıxışı zamanı özünün Azərbaycan yol polisinə hörmət etdiyini, bütün vətəndaşların da polisə hörmət etməli olduğunu vurğulayıb: “Bu mənim Milli Məclisdə stenoqramdakı çıxışımda da var. Həmin vaxt haqqında danışdıqlarım sırf mənim başıma gələn hadisədir. Belə ki, bir dəfə avtomobili idarə edərkən yol polisi məni saxladı. Həmin vaxt polisə deputatlıq vəsiqəmi göstərdim. Polis isə deputatlıq vəsiqəsini digər vəsiqələrdən seçə bilmədi və mənə dedi ki, "bu vəsiqədən hər birimizdə var".

Mən bunun müqabilində bildirdim ki, bu vəsiqələr yalnız millət vəkillərində olur. Həmin polis hətta bu sözlərin də fərqinə varmadı. Millət vəkili vəsiqəsini ayırd etməyən adam, əlbəttə, savadsızdır. Mən bu sözü sırf həmin polisə aid etmişəm, bütün yol polislərinə deyil”.

Deputat bildirib ki, Azərbaycan polisinin torpaqlarımızın azadlığı, vətənin müdafiəsi uğrunda, dövlətimizi istəməyən qüvvələrin dəf edilməsində müstəsna rolu var:

“Polisin xidmətlərini yüksək qiymətləndirirəm. Sadəcə, parlamentdəki çıxışımda söhbəti yalnız bir polis üzərində qurdum və mətbuat da bundan düzgün istifadə etməyərək guya ümumilikdə polisə qarşı mənfi fikirlər söylədiyim rəyini formalaşdırmağa çalışdı. Bu, doğru deyil.

Bir daha deyirəm ki, ümumən polis haqqında mənfi rəy yaradacaq fikirlər səsləndirməmişəm. Azərbaycan polisi dövlətin dayağıdır, dövlətçilik ənənələrimizin qorunmasında müstəsna xidməti var, bizim hər birimiz bu quruma ehtiram etməyə borcluyuq. Sadəcə, fikirlərimi bu səpkidə cəmiyyətə təqdim edənlər özlərinin oynadığı rola mənim də çıxışımı qatmaq istədilər. Amma bu mənim mövqeyim deyil”.

Eldar İbrahimov bu çıxışından öz mənafeyi üçün istifadə edənlərə təəssüfləndiyini vurğulayıb: “Azərbaycanda polisi gözdən salmaq istəyən qüvvələr mənim bu çıxışımdan öz mənafeləri naminə istifadə etdilər. Ancaq bilməlidirlər ki, mən Azərbaycan polisinin dövlətimiz, millətimiz qarşısındakı fəaliyyətini yüksək qiymətləndirirəm. Polisi gözdən salmaq istəyən qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, bundan sonra da belə olacaq”.

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir