Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel cümə günü Moskvya səfər edəcək.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland məlumat verib. Qərb liderlərinin Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə əsas müzakirə mövzusu Ukrayna böhranı ilə bağlı olacaq. Fransua Olland bildirib ki, o, Almaniya kansleri ilə birgə Ukrayna münaqişəsinin nizamlanması barədə yeni təkliflər verəcək. Məsələ ilə bağlı Almaniya hökuməti də açıqlama verib.
“Son günlər zorakılığın artması fonunda kansler və prezident Olland Ukraynanın şərqində sülh yaratma səylərini daha da artıracaqlar”, - Angela Merkelin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Rusiyaya səfərdən öncə Avropa liderləri Kiyevdə Ukraynanın prezidenti Pyotr Poroşenko ilə də görüşəcəklər.
Modern.az