Modern.az

Jurnalistikamızın yubileyi

Jurnalistikamızın yubileyi

Media

4 Fevral 2015, 23:43

Novruz NOVRUZOV
jurnalist

ADU-nun (BDU) Jurnalistika fakültəsinin 1975-80-ci illər dövrünə təəssüf  içərisində hörmət və məhəbbətlə

Yaşımızın qan-qan deyən vaxtları idi. Diplomların dəbdə və gücdə olduğu və “mənim uşağım filan yerdə oxuyur” devizi ilə ailəvi sözatma, eyhamvurma, nazsatma və daha nələrin təzahürü ilə sadəcə ali təhsil uğrunda “ölüm-dirim” yarışının getdiyi ötən əsrin 70-ci illərinin tən ortasında jurnalistika fakültəsinin birinci kurs tələbəsi olmuşdum. Yox, elə düşünməyin ki, sivilizasiyaya aparan bu rəqabətə tənə-zad edirəm. Əsla! Nədəndir ki, indi çoxlarının xatirində sovet təlim-tərbiyəsi haqlı olaraq fetişləşib və lənətə gəlmiş imperiya sisteminin nadir müsbət tərəflərindən biri kimi düzgün qiymətləndirilir. Hər nə isə... Məqsəd bu deyil...

I məqalə

DÜNYAYA  NARAZI  BAXIŞ!

Bu yaxınlarda rəhmətlik Famil Mehdinin xatirələrini oxudum və qayıtdım o illərə, yalnız ölmüşkən diri və diriykən diri müəllimlərimizi xoş duyğularla xatırladım, nədəndir ki həyata olan istehzadan və ürəyimin yuxalığından “diriykən ölü”lərlə heç vaxt işim olmayıb.

Famil Mehdi şəxsiyyət idi-xatirələrində yazdığı kimi əyilməz, yalmanmaz və haqbaz! Narahatçılığı gözlərindəydi. Elə bil həmişə kimdənsə, nədənsə və hardansa atıla biləcək kələ-kötür daşdan ehtiyatlanırdı. Və bir də daim nə isə axtarırdı. Famil müəllimin o vaxtlar nə axtardığını indi “Xatirələr”ini oxuyanda bildim:həyatı boyu onu izləyən haqsızlıq burulğanında hərdən üfüqdə görünüb yox olan və hətta olduğu vaxtda da gözə görünməyən haqqı axtarırmış.

Yerişində görünməyən, yalnız duyulan tələsiklik və saymazyanalıq hiss olunurdu. Saymazyanalığı süni idi, görünür, sadəcə atılan və atılacaq daşlar önündə sınmamaq üçün. Amma tələsikliyinin mənası təbiətindən doğurdu: qəlbində dolaşan dağ ağırlığında ideyaların həyata keçməsinə sədd çəkənlərin fitvasından qaçmaq üçün, bəlkə də mühitin cansıxıcı gərdişindən dolayisi səhhətinin vəfasızlığı qorxusu.

Bir dəfə... yaman əsəbiləşdirdik Famil müəllimi. Mənim də daxil olduğum qəzet qrupunun tələbələri ixtisasdan dərsi hazırlamamışdı. Hirslənəndə heç qışqırmağı-filanı yox idi rəhmətliyin. Narazılığı bütün çılpaqlığı ilə üzündə və gözlərində əks olunurdu. Xatırladığım məqamda hirsi o dərəcədə tünd idi ki, üzü narazılıqdan əlavə həm də qaralıb boğulmuşdu. “Daha sizə sözüm yoxdur, seçdiyiniz ixtisasa belə münasibət bəsləyirsinizsə, onda gələcəkdə necə jurnalist olacaqsınız, bilmirəm” – bu sözləri deyib əsəbi halda dərs otağının qapısına doğru addımlamış, çıxhaçıxda “Siz hirslənmək istəməyən adamı əsəbiləşdirirsiniz” cümləsini də əlavə edib auditoriyanı tərk etmişdi. Onun bu halını qrupdakıların hamisi anlamışdı və xəcalətdən heç kim səsini çıxarmamışdı.

Fakültəmizin ən dəyərli xüsusiyyətlərindən biri müəllim və tələbə kontingenti arasında yoldaşlıq münasibətlərinin formalaşması idi. Bu münasibətin təşəbbüsçüləri isə əsasən müəllimlər olurdu. Bir dəfə günorta saatlarında fakültəmizin yerləşdiyi Əlyazmalar İnstitutunun həyətindən “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsinə çıxırdım. Akademiyanın binası tərəfdən dalanın yarısına çatmışdım ki,  küçədə bir taksi dayandı. Maşından düşən Famil Mehdi həmişəkindən daha tələsik addımlarla fakültəyə tərəf addımladı. Ətrafda məndən savayı kimsə yox idi. O məni görən kimi tərəddüd etmədən “1 manatın yoxdu cibində, taksiyə verməyə xırda yoxumdur” –deyə əlindəki üçlüyü göstərib, soruşdu. Cibimdə manatlıq olduğuna görə ürəyimdə allaha şükür edərək pulu cəld verdim və Famil müəllim taksini yola saldı. Üçlüyü mənə vermək istəsə də götürmədim. Bir-iki ay sonra mənimlə yenə həyətdə rastlaşan zamanı  salamlaşıb əlini cibinə salanda mən “yox, yox!” deyərək cəld aralandım. Bu əhvalatı yada salmaqda məqsədim sadəcə xatirə deyil, onun mahiyyəti və doğurduğu məna idi. Famil müəllim vəzifəsinə görə əlində olan imkanlar müqabilində gözünü tələbənin əlinə dikib bir manata pul deməyən “ali məktəb bosslarından” deyildi. Bir manat əvəzinə taksiyə üç manat verməyə cibinin gücü çatmayan bu gözəl insanın, kafedra müdirinin və fəxri professor adı daşıyıcısının varı-dövləti  mənəviyyatı, yaradıcılığı, müəllimliyi idi və çalışdığı fakültənin əsas məziyyətlərindən biri də məhz burada-jurnalistika fakultəsində mənəvi dəyərlərin üstün olması idi.

Uzun illər sonra Famil müəllimin vəfatı xəbərini eşidəndə bu əhvalat yadıma düşdü və qeyri-ixtiyari olaraq “halalınız olsun!” dedim. Sadəcə, elmi-ruhi adətlərimiz çərçivəsində olmaqla yanaşı həm də onun qəlbimizdə yaşayan ruhunun rahatlığı naminə.

Qarabağ işğal olunanda hirslənmək istəməyən Famil Mehdinin qəzəbi coşub daşırdı. 1988-ci ilin yayında Azadlıq meydanındakı çıxışı ilə bütün ölkəni lərzəyə gətirərək ayağa qaldıran Famil Mehdi yanğısı istisinə isinə bilmədiyimiz uzaqdan görünən məşəl kimi xatirələrimizdə qaldı. O, Qarabağ uğrunda mənən şəhid oldu.

II məqalə

...BURA BAŞQA FAKULTƏLƏRİN TAYI DEYİL

Etiraf heç də hamının malik olmadığı cəsarətin təcəssümüdür

Açığı, birinci kursda oxuyanda ən çox zəhləmiz (bu sözə görə min kərə üzr istəyirəm, amma, nə edim, olanı yazıram) gedən şəxs Əliş müəllim idi : Əliş Nəbili. Fakültəyə təzə gələn bütün tələbələr kimi biz bu versiyanı sələflərimizdən qəbul etmişdik, çünki o, fakültə partiya təşkilatının katibi idi.

1976-cı il mart ayının 21-də Azərbaycanın müstəqilliyi, başqa sözlə, sovet imperiyası əleyhinə keçirilən ilk mitinqlərdən birinə bizim fakültədən və qrupdan da bir neçə etibarlı şəxs dəvət edilmişdi. Tədbirin təşkilatçıları və iştirakçıları əsasən universitetin və Lenin adına pedaqoji institutun humanitar fakültələrində təhsil alan tələbələr idi. Həmin tədbiri partizansayağı həyata keçirdik, çünki universitet rəhbərliyi başda partiya təşkilatı olmaqla mitinqin keçirilməsinə hərtərəfli mane olmağa çalışırdı. Təbii ki, jurnalistika fakültəsinin partkomu Əliş Nəbili komsomol təşkilatı katibi Əli Səmədova (ΙV kurs tələbəsi, mitinqin gizli  tərəfdarlarından biri) yuxarıların “şuluqluq salmamaq” haqda xüsusi tapşırığını çatdırmışdı və bununla bizi daha da qeyzləndirmişdi.  Üstəlik, o vaxt bayram sayılmayan 21 mart Novruz bayramı gününə... iməcilik salınmışdı.

Birinci kursun yay imtahan sessiyası zamanı Əliş müəllimin tədris etdiyi  və bizim üçün ixtisas fənni sayılan “Qəzet tərtibatı” üzrə imtahanda baş verən qalmaqal isə onu mənə az qala düşmən səviyyəsinə qaldırmışdı.

Məsələ belə olmuşdu: imtahandan 5 qiymət almaq arzusunu boğa bilməyən tələbələrdən biri ona olan hörmət və ehtiram sayəsində imtahandan əvvəl tanışları vasitəsilə bir imtahan bileti əldə edə bilir və biletdəki suallar üzrə yaxşıca hazırlaşır. İmtahan zamanı bilet çəkəndə isə ona düşən biletin yox, özündə olan biletin nömrəsini deyir və onu Əliş müəllimə təqdim edərək əla cavab verib 5-ni alır. Ancaq.., sonradan həmin tələbə nə etdiyini anlayır və qəlbinin təmizliyindən düşünür ki, məsələ açıla bilər və üstü açılacağı təqdirdə baş verə biləcək olayın biabırçılığı onu təhdid edir. Buna görə də səhvini düzəltmək qərarına gəlir. Ancaq, necə? Çıxış yolunu bileti qaytarıb yerinə qoymaqda görür. Lakin bileti əldə edən şəxs eyni yolla vəziyyəti düzəltməkdən çəkinir. Belə olan halda elə imtahanın gedişində bunu etmək qərarına gəlirlər və “etibarlı” adam axtarırlar. Onun deməyinə görə çox çək-çevirdən sonra yalnız mənə “etibar etməyin” mümkünlüyü qənaətinə gəlir və...

“-Yox!”, əvvəlcə qəti etiraz etdim. Hətta iki-üç müraciətdən sonra da bildirdim ki, işin üstü açılsa bunun xəcalətindən qurtarmaq olmaz. Amma həmişə şax gəzən tələbə yoldaşımızın az sonra bir küncdə məlul dayanması qəlbimi yumşaltdı və gənclik entuziazmı məni fədakarlığa (etiraf edim ki, həyatda belə fədakarlıqlardan çox vaxt cəfa görmüşəm, lakin hər halda insanda mənəvi özünəinamlılıq, dara düşənə imkan daxilində edilən köməkdən məmnunluq yaradan əməllərdən qaçmamışam) sövq etdi. Onu toxdatmaq üçün əzik-üzük olmuş bileti aldım, hətta onu içəri necə ötürəcəyimi bilməsəm də.

Təbii ki, elə belə də oldu: tələbə yoldaşımızın verdiyi bileti təqdim etsəm də, öz çəkdiyim bilet əlimdə qaldı. Mən cavab verəndə Əliş müəllim bayıra çıxmışdı. Köməkçi müəllim Nəsir Əhmədov sakitcə mənim cavablarımı dinləyib gülə-gülə 4 qiymət verdi və mən etiraz etmədən dinməzcə otaqdan çıxmaq istəyirdim ki, Əliş müəllim qayıtdı və dərhal mənim cavabımla maraqlandı. Əzilmiş bileti görən kimi isə kişini od götürdü. Heç demə bir neçə il əvvəl qruplardan biri belə zəncirvari üsuldan istifadə edərək “beş”ləri yan-yana düzübmüş. Üst-başımı yoxlasa da bilet tapılmadı. Təbii ki, mən də təqsirimi boynuma ala bilməzdim, çünki arada “başqasını satmaq” söhbəti vardı ki, bu da başa gələn iş deyildi.

Məni imtahandan çıxartdılar. Hay-küy qalxdı, nə qalxdı. Yuxarı kurs tələbələri dedilər ki, “qanın getdi”, dekan Şirməmməd Hüseynov belə məsələləri həzm edən deyil, ən azı səni universitetdən qovacaq. Həqiqətən, bir neçə gün sonra dekanın katibəsi mənə yaxınlaşaraq “içəridə” olan söhbəti çatdırdı. (Sonralar anladım ki, bu söz almaq üçün qəsdən edilmiş bir tryuk imiş). Fakültə soveti mənim universitetdən xaric olunmağım üçün qərar verib-bunu deyən katibə məsləhət gördü ki, vəziyyətdən çıxış üçün bir yol qalır: təşkilatçıların adlarımı açıqlamaq.

Bu təklif məni yaman qıcıqlandırdı. Demək, müəllimlər düşünürmüşlər ki, mən satqınlıq etməyi bacararam. Buna görə qızışdım, nə qızışdım. Ucdantutma müəllimlərin hamısını yuyub sərdim və təntənəli şəkildə bildirdim ki, bu iş mənlik olmasa da hər şeyi bilirəm, bileti kim çıxardıb, kimin üçün çıxardıb və kim bu üsuldan istifadə edərək qiymət alıb. Amma mən satqın deyiləm. Eyb etməz, nə olar, qovurlar qovsunlar, uzaqbaşı gedəcəm əsgərliyə, iki il geri düşəcəm. Ancaq əsgərlikdən qayıdıb prinsipiallıq naminə yenə bu fakültəyə daxil olacam. Ondan sonra Əliş Nəbiliyə və Şirməmməd Hüseynova qarşı mübarizəyə başlayacağam, görüm mənim qarşımda necə dayanırlar.

Həmin an nigarançılığım yalnız valideynlərim sarıdan idi. Onlara bu məsələni necə deyəcəm və onların səhhətinə bu hadisə necə təsir edəcək fikri məni əzirdi. Lakin qovulmaq prosesini artıq özümə təlqin edirdim ki, həyat yolumun dəyişməsi sarsıntı yaratmasın. Satqınlıq etməməyim başlıca mənəvi alibim idi və buna görə vicdanımın rahat olması məni tam ovundururdu.

Əsgəri xidmətimi necə keçirməyi planlaşdırdığım halda gözlədiyimin əksinə olaraq üç  gün sonra Əliş müəllim kafedrada yüngülvari bir imtahan təşkil elədi. Biletdəki suallara cavab versəm də xala-xətrin bir “üç” yazdı və qəti bildirdi ki, 3-cü kursda bu fəndən daha çətin imtahan verəcəyik və o zaman hər nə şəkildə olsa mənə “iki” yazıb universitetdən qovduracaq.

Mənim oduma o vaxt qrup nümayəndəmiz olan Seyidağa Cabbarov da yandı, onu da imtahandan saxlamışdılar, çünki düşünürdülər ki, potensial təşkilatçı odur. Əliş müəllim ona da “3” yazıb təqaüddən məhrum etdi. Halbuki o yazığın (bir neçə il əvvəl vaxtsız vəfat edib-allah rəhmət eləsin) heç xəbəri yox idi.

Ancaq çox sonralar öyrəndim ki, bütün müəllimlər kulisdə “satqın olmayan tələbənin bağışlanmasına” yekdilliklə səs verməklə yanaşı onun bu xüsusiyyətini yüksək səviyyədə təqdir ediblər. 3-cü kursda isə Əliş müəllimin imtahanına həlledici döyüş ruhunda hazırlaşsam da “vuruş” baş tutmadı. Ötən 3 ildə müəllim və tələbələr bir-birlərini yaxşı-pis tanımışdılar, kimin canında nə olduğu bilinirdi. Əsasən şeir-sənətə bağlı olan tələbə-jurnalistlər yalnız texniki elmlərə bağlılığına görə (materialların həcmə görə hesablanıb səhifələrdə yerləşdirilməsi)  sevmədikləri “qəzet tərtibatı” fənni hamıya çətin görünürdü. Əslində elə bir çətinliyi yox idi. Bəlkə də bu mənə belə gəlirdi. Hər halda bu fəndən qətiyyən problemim yox idi. İmtahanda isə Əliş müəllim məndən heç nə soruşmadı və “Kommunist” qəzetinin ikinci səhifəsinin mövzularını özüm müəyyənləşdirməklə maketini tutmağı tapşırdı. Bu, mənim üçün çox asan idi və o özü də bunu bilirdi. Təbii ki, mən tapşırığı tez yerinə yetirdim və imtahandan “2” yox, “5” qiymət aldım.

Sonuncu kursda isə Əliş müəllimi daha yaxından tanıyırdıq və onun gözəl insani sifətlərini təqdir edirdik (yeri gəlmişkən, həmin vaxt artıq o, partkom deyildi). Hətta iş o yerə çatmışdı ki, mən qarşılaşdığım problemlər barədə də onunla məsləhətləşirdim. Dövlət imtahanı və diplom müdafiəsi ərəfəsində bir müəllim barədə narazılığımı ona bildirəndə ərklə sərt şəkildə dedi:

-Qələt eləyir, onun başı xarab olub,  fikir vermə, imtahandan-zaddan isə qorxma, mən də komissiyanın üzvüyəm. Özü də ağlın başqa fakültələrə getməsin, bura jurnalistika fakültəsidir, o biri fakültələrin tayı deyil.

O haqlı idi. Fakültəmiz başqa fakültələrə baxanda haqq-ədalət nümunəsi və kasıblar üçün idi. Birinci kursda Əliş müəllim haqqında düşündüyümüz yanlışlığa görə sonralar təəssüf hissi keçirirdim və bu, indi də davam edir. Allah rəhmət eləsin Əliş Nəbiliyə. Həmişə onu böyük rəğbət hissi ilə xatırlayıram.



III məqalə

DƏRDLƏRİMİZİN DOSTLARI

Ömürləırini jurnalistika fakültəsinə bağlayan Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədli bizim vaxtımızda hər bir dərdimizi deyə bildiyimiz gənc müəllimlər idilər.

Cahangir müəllim işinin çəmini həmişə bilən adamdır. Yeri gələndə gülə-gülə cəsarətli addımlar da atır, əsəbiləşəndə gülə-gülə sözünü də deyir. Onun namizədlik dissertasiyası Azərbaycan dilinin üslub xüsusiyyətlərilə bağlı mövzu idi. Bu haqda özü mənə danışmışdı:

-Adam gərək yeri gələndə cəsarətli addım atmağı bacarsın. Mən axırıncı kursda olanda dilimizin korlanması ilə bağlı yazı hazırlamaq üçün fakt toplayırdım. Öyrəndiklərim göstərirdi ki, bu sahədə vəziyyət heç də yaxşı deyil. Buna görə məsələyə dövlət qurumlarını da cəlb etmək üçün götürüb mərkəzi komitəyə bir teleqram vurdum ki, bəs, dilimiz əldən gedir, təcili tədbirlər görülməlidir. Bir müddət sonra məni çağırdılar universitet rəhbərliyinə və dil barədə elmi iş yazmağı təklif etdilər. Heç demə, mərkəzi komitədəki səlahiyyətli şəxslər deyiblər ki, madam bu tələbə dilə görə belə həyəcan təbili çalır, onda qoy elə özü də bu sahədə tədqiqatla məşğul olsun. Beləcə, mən elmi və pedaqoji fəaliyyətə başladım.

Fakultə dekanının müavini Akif müəllim o qədər sadə rəftarlı insan idi ki, bütün tələbələr onu özlərinə simsar bilirdilər. Fakültədə ona böyük rəğbət hissi vardı. Akif müəllimə yaxınlaşaraq qarşılaşdığın problemi onunla bölüşmək həmişə mümkün idi. Jurnalistika fakültəsinin inkişafında, jurnalist kadrlarının hazırlanmasında inkaredilməz zəhməti olan Akif Rüstəmovun əməyinin qiymətləndirilməməsi, məsələn, ona nə üçün əməkdar jurnalist adının verilməməsi hər bir halda təəccüb doğurur.

Nəsir Əhmədovsa bizimlə tay-tuş kimi davranırdı və biz onun savadlı mühakimələrinə hörmətlə yanaşırdıq.

İndi hansısa tədbirdə bu üçlükdən biri ilə görüşəndə aramızda o qədər səmimi münasibət sərgilənir ki, qıraqdan baxan deyir, bəs, yaxın qohumlarıq.

IV məqalə

“Həə.., bu fakültədə ya Qulu müəllim bizi ədəbiyyatçı edəcək, ya da biz Qulu müəllimi jurnalist”

Birinci kursda dekan Şirməmməd Hüseynovdan çəkinirdik. Çünki, yuxarı kurs tələbələrinin tövsiyələri arasında onun adı birinci çəkilməklə yanaşı həm də “dəhşət” saçırdı: “Çalışın ilişməyəsiniz, o yan-bu yan oldusa, qurtardı getdi, qovulacaqsınız. Dekan tapşırığa-filana baxan deyil, pulu (rüşvəti) da yaxına buraxmır”.

Deyildiyinə görə, bizdən bir neçə il əvvəl fakültəyə qəbul olunmuş 50 nəfərdən axıra 26 nəfər qalıbmış, qalan 24 nəfəri isə Şirməmməd müəllim qovubmuş. Bütün bunların haqsız olması barədə isə bir kəlmə də deyilmirdi, sadəcə oxumayan tələbə dekanın gözünün düşməni imiş.

Amma bizim kurs “şanslı” oldu: ikinci ilimizdə Şirməmməd müəllim öz ərizəsinə əsasən dekan vəzifəsindən istefa verdi və oldu kafedra müdiri. Kimlərsə buna sevindisə də, təəssüflə qarşılayanlar da az olmadı. Çünki, Şirməmməd Hüseynov təkcə oxumayan tələbələrə münasibətdə sərt deyildi, o eyni zamanda tələbələri haqsız incidən müəllimlərə də fakültədə dərs verməzdi.

Bəli, Şirməmməd müəllimin vəzifəsi dəyişildi, ancaq xarakteri olduğu kimi qaldı: konkret, qətiyyətli və haqpərəst.

Dördüncü kursda “Mətbuat tarixi” üzrə bizə silsilə mühazirələr oxudu. Ciddi, təmkinli və faktlarla zəngin mühazirələrə hamımız diqqətlə qulaq asırdıq. Semestrin axırında imtahana da ciddi hazırlaşmışdıq. Amma heç də hər oxuyan Şirməmməd müəllimin sorğu-sual ələyindən keçə bilmədi.

İmtahan biletində iki sual vardı. Mənim biletimin sualları Kuba Kommunist Partiyasının orqanı “Qranma” jurnalı və  Avropada söz və mətbuat azadlığına rəvac verən ilk burjua inqilabı barədə idi. Cavablar mənə aydın idi və cavab vermək üçün qayda üzrə oturub növbəmi gözlədim. Məndən əvvəl kimsə “Qranma” jurnalı haqda danışdı. Sonra əlaçı bir tələbə öz cavablarını düdüləyib tökdü. O, sözünü bitirəndə Şirməmməd müəllimin sözləri uzada-uzada, aramla dediyi fikir hamını diksindirdi:

- Həəə, bura qədər danışdıqların heç nə, indi mənim suallarıma cavab ver görüm nə bilirsən?!

Lakin tələbə yoldaşımız əlavə suallara da cavabında dayanmadan danışdı və təbii ki, tarixi faktlara söykənməyən, mövzunun mahiyyətini açmayan söz yığını Şirməmməd müəllimi heç cür qane etmədi.

- Müəllim, mən əlaçıyam, imtahana da yaxşı hazırlaşmışam, xahiş edirəm, məni əlaçılıqdan salmayın, yenə suallar verin, mən “5” almaq istəyirəm - deyə tələbə az qala yalvardı.

- Beş?! Nə beş! Mən hələ fikirləşirəm, necə edim ki, sənə bir “3” yaza bilim. Durmadan danışmaq bilmək anlamına gəlmir. Siz mətbuat tarixindən imtahan verirsiniz. Tarix söz yığını demək deyil, konkret faktlar və hadisələrdir. Çıx, dəhlizdə gözlə hələ bir, görək neynirik, əslində bu cavabına görə qiymətin “iki”dir.

Bu məsələdən sonra gərginlik artdı nə artdı. Tərs kimi də növbə mənə çatmışdı. Müəllimlərin qarşısında əyləşib, təmkinlə birinci sualı oxudum: “Qranma” jurnalı.

Dərhal Şirməmməd müəllim sözümü kəsdi və aramızda belə bir dialoq oldu:

- Səndən əvvəl bir nəfər bu suala ətraflı cavab verdi. Bilməsən də, o cavabdan sonra artıq bilirsən. Hesab edək ki, bu suala normal cavab vermisən. Keç ikinci suala.

- XIX əsrdə Avropada burjua inqilabı.

- Harada və nə vaxt baş verib?

- 1848-ci ildə, Fransada.

- Bunun ümumilikdə Avropaya təsiri özünü necə göstərib?

- 1850-ci ildə Almaniyada da burjua inqilabı baş verib.

- Bu iki inqilabın fərqi nə idi?

- Fransada fəhlə sinfi pərakəndə halda, Almaniyada isə artıq mütəşəkkil qüvvə kimi çıxış edirdi.

- Aydındır, sənə "4" qiymət vermək istəyirəm, razısan?

- Razıyam.  

Qısa, konkret və məsələnin əsas mahiyyəti. Şirməmməd Hüseynov tələbələrdən bu meyarlarla cavab istəyirdi. Uzunçuluq, sözçülük, baş aldatmaq, yalançı humanizm adı ilə yola vermək onun xislətinə və fəaliyyətinə zidd idi. Hər bir halda 5 illik tələbə həyatımda mən müəllimimizi belə görmüşəm.

Şirməmməd Hüseynovla növbəti təmasım 5-ci kursda, diplom müdafiəsində oldu. Mənim diplom işimin adı “Qobustan jurnalı: son 10 il nəşrinin xronoloji təhlili” idi. Mövzunun rəhbəri filologiya elmlər doktoru, professor Qulu Xəlilov, rəyçi Şirməmməd Hüseynov idi. Diplomun iş planını hazırlayıb elmi rəhbərlə razılaşdırdım. Birinci hissəni bitirəndə Qulu müəllim məni fakultəmizin yaxınlığınada yerləşən evinə dəvət edib, yazdığım təhlili oxutdurdu və bəyənib dedi ki, ikinci hissəni də bu ruhda davam etdir, belə getsə lap namizədlik dissertasiyası səviyyəsində alınacaq. Mən də şad-xürrəm gedib işimə davam etdim və tezliklə diplom hazır oldu.

Şirməmməd müəllim rəy yazmaq üçün diplomun surətini məndən aldı və bir müddət sonra vədələşib kafedrada görüşdük,  ikilikdə oturub müzakirə etdik. Əslində mənim deyiləcək  bir sözüm yox idi.

Rəyçi diplomu diqqətlə oxuduğunu, müəyyən qeydlərinin olduğunu bildirdi və sonra  aram-aram fikrini açıqladı. Mən də arın-arxayın hər şeyin normal olduğu qənaəti ilə gözümü zilləmişdim müəllimimizin üzünə, etiraf edim ki, müsbət mülahizələr gözləyirdim. Amma əvəzində Şirməmməd müəllimdən elə bir tənqid leysanı gəldi ki, bir neçə dəqiqə sadəcə nə edəcəyimi, necə davranacağımı bilmədim. İlk ağlıma gələn fikir bu oldu ki, ortada qərəz var. Amma, nə?! Axı, müəllimlərlə biz-tələbələrin münasibəti yüksək səviyyədə idi..! Nə oldu ki, birdən-birə Şirməmməd müəllimin üzü dəyişdi?! Üstəlik, elmi rəhbər də diplom barədə yüksək fikirlər səsləndirmişdi.

Amma özümü toplayıb səbrimi basa bildim. Eşitdiklərim beynimdən bəlli olmayan sürətlə süzüldü və belə bir qənaətə gəldim: “Ey dili-qafil, bəs, bilmirdin ki, Bəxtiyar Vahabzadənin jurnalda çap olunmuş hekayəsini tənqid eləməyin axırı belə olacaq?! Axı, o, Şirməmməd müəllimin yaxın dostu və yerlisidir! Sən isə yazmısan ki, hamı tərəfindən sevilən, ədəbiyyatda özünü təsdiq etmiş məşhur şairin belə sönük hekayə yazması absurd bir işdir və görəsən jurnal hansı meyarlarla bu hekayəni çap edib?! Təbii ki, bu səbəbdən rəyçi diplom işini tənqid edir”.  Qənaətim subyektiv olsa da hər halda suyun durulması məndə rahatlıq yaratdı və tam sakit tərzdə gülümsəyib fikrimi dedim:

-Başa düşdüm, Şirməmməd müəllim, Bəxtiyar Vahabzadə sizin dostunuzdur, mən də onun hekayə yazmasını tənqid etmişəm.

Qaşlarını yuxarı qaldırıb başını dikəltdi və zənlə mənə baxıb tövrünü pozmadan dedi:

-Düz deyirsən, Bəxtiyar mənim dostumdur, amma bizim dostluğumuzun bu məsələyə heç bir dəxli yoxdur,-dedi. Bir az düşünüb: “Bu fakultədə ya Qulu Xəlilov bizi ədəbiyyatçı edəcək, ya da biz Qulu Xəlilovu jurnalist”- sözlərini əlavə etdi. Sonra da “Get, müdafiəyə hazırlaş”-dedi.

Diplom müdafiəsi günü Qulu müəllimlə Şirməmməd müəllim müdafiə otağına birlikdə daxil oldular. Qulu müəllim məni görən kimi əlini qaldırıb barmağını havada şəstlə silkələdi: “Ə, möhkəm ol, “beş” almalısan, ha!” Deyəsən, məsələdən hali idi və məni mübarizəyə səsləyirdi.

Professora cavab verməyib, sadəcə gülümsədim. Hələ də düşünürdüm ki, Şirməmməd müəllim təklikdə mənə bildirdiyi iradların üstündən müdafiə vaxtı ötəri keçib gedəcək. Amma yenə gözlədiyimin əksinə olaraq Şirməmməd müəllim iradlarını elə kəskin və mühakiməedici tərzdə  bildirdi ki, bu dəfə əməlli-başlı qeyzləndim. Komissiyanın 8-10 nəfər üzvü və beş il birgə təhsil aldığı yoldaşları qarşısında tələbəni pafosla tənqid etməyin nə adı vardı?! Diplom pis yazılıbsa, siz də rəyinizi mənfi yazın qurtarsın getsin, daha bunu aləmə car çəkməyin nə mənası var? Tənəffüsdə qərara aldım ki, müdafiəni elə rəyçinin danışıq ahəngində pafosla başlayım və ilk cümləni də müəyyənləşdirdim: “Şirməmməd müəllim adi bir diplom işi haqda rəyini elə bildirdi ki, sanki mən cinayətkar, rəyçi isə müttəhimə hökm tələb edən prokuror idi”.

Xitabət kürsüsünə qalxanda düşündüyüm kimi sinəmi pafos havası ilə doldurub “möhtəşəm” nitqimə başlamaq istəyirdim ki, komissiya üzvü Nurəddin Babayev sözümü ağzımda qoydu:

-Yaxşı olar, deyəsən ki, Şirməmməd müəllimin iradları tamamilə yerində deyilib, universitetdən sonrakı iş fəaliyyətimdə bütün bu iradları nəzərə alacam, daha mükəmməl elmi tədqiqatlar aparacam - görünür təhər-töhürümdən o, məsələni anlamışdı yaxud ayrı səbəb bilirdi, hər halda mənə belə ağsaqqal məsləhəti verdi. Köksümdəki yüksək təzyiqli havanı boşaldıb fikirləşməli oldum və komissiya üzvlərini bir-bir nəzərdən keçirdim. Bir-iki nəfərdən başqa qalanları müəllimlərimiz idi. Sevimli Famil Mehdinin qayğılı gözləri, həmişə adını hörmətlə çəkdiyimiz dekan Tofiq Rüstəmovun narahat baxışları, Akif Rüstəmovun, Cahangir Məmmədlinin, Əliş Nəbilinin və digərlərinin üzlərindəki ifadədən anladım ki, biz bayırda tənəffüsdə olanda içəridə gərgin mübahisə gedib. Açıq-aydın görünürdü ki, məsələ tələbənin şəxsiyyətində yox, “jurnalizm-filologiya” prinsipindədir. Qulu Xəlilov mənim duruxmağımı acıqlı gözlərilə müşayiət edir, Şirməmməd Hüseynov isə döyüşə hazır vəziyyətdə baxırdı. “Bu fakultədə ya Qulu Xəlilov bizi ədəbiyyatçı edəcək, ya da biz Qulu Xəlilovu jurnalist” sözlərini xatırladım və mənə aydın oldu ki, Şirməmməd müəllim mənə qarşı yox, jurnalistikanı ədəbiyyata çevirmək tendensiyasına qarşı vuruşmaq əzmindədir. Akif müəllimin “ay jurnalistlər, yazılarınızda mütləq rəqəmlərə istinad edin”, Cahangir müəllimin “mənə səviyyəli oxucu verin” fikirləri də hardansa yadıma düşdü. Düşüncələrin nəticəsi bu oldu ki, Nürəddin müəllimin məsləhətinə əməl etməyə qərar verdim. Əllərimi yanlara geniş açıb:

-Nürəddin müəllim mənim əvəzimdən cavab verdi-dedim.    

O vaxtdan bəri həmişə düşünmüşəm ki, düz elədim, həmin şəraitdə məsləhətə qulaq asmamaq mübarizlik yox, hörmətsizlik və qanacaqsızlıq olacaqdı və sonda mənasız bir nəticə əldə ediləcəkdi. Çünki Şirməmməd müəllimin prinsipiallığı şəxsi münasibətlər zəminində yox, jurnalistikanın inkişafı naminə idi.

P.S. Diplomdan mənə 4 qiymət verildi. Müdafiədən bir həftə sonra Axundov bağının qənşərində Qulu müəllimlə Cahangir müəllim birlikdə qarşıma çıxdılar. Salam verdim. Cahangir müəllim dayanıb hal-əhval tutdu, Qulu müəllim isə salamlaşmadan incik halda ötüb keçdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi