Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Plana əsasən Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s. təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayılması nəzərdə tutulub.
Modern.az saytı Xətai rayon İcra Hakimiyyətindən plan çərçivəsində hansı işlərin görüldüyü ilə maraqlanıb. Qurumdan bildiriblər ki, faciənin anım tədbirləri ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir:
“İldönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq ərazidə dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilatı və texniki işlər görüləcək. Plana əsasən “Ana harayı” abidəsinin ətrafına müxtəlif banerlər yerləşdiriləcək, park boyu güllər əkiləcək, yaşıllıqlar salınacaq və ətrafda təmizlik işləri aparılacaq. Lövhələrin üzərində yazılan adların bəzilərində zədələnmə müşahidə olunur. Bunların hamısı ildönümünə qədər bərpa olunacaq”.
Yeganə OQTAYQIZI