Modern.az

Milli Məclisdə Ukraynadan gələn deputatlarla görüş keçirilib

Milli Məclisdə Ukraynadan gələn deputatlarla görüş keçirilib

Təhsil

4 Fevral 2015, 18:15


Fevralın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna nümayəndə heyəti ilə görüşüblər. Modern.az-ın verdiyi xəbərə görə, Azərbaycan-Ukrayna əlaqələrindən danışan komitənin sədri Nizami Cəfərov bildirib ki, dövlətlərimizin və xalqlarımızın tarixi münasibətləri var. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.

Ədəbi əlaqələrin intensivləşdirilməsinin vacibliyinə toxunan komitə sədri son zamanlar bu istiqamətdə mühüm addımların atıldığını söyləyib. Nizami Cəfərov vaxtilə Azərbaycan ədəbiyyatının Ukraynada öyrənilməsi sahəsində görülən işləri qeyd edib. Onun sözlərinə görə, Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlı bu ölkənin həyatında fəal iştirak edir.

Ukrayna Ali Radasının deputatı Maria Matios Azərbaycana səfərdən məmnun qaldıqlarını və burada maraqlı görüşlər keçirdiklərini deyib. O, parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək Ukrayna Ali Radasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun tərkibində çalışmaq istəyində olduğunu diqqətə çatdırıb. Görüşdə digər çıxış edənlər ölkələrimizin ədəbiyyat sahəsində əməkdaşlığının genişlənməsi üçün atılan addımlardan danışıblar. Bu yaxınlarda hər iki ölkə yazarlarının əsərlərinin qarşılıqlı nəşr olunub tanıdılması üçün görülən işləri yüksək qiymətləndiriblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir