Modern.az

Statusu olmayan paytaxt

Statusu olmayan paytaxt

1 Sentyabr 2010, 17:02

“Bakı şəhərinin statusu haqqında" qanun hazır olsa da, onun parlamentdə nə zaman qəbul ediləcəyi bəlli deyil


“Bakı şəhərinin statusu haqqında” qanun layihəsi çoxdan hazırlanıb. Ancaq onun Milli Məclisdə nə zaman qəbul ediləcəyi bəlli deyil". Bu sözləri Modern.az-a Milli Məclisdəki mötəbər mənbə bildirib.
Onun sözlərinə görə, ortada olan bir çox problemli məsələlər buna imkan vermir: "Azərbaycanda hakimiyyət strukturuna görə, Bakı ayrıca inzibati vahid olmaqla ayrıca hakimiyyət strukturu, Bakı bələdiyyəsi, şəhərin seçkili meri yoxdur. "Bakının statusu" deyəndə birinci növbədə nəyin nəzərdə tutulduğu muəyyən olunmalıdır".
Mənbənin fikrincə, qanun layihəsində bunun ya ərazi, ya da hakimiyyət statusu olması müəyyənləşməlidir: "Milli Məclisdə olacaq müzakirələr həmin məsələlərin həllindən asılıdır".

Bakı meri nə vaxt olacaq?

Qeyd edək ki, Avropa Şurası artıq bir neçə ildir Bakı şəhərinin statusunun müəyyənləşməsi və mer seçkilərinin keçirilməsi təklifi ilə çıxış edir.
Avropa Şurası yerli və regional hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skard mediaya verdiyi açıqlamada bildirmişdi ki, Konqres Azərbaycana Bakı şəhərinə mer seçilməsi və paytaxtın statusu haqqında qanun qəbul olunmasını tövsiyə edib.
Onun sözlərinə görə, Bakı şəhəri ərazisi və əhalisinin sayına baxmayaraq, heç bir özünü idarəetmə formasına malik deyil.
"İdarəçiliyi dövlət rəhbərliyinin nümayəndələri həyata keçirirlər. Paytaxtın xüsusi məsuliyyəti və vəzifələri var. Buna görə də Konqres "Paytaxtın statusu haqqında" xüsusi qanun qəbul etməyi məsləhət görür. Konqres təklif edir ki, bu qanun vətəndaşlar tərəfindən seçilən şəhər səviyyəsində Şuradan keçən özünü idarəetməni müəyyənləşdirsin" deyən AŞ rəsmisinin fikrincə, baxmayaraq ki, paytaxt bəzən iqtisadi səbəblər və effektivlik səbəbindən yerli maraqların hüdudlarından kənara çıxan məsələlərə baxır, demokratik yolla seçilmiş Şura tərəfindən idarə olunmalıdır.
Milli Məclisin regional siyasət daimi komissiyasının sədri Arif Rəhimzadənin Bakı şəhər merinin seçkilər yolu ilə müəyyənləşdirməsi təklifinə münasibəti birmənalı deyil.

Onun fikrincə, mer məsələsi Bakı kimi şəhərdə çətin bir şeydir. “Azərbaycanın təsəvvür edin ki, 90%-dən çoxu Bakiya gəlir. Düzdür, bunun səbəbləri var, kənd istehsalçı ola-ola onun əməyi sayəsində yetişən məhsulun böyük bir hissəsi gəlib Bakıya çıxır. Başqa şeylər də var, məsələn: dəmir yoludur, elektirikdir, qazdır, neftdir bunların hamısı gəlir Bakıda birləşir. Bakı merliyi yaradılandan sonra, mer səviyəsində olandan sonra, bu vəsaitlərə iddialar olacaq. Ona görə də bəzi şeylər özəlləşdirilməlidir”-deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu və digər səbəblərə görə Bakı şəhər İcra Hakimiyyətinin, daha doğrusu, paytaxtın statusu hələ müəyyən olunmayıb. "Əlbəttə, gec-tez biz bu məsələyə gedəcəyik. Bizdə bələdiyyələr var, sayları da çoxdur. Onlar yavaş-yavaş böyüyür, möhkəmlənir. Ancaq bilirsiniz, həmişə sadədən mürəkkəbə doğru getmək lazımdır. Ona görə də hesab edirəm ki, bu məsələyə gedilməmişdən qabaq paytaxtın statusu müəyyən olunmalı, bu haqda ayrıca qanunvericilik aktı qəbul edilməlidir. Yalnız ondan sonra merlərin, xüsusilə Bakı şəhər merinin seçilməsi məsələsi öz həllini tapmalıdır".
A.Rəhimzadə də "Bakı şəhərinin statusu haqqında" qanun layihəsi istiqamətində işlər getdiyini təsdiq edərək gələcək sessiyaların birində bu məsələnin gündəmə gətiriləcəyini istisna etməyib.

Bakı bələdiyyələrinin nabələdliyi 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyevin sözlərinə görə,Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması zəruridir. Şəhər səviyyəsində yerli özünüidarəetmənin yaradılması və seçkili orqanların formalaşması paytaxtın başına gətirilənlərin qarşısını almağa, onun bütün problemlərinin tədricən aradan qaldırılmasında mühüm rol oynaya bilər. Əhali səs verib seçdiyi insanlardan şəhərin taleyinə cavabdehlik tələb edə bilər. O halda sakinlərin şəhərdə baş verən eybəcərliklərə bu qədər laqeyd qalmayacağı aydındır.

“Bakıda, habelə Gəncədə şəhər bələdiyyəsinin yaradılması həm də mer institutunun yaradılmasını ehtiva edir. Mer birbaşa seçki yolu ilə seçilir”-deyən Mehtiyev qeyd edib ki, Bakı şəhər bələdiyyəsinin yaradılması ilə ölkədə mərkəzi icra hakimiyyətindən asılı olmayan yeni bir hakimiyyət mərkəzi yarana bilər ki, bu da Azərbaycanda demokratiyanın inkişafını yeni müstəviyə keçirə bilər.

Onun sözlərinə görə, Bakıda rayon və qəsəbə səviyyəli bələdiyyələrin yaradılması heç də ictimaiyyətə təqdim olunduğu kimi demokratiyanın inkişafının və əks-mərkəzləşdirmənin dərinləşdirilməsinin təzahürü deyil, tamamilə əksinə, demokratiyanın inkişafının qarşısını almağa xidmət edir. “Bu proses həm də insanların düşüncəsində şəhərin rayonlara və məhəllələrə parçalanmasına, «bizim şəhər» münasibətinin inkişafının qarşısını almağa xidmət edir. Halbuki şəhərin hansı hissəsində yaşamasından asılı olmayaraq hər bir şəhər sakininin şəhərin hər bir probleminin həllinin müzakirəsində maraqlı olmaq və iştirak etmək haqqı olmalıdır”-deyə o vurğulayıb..

Mehtiyevin fikrincə, Bakı, habelə Gəncə şəhər olaraq çoxlu sayda insanların kompakt yaşadığı və fəaliyyət göstərdiyi, vahid iqtisadi məkan kimi çıxış edən, vahid kommunikasiyaya və kommunal sistemə malik bir ərazıdır. Hazırda Bakı şəhərində yaradılan çoxlu sayda bələdiyyələrin hər biri öz ərazinin inkişafı haqqında fərqli baxışlara malik ola bilər. Halbuki bu ərazilərin hamısı Bakıya daxil olduğundan onların inkişafı bir mərkəzdən idarə olunmalıdır.

Doğrudan da Bakı şəhərinin bələdiyyə sistemi xeyli qarmaqarışıq və təhlilə ehtiyacı olan məsələdir. Bakı şəhərinin bələdiyyə quruluşu xeyli vaxtdır müşahidəçilərin və ekspertlərin diqqətindədir.
Xatırladaq ki, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində Azərbaycanda 2667 bələdiyyə formalaşıbsa, sonuncu seçkilərdə bu qurumların sayı 1718 olub. Maraq doğuran faktdır ki, Bakı şəhərində bələdiyyələrin sayının çoxluğu indiyədək ciddi şəkildə müzakirə obyekti olmayıb. Bunu ekspertlərin apardığı müşahidələr də təsdiq edir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı tədqiqatlara görə, ölkə bələdiyyələrinin 2010-cu ildə büdcə gəlirləri daha 35 % azalıb. Belə ki, 2009 cu ildə 2755 bələdiyyə ay ərzində 807 manat qazana bilirdisə, hazırda bu rəqəm orta hesabla 500 manata bərabərdir. Bu gün 72% bələdiyyənin əməkhaqqı borcu yaranıb. Əməkhaqqının vaxtlı-vaxtında verilməməsi və onun orta respublika göstəricisindən aşağı olması səbəbindən bələdiyyə qulluqçularının sayı da 18% aşagı düşüb. İctimai birliyin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, hazırda birləşdirmədən sonra fəaliyyətdə olan 1718 bələdiyyə sədrinin orta aylıq əməkhaqqı 150 manatı keçmir. Bu rəqəm Bakı, Abşeron və Sumqayıt ərazisində formalaşan bələdiyyələrdə 2,5-3 dəfə artıqdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli məsələ ilə bağlı Modern.az-a bildirib ki, paytaxtın inzibati ərazisində 51 bələdiyyə fəaliyyətdədir. Bakı bələdiyyələri büdcə gəlirlərinin 43 faizini yerli orqanların saxlanmasına yönəldib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2008-ci ildə paytaxt bələdiyyələrinin gəlirləri 11,2 mailyon manat təşkil edib və bu vəsaitin 5,3 milyon manatı əməkhaqqına, 17,7 faizi mənzil kommunal təsərrüfatının saxlanmasına 14,1 % sənaye və tikinti işlərinə, yolların saxlasmasına isə 10,1 % ayırıblar. Qeyd edək ki, paytaxt bələdiyyələrinin büdcə gəlirləri 2007-ci illə müqayisədə 42 faiz azalıb.

Onun sözlərinə görə, meriyanın təsis edilməsi demokratik dövlətin əsas atributlarından sayılır. Meriyanın olması həm ölkədə vətəndaş cəmiyyətinin inkişafına, həm sakinlərdə məsuliyyət hissinin artmasına şərait yarada bilər. Adıçəkilən institutun yaradılması həm də əks mərkəzləşməyə doğru əsaslı addımın atılması kimi də qiymətləndirilə bilər. Dünya təcrübəsi də göstərir ki, meriya institutu demokrtik institut olaraq özünü doğruldub. Hər halda inkişaf etmiş ölkələrin hər birində əgər adıçəkilən proses tətbiq olunursa, bu o deməkdir ki, sistem özünü dogruldub.

Belə bir sistemin Bakıda tətbiqi həm paytaxtın problemlərinin aradan qaldırılmasına, həm sakinlərin üzərinə düşən məsuliyyət yükünün artmasına , həm də icra strukturlıarına ayrılan maliyyə vəsaitinin qənaətinə şərait yaradacaq.

“Təhlillər göstərir ki, Bakı şəhərində 51 bələdiyyənin formalaşdırılmasına heç bir ehtiyac qalmır. Bunun əvəzinə isə əhali tərəfindən seçilən mer və Bakı hökumətinin yaradılmasına ehtiyac var. Habelə təklif olunan variantda həmçinin paytaxtda dörd dairənin olması fikri də var. Belə ki, bu dairələr meriyaya tabe olmaqla idarəçilik mexanizminin daha da təkmilləşdirilməsinə təkan verə bilər. Səlahiyyət çərçivəsinə gəldikdə isə Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən qism səlahiyyəti məhz meriyaya verməklə öz işini yüngülləşdirmiş olacaq. Sadəcə bu qurumun əsas məqsədi paytaxtda dövlət siyasətinin həyata keçirilməsinə həm nəzarətin həyata keçirilməsinə kömək edəcək, həm də yardımçı olacaqdır.

Ekspertin fikrincə, respublikanın iri şəhərlərinin özündə çoxsaylı bələdiyyələrin olması bu qurumun inkişafını əngəlləyən problemlərdəndir. Bakının bilavasitə mərkəz hissəsində 10 qurumun formalaşdırılması yerli özünüidarənin inkişafına daha çox maneçilik yaradır. Sadalanan faktlar əsasən bələdiyyə sisteminin birpilləli olması ilə izah edilir. Ancaq dünya təcrübəsi göstərir ki, əhalisinin sayı çox olan şəhərlərdə, o cümlədən paytaxtlarda bələdiyyələr ikipilləli sistem üzrə fəaliyyət göstərir. Yəni şəhərlər prefekturalara və ya dairələrə bölünür. Şəhər meriyası ilə altqurumlar arasında bir növ səlahiyyət bölgüsü də müəyyənləşdirilir. Göründüyü kimi, ölkəmizdəki bələdiyyələrin fəaliyyəti vəsaitsizlik ucbatından iflic hala düşüb.

V.Tofiqlinin fikrincə, belə vəziyyətdən çıxış yolu tapmaq üçün öncə bələdiyyə sistemini özündə əks etdirən qanunvericilikdə dəyişikliyin edilməsi zəruridir.
Onun fikrincə, geniş səlahiyyətə malik ola biləcək Bakı bələdiyyəsi şəhərin bütün infrastrukturuna nufuz etsə, yəqin ki, çox işlərin və problemlərin həllini həyata keçirə bilər. Belə ki, hər rayonda nümayəndəliyi olan "meriya" həm işlərin gedişatını müşahidə edə biləcək, həm də konkret layihələr həyata keçirilməsinə yardımçı olacaq.
O ki qaldı Bakı şəhər İcra Hakimiyyətinin aqibətinə, bu qurum sırf nəzarətedici və şəhərdə dövlət siyasətinin aparılmasını nizamlayan bir quruma çevrilə bilər.
Bir faktı da unutmaq olmaz ki, son illər artıq bəzi qurumlar BŞİH-in səlahiyyət çərçivəsindən çıxarılır. Bakı Kanalizasiya İstehsalat İdarəsi, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi, İçərişəhər Qoruq idarələrinin statusu genişləndirilərək tabeçilik istiqaməti dəyişdirilib, bəzi qurumlar özəlləşdirməyə çıxarılaraq (Tikinti və Şəhərin İnkişafı departamenti) ləğv edilib.
Hazırda BŞİH paytaxtda yalnız nəqliyyat, tikinti-memarlıq və abadlıq işlərini həyata keçirir. Müşahidələr göstərir ki, xarici əlaqələrin aşağı səviyyədə olduğunu da nəzərə alsaq, yuxarıda söylədiyimiz məsələnin yaxın gələcəkdə reallaşacağına inanmaq olar.

Bakı üçün status-kvo: nədən başlamalı?

Bütün bunların fonunda Bakının statusu məsələsi kifayət qədər mübahisəlidir. Belə bir addım kifayət qədər siyasi iradə və yeni idarəçilik institutunun meydana çıxması deməkdir.
Qonşu MDB ölkələrində bu baxımdan vəziyyət fərqlidir. Məsələn, Rusiyanın paytaxtı Moskva şəhərinin statusu qanun çərçivəsində müəyyənləşib. Burada göstərilir ki, Moskva şəhər hakimiyyəti Rusiya Federasiyasının subyekti olmaqla öz işini qurur.
Məsələn, qanunda göstərilir ki, Moskva şəhərinin özünün ərazisi, əhalisi, dövlət hakimiyyəti və özünün qanunverici orqanı var. "Moskva şəhərinin ərazisi" anlayışı həmçinin bütün Rusiyanın ayrılmaz hissəsi kimi göstərilir və şəhərin sərhədlərinin dəyişdirilməsi qaydası Konstitusiya ilə müəyyən edilir. Moskva şəhərinin əhalisi isə Moskvada yaşayış yeri olan, milliyyətindən asılı olmayaraq Rusiya vətəndaşları sayılır. Bu əhalinin cəmləşməsi nəticəsində şəhər cəmiyyəti yaranır. Moskvada yaşayan xarici vətəndaşlar, orada müvəqqəti yaşayan vətəndaşlar Moskva şəhərininin əhalisini təşkil edir. Moskva hakimiyyətinin mənbəyi seçki hüququ olan şəhər əhalisi sayılır. Şəhər əhalisinin ali iradəsini azad seçkilər və referendum ifadə edir.
Qanunda göstərilir ki, heç kim Moskva şəhərində hakimiyyəti mənimsəyə bilməz və bu, qanunla cinayət hesab edilir.
Şəhərin hakimiyyət orqanlarının təşkilinə gəlincə, ən yüksək və yeganə qanunverici orqan Moskva şəhər Dumasıdır. Şəhər ali icraedici orqanının rəhbəri Moskva meri sayılır.
Şəhər hakimiyyətinin icra orqanlarına Moskva hökuməti, sahəvi, funksional və ərazi orqanları daxildir.
Moskvanın yerli özünüidarəetməsi də qanunla tənzimlənir. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə qanun əsasında öz fəaliyyətlərini qururlar. Qeyd edək ki, yerli idarəetmə orqanları Moskva şəhər hakimiyyətinin sisteminə daxil deyil. Qanunda göstərilir ki, şəhər hakimiyyəti ilə yerli özünüidarə orqanları səlahiyyətlərini icra etmək üçün zəruri maddi və maliyyə vəsaitləri ilə təmin olunur. Qanun həmçinin xəbərdar edir ki, yerli özünüidarəetmə şəhər təsərrüfatının vahidliyini pozmamalıdır. Moskva şəhəri gerb, bayraq və himnə malikdir.
Qazaxıstanda isə Astana şəhərinin statusu daha çox dövlət strukturlarının idarəçiliyinə verilib və şəhər meri sayılan Hakim daha çox indiki icra hakimiyyəti funksiyalarına malikdir.
Gürcüstanda tətbiq olunan mer seçkisi modeli də birmənalı qarşılanmır. Gürcüstan qanunlarına əsasən, meri üzvləri vətəndaşlar tərəfindən seçilən bələdiyyə şuraları seçir. Tiflisdə Şura meri təyin edən icra orqanını formalaşdırır. Bu sistem Avropa Yerli Özünüidarə Xartiyasının tələbləri ilə müvafiq olaraq uzlaşdırılıb. Gürcüstan Yerli Hakimiyyətlər Milli Assosiasiyası seçkilər prosesinə cəlb olunmayıb.
Bütün bunların fonunda Bakı şəhərinin statusu və burada seçkili mer institutunun formalaşması ilə bağlı perspektivlər xeyli dumanlı görünür. Hər halda, bunun üçün ilkin rüşeymlərin yaranması məqsədilə yuxarıda qeyd olunan problemlərin həllindən başlanması şəksizdir.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI