Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatı Nəsib Nəbioğlu AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikliyə cavab verib. N.Nəbioğlu Modern.az saytına göndərdiyi məktubda yazır:
AYB-nin Moskva bölməsinin sədri Tofiq Məliklinin Modern.az-a açıqlaması məni olduqca təəccübləndirdi. Belə yerdə deyirlər “Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı”. Bəribaşdan onu deyim ki, AYB-nin Moskva bölməsinin sədri Tofiq Məliklinin Modern.az-a verdiyi açıqlama iftiradır, həqiqətə uyğun deyil. Bir də mən başa düşmədim, bu toplantıda Sultan Mərzili də narazılıq eləyib. Bəs görəsən niyə T. Məlikli öz cavabıni mənim ünvanıma yönəldir?
Yanvar ayının 27-də saat 15-də Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin yığıncağı keçirildi. Bu, bölmənin AYB-nin Bakıda keçirilən XII qurultayından sonra ilk yığıncağı idi. Bölmənin yığıncağında cəmi 6 nəfər - Tofiq Məlikli, İlham Bədəlbəyli, Sultan Mərzili, Rafiq Qafarov, Afaq Şıxlı və mən iştirak etmişik. Onu da deyim ki, Afaq Şıxlı AYB üzvlüyünə təzə keçdiyindən, ilk dəfə idi ki, bölmənin toplantısında iştirak edirdi.T.Məliklinin qoyduğu qaydaya görə, heç bir yazıçının bölməyə ərizə yazmadan bölmənin yığıncağında iştirak etməyə haqqı yoxdur. Onu toplantıya Tofiq Məlikli özü dəvət eləyib. Çünki bölmədə ta başqa adam qalmayıb. Onlar sözləşib yığıncağa birlikdə gəlmişdilər. Onu da deyim ki, A.Şıxlını da T.Məlikliylə mən tanış eləmişəm. Mənimlə isə “Şəhriyar” cəmiyyətinin sədri publisist Vasif Məmmədov və tarix elmləri doktoru şair, publisist Əşrəf Hüseynli tanış ediblər. T. Məlikli Afaq Şıxlını sonradan tanıyıb. Moskvada yaşayıb, yazıb-yaradan çox sayda daha istedadlı yazıçılarımız, şairlərimiz bölmədən uzaqlaşdırılıb. Bütün bunların baisi, səbəbkarı T.Məliklidir. Onlara bölmədə fəaliyyət göstərmələrinə imkan verməyib. Şəxsi münasibətlər zəmində Abuzər Bağırov kimi zəhmətkeş, məsuldar yazıçının bölməyə gəlməsini istəməyib
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi 2003-ci ilin, oktyabr ayının 25-də yaradılıb. Bu qurumun fəaliyyətə başladiğı gündən mənim əsas məqsədim müxtəlif birliklərdə təmsil olunan, Moskvada yaşayıb-yaradan yazıçılarımızı, şairlərimizi, eyni zamanda müxtəlif qələm sahiblərini bir araya gətirmək, bir qurum ətrafında birləşdirmək, bu qurumda cəmləşdirmək olub. Tarixi vətənimizlə ədəbi əlaqələrimizi genişləndirmək, Azərbaycan ədəbiyyatını məskunlaşdığımız Rusiyada və gücümüz çatan ölkələrdə layiqincə təmsil etmək olub. Bölməmizin əsas məqsədlərindən biri də milli ədəbiyyatımızı təbliğ etmək, rus və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələr yaratmaq, onları inkişaf etdirmək, möhkəmlətmək olub.
Əslində bölmə yarananda mənim təklifim beləydi ki, istər Rusiya Yazıçılar ittifaqlarının, istərsə də AYB-nin üzvü olan yazıçılarımız avtomatik AYB-nin Moskva bölməsinin üzvü olsunlar. Mənim bu təklifimdə yekdilliklə bəyənilmişdi.
Mən həmin vaxtdan Moskvada yaşayan yazıçılarımızın siyahısını tutaraq bölməyə dəvət eləmişəm. Bölməmimizin ilk siyahıda olan üzvləri bunlar idilər. Çingiz Hüseynov, Əbdül Hüsüynov, Alla Axundova, Tofiq Məlikli, Nəsib Nəbioğlu, Abuzər Bağırov, Zümrüd Quliyeva, Sultan Mərzili, Əliş Əvəz, Rafiq Qurbanov, Sabir Abdulla.
Sonralar Rafiq Qafarov, Fərhad Ağamalıyev də bölməmizin üzvü oldular. Eduard Bağırovu isə T.Məlkli bölməyə üzv seçdi. O da bir dəfə də olsun tədbirlərimizə gəlmədi və sonra Azərbaycanın əleyhinə danışaraq üzvlükdən imtina etdi. S.Vurğunun 100-illik yubileyində, Ramiz Abutalıbov da AYB-nin fəxri üzv seçildi. O da bir neçə tədbirimizdə iştirak elədi, sonra tədbirlərimizə qatılmadı. Onu da deyim ki, Çingiz Hüseynov, Alla Axundova bölməmizin yaranmasında iştirak eləməyiblər, T. Məliklinin göstərişiylə bu nüfuzlu yazıçılarımız təsis iclasına dəvət olunmayıblar. Bir daha deyirəm bu yazıçılar bizim tədbirlərimizə gəlməyiblər, bölməmizin işində iştirak eləməyiblər.
Amma bölmənin üzvü olmasalar da, şəxsən mən onlarla əlaqələrimi kəsməmişəm. Ç. Hüseynov 35 illik dostum, Alla Axundova isə müəllimim olub.
Bizim bölmə yarandığı zaman Çingiz Hüseynova müraciət olunmayıb, əgər o dəvət olunsaydı bölməyə sədr onu, yaxud Alla Axundovanı seçərdik.Çünki onlar daha talantlı, daha nüfuzlu, daha məşhurdurlar. T.Məliklini isə az adam tanıyırdı.
Çingiz Hüseynovun, Alla Axundovanın yaradıcılığı Azərbaycan nəsrində və poyeziyasında mühüm yer tutur. Uzun illər yazıçılar ittifaqlarının üzvləri olan, kifayət qədər həm Rusiya, həm də Azərbaycan ədəbi mühitində tanınan bu ədiblərimiz təzədən ərizə yazıb bölməyə üzv olmaqlarını qürurlarına sığışdırmadılar. Nə qədər yalvarıb yaxarsam da, onları bölməyə gətirmək mümkün olmadı. Dediklərimi AYB-nin rəhbərliyi də bilirdi.
Bölmənin qabaqcadan hazırlanan planları əsasında indiyə qədər çox sayda müxtəlif tədbirlər həyata keçirmişik. Şair və yazıçılarımızın xatirə günlərini, çap etdirdiyimiz kitabların təqdimatlarını keçirmişik. Onu da deyim ki,bu tədbirləri məhz öz hesabımıza, öz maliyə dəstəyimizə güvənərək həyata keçirmişik. Heç bir kəsdən təmənna ummadan, heç bir yerdən dəstək almadan ədəbiyyatımızı, mədəniyyətimizi, layiqincə təmsil eləyirik. Bu tədbirlərin həyata keçməsində yazıçı və şairlərimizin əsərlərinin nəşrində mənim böyük zəhmətim var. Bunu hamı bilir. Mən bunları heç kəsin diqtəsiylə eləməmişəm. Bunu özümə mənəvi borc bilmişəm.
Tofiq müəllim keçən ilin yayından Bakıdadır. AYB-nin Bakıda keçirilən XII qurultayından 8 ay keçməsinə baxmayaraq, qurultaydan, özünün AYB idarə heyyətinə seçildiyindən, bir ay yarım AYB-də çalışıb bəzi işləri səhmana saldığından, AYB-ni “ölü canlar”dan təmizliəməyə başladığından danışdı. Amma bunun çətin məsələ olduğunu da, dedi. Hətta ömründə bir cümlə yazmayan bir nazirin də Yazıçılar Birliyinin vəsiqəsini alıb, cibində gəzdirdiyini nəzərimizə catdırdı. Bu nazirin kim olduğunu dilinə gətirmədi. Uzun-uzadı Ç. Hüseynovun əleyhinə danışdı, onun Yazıçılar Birliyinin Moskva bölməsinin üzvü olmadığını, ümumiyyətlə Çingiz Hüseynovun yalnız Rusiya Yazıçılar Birliyinin üzvü olduğunu, onun AYB-dən istefa verməsini öz bildiyi kimi izah elədi. Ç. Hüseynovu “Azadlıq radiosu”na verdiyi müsahibəyə görə qınadı.
Mən başa düşə bilmirəm bu adam Çingiz Hüseynovdan nə istəyir. Çingiz Hüseynovun Azərbaycan Yazıçılar Birliyindən inciyib çıxması, istefa verməsi yazıçının öz şəxsi işidir. Adamın arxasınca nə qədər danışarlar. Onun adını yığncaqda hallandırmağın nə mənası var.
Tofiq müəllim çıxışını qurtardıqdan sonra bölmənin üzvü şair Sultan Mərzili söz aldı. O haqlı olaraq T. Məliklinin bölmədəki fəaliyyətini pislədi. Bildirdi ki, onun şeirləri 1971-ci ildən dövrü mətbuatda çap olunur. 1994-cü ildən AYB üzvü olub. AYB-nə üzv olmağa ona Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi dahi şairlər zəmanət veriblər. Neçə şeir kitablarının, 60-dan yuxarı hekayələrin, sanballı tərcümələrin müəllifidir.
Sultan qeyd etdi ki, 10 ildən çoxdur ki, bolmənin ara-sıra təbirlərində iştirak edib. Amma onun 60, 65 illik yubileylərində Yazıçılar Birliyindən, bir təbrik belə gəlməyib. Amma siz Tofiq müəllim, iki dəfə R.Rza mükafatı almısınız. Sonincu qurultaya Azərbaycan ədəbiyyatında, onun təbliğində heç bir rolu olmayan, bir Mixail Sinelnikovdan başqa rus, yəhudi şairləri özünüzlə Bakıya qurultaya aparmısınız. Mən bilmək istəyirəm ki, onların Azərbaycan ədəbiyyatının təbliğındə hası rolları var? Məni bu toplantıya 4-ildən sonra dəvət edirsiniz deyib, haqqını tələb elədi. O bildirdi ki, qurultay qabağı bölmənin iclası qeyri qanuni olub. Nizamnaməyə uyğun hərəkət edilməyib. Seçim zamanı Nizamnamə kobud şəkildə pozulub.
Tofiq Məlikli “525-ci” qəzetə verdiyi müsahibəsində isə Azərbaycan Moskva bölməsinin iclasında iki nəfərin - özünün və İlham Bədəlbəylinin AYB-nin qurultayına nümayəndə seçildiyini deyib.
Əslində bir katib kimi nə mən, nə də başqa üzvlərimiz qurultayqabağı toplantıda iştirak eləyiblər.Tofiq Məlikli İlham Bədəlbəyliylə sözləşib birlikdə qurultaya gediblər. Bundan bölmənin başqa üzvlərinin xəbəri olmayıb. Əgər qurultay qabağı bölmənin toplantısında kimlər olubsa, qoy Tofiq Məlikli bildirsin.
Mən qurultay ərəfəsində AYB-nin Moskva bölməsinin katibi kimi mətbuata açıqlama vermişdim. Dəvətli olsam da, mən də qurultaya getməkdən intina eləmişəm. Bunun səbəbi başqadır. Mənim mətbuatda dediklərim düzdür. Bu da T. Məliklinin xoşüna gəlməyib. Rusların bir məsəli var:
”Pravda qlaza kolit”, yəni “Düz söz göz çıxardar”. Bunu insanların hərəkətləri, davranışı, əməlləri, əsasən acı həqiqətlərini üzünə deyəndə bu adamın atılıb-düşdüyü zaman deyirlər. İndiyə kimi AYB-nin tədbirlərinə Bakıya yalnız bölmənin iki üzvü Tofiq Məlikli və İlham Bədəlbəyli gedib. Bölmənin istedadlı üzvləri kənarda qalıb. Əgər qanunla hərəkət edilirsə, ortaya belə bir sual çıxır: Bəs bu gün keçirilən toplantıda bölmənin o biri üzvləri haradadır?
Onu da nəzərinizə çatdırım ki, Sultan Mərzili Moskvadakı istedadlı şairlərimizdəndir. Bir dəfə də olsun AYB-nin Bakıda keçirilən tədbirlərinə, birliyin yubileyinə, qurultaylara dəvət olunmayıb. Sultan Mərzili qurultaya gedən nümayəndələrin seçimi ilə bağlı öz narazılığını bildirməyinə, Tofiq müəllim də bir kinayaylə,- gələn qurultaya da sən gedərsən,- dedi.
Sonra T.Məlikli heç bir əsası olmadan, ilk dəfə iclasda iştirak edən A.Şıxlını AYB-nin Möskva bölməsinə məsul katib seçdi. Sultan Mərzili də buna etirazını bildirdi. Dedi ki, -mən istəyirəm yeni seçki olsun, köhnə tərkib dəyişilsin. Ömründə ilk dəfə yığıncaqda iştirak edən adam nə əsasla bölmənin məsul katibi ola bilər?
Yığncağın sonunda mən danışdım. Mən üzümü T. Məlikliyə tutub, bölmədə necə işləməyimi soruşdum. T. Məlikli cavabında dedi ki, yaxşı işləmisən. T. Məlikliylə mənim aramda narazılıq əslində mənim 60 illik yubileyimdən sonra olub. Bu narazılığın da səbəkarı, T. Məlikli olub. Bölmədə mənim yuibileyim nə vaxt keçiriləcəyini hamı bilirdi. Danışığımızda belə olmuşdu ki, bolmənin və uzun illər idarə heyətinin üzvü olduğum “Ocaq” cəmiyyətinin, yəni hər iki qurumun ağırlığını daşıyan bir adam kimi aidiyyatı təşkilatlara təqdimat yazılsın, aidiyyatı təşkilatlara ünvanlamaqla, hamı mənə qarşı olan laqeyidliyə son qoymasını istəmişdi. “Ocaq” cəmiyyətinin idarə heyətinin üzvü Azər Səfərov, bildirdi ki, “Tofiq müəllimlə danışmışam. O təqdimat yazıb lazımi təşkilatlara göndərəcək. Narahat olmağa dəyməz”. Mən də oturub gözləyirdim.
Mənim yubileyimdə “Ocaq” cəmiyyətinin üzvlərində yalnız üç nəfər gəldi, Mənim Mərkəzi ədiblər evinin böyük zalında keçirilən yubiley tədbirimdə nə “Ocaq” cəmiyyətinin, nə də bölmənin bir rolu olub. Adi dəvətnamələrin capına belə, yardım etmədilər. AYB-nin mətbu orqanlarında bir cümlə belə, yazıb məni təbrik eləməyiblər. Mənə bir ad verilməyi ilə bağlı aidiyyatı qurumlara müraciət olunmayıb. 43 il ədəbiyyatda olan,7 kitabın, yüzlərlə həm rus, həm azərbaycanca məqalələrin, coxsayda tərcümələrin müəllifi kimi, çəkdiyim zəhmətin müqabilində bir müraciətin yazmağı T.Məlikli mənə çox gördü. Amma T.Məliklinin özü əməkdar elm xadimi adını alanda məndən özünün tərtib etdiyi təqdimata düzəliş verməyimi xahiş eləmişdi. Necə ola bilir ki, Siz T.Məlkli o adı ala bilirsiz, sizdən çox əziyyət çəkən, daha çox fəaliyyəti olan adamlara rəva bilmirsiniz?
Moskvada hamı bilir ki, bölmənin də, “Ocaq” cəmiyyətinində tədbirləri mənim hesabıma həyata keçirilib. Tofiq Məlikli yaxşı bilir ki, tədbirlərə dəvət olunan yüzlərlə insan mənə görə gəlirdilər. Əgər mən prezident təqaüdü almaq istəyirəmsə, canla-başla çalışdığım qurumun sədri niyə təqdimat yazmasın? Mən deməmişəm ki, niyə mənə prezident təqaüdü verilməyib, mən demişəm ki, niyə məni aldadıb təqdimat yazmadınız? Mən sadəcə narazılığım ondan ibarət olub ki, niyə aidiyyatı qurumlara məktub göndərilməyib. Bunu T. Məlikli özündən uyduraraq başqa səmtə çəkir. Mən məgər bilmirəm ki, T. Məliklinin buna səlahiyəti çatmır, amma məktub yazmağa səlahiyyəti çatır axı.
Mənim digər əsas narazılığım da ondan ibarət oldu ki, 60 illiyimlə əlaqədar olaraq AYB-nin mətbu orqanlarında bir cümləylə belə, məni təbrik eləmədilər. Baxmayaraq ki, T. Məlkli mənim yubeleyimdən bir necə gün əvvəl Bakıda olmuşdu. Mən bunlardan diqqət gözləyirdim, özüm özümü təbrik eləyəsi deyildim ki. Amma mən heç kimdən soruşmadan T. Məliklinin 70 illik yubileyinə geniş məqalə yazmışam, kitablarına ön söz yazmışam, nəşrə hazırlamışam. Özündən xəbərsiz dəfələrlə şeirlərini, Riqada, Mockvada, Azərbaycanda qəzet və jurnallarda, bədii almanaxlarda çap elətmişəm. Rusiya Yazıçılar Birliyindən ona “SergeyYesenin” ordeni yazdırdırmışam, əlimdən gələnləri eləmişəm. Amma nə T. Məlikli, nə də İ.Bədəlbəyli bir cümlə yazıb məni təbrik eləyiblər.
Tofiq Məlikli deyir ki, “kimisə mükafatlandırmaq, kiməsə dövlət nişanları vermək bizim səlahiyyətlərimizə daxil deyil”. Əvvala deyim ki, mükafat, ya fəxri ad almaq üçün dəridən- qabıqdan çıxan elə T. Məlikli özü olub. Mən bunları yaxşı bilirəm. Neçə il əvvəl mənim əl gəzdirdiyim İ.Bədəlbəylinin və mənim imzamla tərtib olunan təqdimatı şəxsən mən Bakıya aparmışam və Preziden Aparatında qeydiyata saldırmışam. Tofiq müəllim, bu ad almaq pisdirsə, Siz niyə özünüzü öldürürdünüz? Siz olmayan şeyi yazırsınız. Sizdən sadəcə olaraq bir təqdimat yazılmasın istəmişdik. Onu da sizə Azər Səfərov bildirmişdi. Axı təqdimat olmasa, mən necə ad ala bilərdim. Siz isə insanları aldadırsınız ki, güya mən sizdən mükafat təqaüd, tələb eləmişəm. Siz adi bir məktubu,uzun illər “ Ocaq” cəmiyyətinin idarə heyətinin üzvü olan, özünün sağ əliniz dediyiniz adama qıymadınız. Amma hamını aldatmısınız ki, siz təqdimat yazmısınız.
Son dəfəki iclasa da isə etiraf etdiniz ki.yazmamısınız. Aleksandr Sergeyeviç Puşkin yazırdı ki, ”Yalançı - bacaları qaraldan histək, insanların da içini qaraldar”. Siz bir təqdimat məktubu yazmadınız.Axı məktub yazmağada savad lazımdı. Bir də nə yaxçı ki, Sizə başqa bir səlahiyyət veməyiblər, cünki, özünüzdən başqa bir kəsi görmürsünüz. Amma siz özünüz də bilirsiniz ki, nə Moskvada, nə də Azərbaycanda bir yazıçının, bir şairin bir cümləsinə, bir misrasına kömək eləmisiniz. Siz hər yerdə özünüzü fikirləşmisiniz. Amma özünüz də yaxşı bilirsini ki, siz də içində olmaqla 14 nəfər yazarımızı Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasına qəbul elətdirmişəm.
T. Məlikli deyirsiniz ki, “Yazıçının əsas məqsədi əsərlərini yazmaqdır. Yazıçının əsas məqsədi kimdənsə nəsə gözləmək deyil”. Bu cümlələrinlə yeni Amerika açdınız. Mən əsərlərimi yazmışam, yazıram, yazacağam da. Kimin nəyə qadir olduğuinu hamı bilir. Mən sadəcə olaraq zəhmətimin müqabilində bir təqdimat yazmadığınızı istəmişdim.
Əlbəttə, hər bir işin, hər bir tədbirin həyata keçməsində, uğurla nəticələnməsində zəhməti olan adamlara qayğı, diqqət yetirilməlidir. Bu mənada Moskvada, fəaliyyət göstərən istedadlı şəxsiyyətlərə diqqət göstərməsi yaradıcı insanlarda xoş əhvali-ruhiyyə oyadır. Çox təəsüf olsun ki, bu illər ərzində T. Məlikli özündən, və İ. Bədəlbəylidən başqa heç kimi düşünməyib.
Moskvada yaşayan yazarlarımız uzun illər, qurbətdə Azərbaycanın həsrətilə yaşayırlar, ədəbiyyatımızı və mədəniyyətimizi, dilimizi və tariximizi layiqincə təbliğ etməkdədirlər. Mən bu yaradıcı adamılarımızla uzun illərdir ki, təmasdayam, hər kəsin nəyə qadir olduğunu çox yaxşı bilirəm.Həmişə də onlara əsərlətini capına gömək edirəm və bundan sonra da eləyəcəyəm.
Onların vətənpərvərliyindən, xalqseverliyindən, elsevərliyindən yaxşı xəbərim var. Bu insanlar cismən doğma yurdlarından uzaqda yaşasalar da, öz ömrlərini vətəninə və millətinə, onun ədəbiyyatına, dilinə, mədəniyyətinə həsr edən insanlardır. Bu yazarlarımız öz əsrlərində bunu dəfələrlə subut ediblər.Onların doğma yurda bağlılığı, humanistliyi,vətənpərvərliyi çoxlarımız üçün, ilk növbə də Moskvada yaşayan gənclərimiz üçün örnəkdir. Mən nə T.Məlikliyə nə də İ.Bədəlbəyliyə bu istedadlı yazarlarımızın haqqını tapdalağamağa imkan verməcəyəm.