Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
Qonaqları salamlayan Prezident İlham Əliyev Polad Bülbüloğlunun 70 illik yubileyini Vətənində, dostları və yaxınlarının əhatəsində qeyd etməsini yüksək qiymətləndirib.
”Bizi Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz kimi, növbəti yubileyə qədər də tez-tez görüşəcəyik. Bu, mənim Polad Bülbüloğluna təqdim etdiyim ilk mükafat deyil, 10 il əvvəl ona “İstiqlal” ordeni təqdim edilmişdi, bu gün isə “Şərəf” ordeni təqdim edilir”.
Prezident deyib ki. Polad Bülbüloğlunun yaradıcılığının milli köklərə yaxınlığı, eyni zamanda, keçmiş Sovet İttifaqı respublikalarında rəğbətlə qarşılanması onu daim heyrətə gətirib.
”Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlunun yaradıcılığı xalq yaradıcılığıdır. Onun yaradıcılığının kökləri Azərbaycan tarixinin ən dərin izlərinə gedib çıxır. O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib. Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib. Əvvəllər belə termin işlədilmirdi, amma indi bu termini işlətmək olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək istəyirəm ki, o, ancaq özünün bəstələdiyi mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun istedadının dərinliyini əks etdirir. O, həyatı boyu sevimli işi ilə məşğul olur. Əsas da elə budur: həm musiqiçi, həm ifaçı, həm də yaradıcı insan və bu gün də Azərbaycanın Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə də yaradıcı yanaşır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox işlər görür. Azərbaycan dövləti, Azərbaycan xalqı adından onu yubiley münasibətilə bir daha təbrik etmək və yüksək mükafatı təqdim etmək istəyirəm”.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini Polad Bülbüloğluna təqdim edib.
SSRİ xalq artisti İosif Kobzon çıxış edərək deyib ki, Polad Azərbaycandan qidalanır. Onun üçün Azərbaycan mənbədir, anadır, həmişə ehtiram göstərdiyi xalqdır. Polad da xalqını Rusiyada layiqincə təmsil edir.
”Sağ olun ki, Siz gözəl xanımınızla bu tədbirə gəldiniz. Sizin xanımınız və onun xeyirxahlığı haqqında da bizim çox gözəl məlumatımız var. Sağ olun ki, mədəniyyətə bu cür gözəl münasibət bəsləyirsiniz. Hər dəfə Bakıya gələndə şəhərin göz qabağında bu cür dəyişməsi bizi heyran edir. Söhbət təkcə gözəl, uca binalardan getmir. Söhbət həm də küçələrin təmizliyi, həmçinin sakinlərin gözlərindən yağan saflıq, onların Azərbaycanın qonaqlarına olan səmimi münasibətindən gedir”.
Çıxışlardan sonra qonaqlar adından İlham Əliyevə müxtəlif həddiyyələr verilb. Sonda xatirə şəkli çəkdirilib.



Modern.az