“Bu gün Lamiyə Quliyeva ilə görüşdüm. Hər şey yaxşıdır. Bir azdan daha geniş açıqlama verəcəm”.
Bunu Modern.az saytına açıqlamasında Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehtiyev deyib. O bildirib ki, Lamiyə Quliyeva və onun övladının vəziyyəti normaldır.
Lamiyə Quliyevanın həbsxanada atasız uşaq dünyaya gətirməsi məsələsi ictimailəşdikdən sonra vəkillə görüşünə icazə verilmirdi.
Baş Prokurorluq və Ədliyyə Nazirliyi 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq doğması və digər xüsusatlarla bağlı birgə müvafiq araşdırmalar aparır.
***
Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib. Modern.az "azadliq.info"ya istinadən xəbər verir ki, bu gün 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakışiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib. Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib. İşə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq.
***
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub.
Gülşən RAUFQIZI