filologiya üzrə elmlər doktoru, professor
13 iyun 2014-cü ildə “Ədəbiyyat” və “525-ci qəzet”də Azərbaycan Yazıçılarının XII Qurultayının nümayəndələrinin adları çap olunmuşdu. Mən nümayəndələrin içərisində 51-ci idim. 17 iyun 2014-cü il tarixdə saat 1100-da Azərbaycan Milli Dram Teatrında Azərbaycan Yazıçılarının Qurultayı öz işinə başladı. Düzü, həmişə insanların bir qismi tədbirə vaxtında gəlir, bəziləri isə gecikirlər. Adətən mən heç yerə gecikməyi sevmirəm. İstənilən bir tədbirə və görüşə vaxtından əvvəl gedirəm. İndi də vaxtından 15-20 dəqiqə qabaq getmişdim. Ancaq zal dolu idi. Demək olar ki, oturmağa yer yox idi. Axı belə tədbirlərdə iştirak etmək istəyində olan həvəskarlar da çox olur. Onlar vaxtından qabaq yerləri tuturlar. Nə isə... Şamil Vəliyevlə birlikdə arxa cərgədə bir təhər yer tapdıq və əyləşdik.
Tədbirdə bir neçə məqam mənim yadımda qaldı. Məsələn, Xalq şairi Nəriman Həsənzadənin çıxışında belə bir fikir məni yaman tutdu. O dedi ki, insan qocalanda öz yaşında olan adamların hamısına dost kimi baxır. Yeri gəlmişkən, Nəriman Həsənzadənin Vaqif Səmədoğlu ilə vida mərasimindəki çıxışı da kövrək notlar üzərində qurulmuşdu: “Görkəmli şairimiz Vaqif Səmədoğlu da getdi. Səməd Vurğunun, Yusif Səmədoğlunun, Bəxtiyar Vahabzadənin, İsa Muğannanın əbədiyyət hücrəsinə. Vaqif həmin silsilədən idi...”
Qurultayda mənim diqqətimi cəlb edən məqamlardan biri də Vaqif Səmədoğlu ilə bağlı oldu. O, qurultaya gecikmişdi. Rəyasət heyətində ön cərgədə – Anarın yanında ona yer verdilər. Vaqif Səmədoğluna söz verəndə o, tribunaya çətinliklə getdi. Hiss olunurdu ki, xəstəlikdən əziyyət çəkir. Ancaq özünü o yerə qoymurdu və zarafatından da qalmırdı. Mən Vaqif Səmədoğlunu xərçəng xəstəliyinə tutulandan sonra ilk dəfə idi ki, görürdüm. Çox düşmüşdü. Fiziki cəhətdən görkəmində böyük dəyişiklik var idi. Amma yaddaşı və ruhu yerində idi. O, tribunadan çox ruhlu danışdı. Vaqif Səmədoğlunu tribunaya Çingiz Abdullayev qolundan tutub kömək edərək apardı. Hətta Vaqif Səmədoğlu zarafatla qeyd etdi ki, gör nə günə qalıb ki, onun tribunaya çıxmasına Çingiz Abdullayev kömək edir. Onun ruhlu çıxışı mənə ləzzət etdi. Vaqif Səmədoğlu dedi ki, “mən uşaqlıq xatirəmə, uşaqlıq illərimə, gəncliyimə – yəni Anara səs verəcəyəm”. O, bir neçə maraqlı faktı da söylədi. Dedi ki, “siz bilirsinizmi o vaxt – 1990 və 1992-ci, hətta 1993-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin binasının qorunmasında Yusif Səmədoğlunun böyük rolu olub... Amerika səfirliyi o vaxt bu binanı yüksək məbləğə almaq istəyirmiş. Yusif Səmədoğlu bunu bilən kimi bütün imkanlarından istifadə edərək məlumatı Prezident Heydər Əliyevə çatdırır. O vaxt Yusif Səmədoğlunun özü də deputat imiş. Maraqlıdır ki, o, bütün vasitə və imkanlarından istifadə edərək Heydər Əliyevə çatdırıb ki, onun bir tapançası var və tapancanın darağında yeddi güllə var. Amerika səfiri, yaxud səfirliyin nümayəndələrindən hansı birisi bu binaya gəlsə, gülləni bir-bir onların başına çaxacaq. Sonuncu gülləni isə öz başına vuracaq. Heydər Əliyev bunu eşidəndə gülür... Və deyir ki, “elə edərik ki, heç kəsin başına güllə çaxılmasın”. Ulu öndər həmişə ziyalılara diqqət və qayğı göstəribdir. Odur ki, zarafatla, bir az da Yusif Səmədoğlunun kefini açmaq istəyilə deyib:
- Amma bir şey də vardır. Mən indi göstəriş verərəm siz bu tapancanı əldə etdiyiniz orqan (Daxili İşlər Nazirliyi) bunu əlinizdən alsın.
Əlbəttə Heydər Əliyev bunu zarafatla söyləmişdi. Axı Ulu öndər ziyalılarla yubiley tədbirlərində, müxtəlif görüşlərdə tez-tez zarafatlar edərdi. Beləliklə, Heydər Əliyev işə qarışandan sonra Azərbaycan Yazıçılar Birliyinin binasını almaq istəyənlər gözünü bu binadan çəkirlə”r.
Vaqif Səmədoğlu onu da dedi ki, Azərbaycan Yazıçılar Birliyinin binasının qorunması ilə bağlı bütün narahatlığın həm özü, həm də Çingiz Abdullayev iştirakçısı olub. O, hadisəni çox qürurla danışdı. Fəxrlə qeyd etdi ki, atası Səməd Vurğunun oturduğu, fəaliyyət göstərdiyi binanı hansısa bir səfirliyin binası etmək olmazdı və bu, yaxşı ki, o vaxt Yazıçılar Birliyinin binası kimi qorunub saxlandı. Azərbaycan Yazıçılarının XII Qurultayında Vaqif Səmədoğlunun çıxışı hələ sözlərini qurtarmamış belə, alqışlarla qarşılandı. Hiss olunurdu ki, o, ölümün gözünün içinə dik baxır. Bunun sayəsində hamının ürəyincə olan bu sözləri də söylədi: “Xərçəng mənim mədəmdədir, dilimdə deyil”.
Bununla da o, ruhlu və zarafatla bol olan danışığını davam etdirdi. Axırda hamıya cansağlığı arzuladı. Və dedi ki, xəstəlikdən pis, axmaq şey yoxdur. Onu da dedi ki, xərçəng xəstəliyi ona qalib gələ bilməyəcək. O, son ana qədər xərçənglə vuruşacaq. Dedi ki: - Mən elə-belə oğul deyiləm ki, xərçəng məni üstələsin.
Onun hər kəlməsi, hər sözü yaşamaq uğrunda mübarizə idi. Ancaq belə bir məsəl də var: Sən saydığını say, gör fələk nə sayır. Artıq Vaqif Səmədoğlu haqq dünyasındadır. Allah ona rəhmət etsin. Qəbri nurla dolsun.
Qurultayda çıxış edən Seyran Səxavət dedi ki, “mən keçən qurultayda da bir qrup yaxın adamlara Anarın sədr seçilməsi ilə bağlı qonaqlıq vermişdim, indi də buna hazıram. Anar sədr seçiləndən sonra həmin adamlar bir yerə yığılsın, mən onlara qonaqlıq verəcəyəm”.
Anar da söz altında qalmadı, hazırcavablıq etdi və dedi ki, “əgər mən sədr seçilməsəm, onda mən qonaqlıq verəcəyəm”.
Nizami Cəfərov çıxışında qeyd etdi ki, türk dövlətlərindən və Müstəqil Dövlətlər Birliyindən gəlmiş nümayəndələr Anarı yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri kimi görmək istədilər. Türkdilli dövlətlərdən, Müstəqil Dövlətlər Birliyindən gəlmiş nümayəndələrin, yazıçıların hər birinin çıxışında Anarın özəl və gözəl keyfiyyətləri bir-bir sadalandı. Odur ki, Nizami Cəfərov bu məqamı xüsusilə qeyd etdi. Həm də dedi: – İndi bütün dünya yazıçıları bunu deyəsi deyil ki... Yəni deyəsi deyil ki, Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə Anar layiqdir. O, çıxışını bu cür qurtardı və keçib yerində əyləşdi. Onun çıxışının bu qeyri-adi sonluğu, əsas mətləblə bağlı mövqeyi olduqca uğurlu alındı. Anar və zalda əyləşənlər onun çıxışını poetik çıxış kimi qəbul etdilər. Anar Nizami Cəfərova dedi ki, elə poetik danışdın ki, çıxışını nə vaxt qurtardığını bilmədim.
Şair Ənvər Əhməd çıxışında qeyd etdi ki, “elə adamlar var ki, beş-altı vəzifədən bərk-bərk yapışıblar. Anar isə yazıçıdır, şairdir, ssenaristdir, publisistdir, ziyalıdır və s. Anar deyəndə mən bu cür çoxlu sayda Anar görürəm. Ancaq bunların hamısı bir Anarın ətrafında birləşibdir. Həmin Anarın isə bir vəzifəsi var: Azərbaycan Yazıçılar Birliyinin sədri”.
Hər hadisə insanın yaddaşına həkk olunmur. Və hər hadisə də insanın yaddaşında qalmır. Azərbaycan Yazıçılarının XII qurultayı bu cür mənim yaddaşımda qaldı. Anarın Azərbaycan Yazıçılar Birliyinin sədri seçilməsi, Nəriman Həsənzadənin, Vaqif Səmədoğlunun, Seyran Səxavətin, Nizami Cəfərovun, Ənvər Əhmədin, Ramiz Rövşənin və digərlərinin çıxışı yadımda qaldı.
2015-ci il yanvarın 28-i Vaqif Səmədoğlunun vəfatı da yadımda qaldı. Yanvarın 29-da müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Vaqif Səmədoğlunu son mənzilə yola salanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində, vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bu sözləri də yadımda qaldı: “Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən birini itirdik. Bu gün Azərbaycan xalqı böyük şair və dramaturqlarından biri ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini itirdi. Vaqif Səmədoğlu mənim ən yaxın dostum idi. Onun simasında ömrü boyu ölümə qalib gəlməyi bacaran ən yaxın dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevən bir insan idi. Ölümlə zarafat etməyi, bizə kişi kimi yaşamağı öyrətməyi bacaran bir insan kimi köçdü dünyadan”.
Dediklərimiz, yazdıqlarımız, əməllərimiz yadda qalır. Yaxşı ki, hər şeyi tarixin özü yaddaşına yazır və qoruyub saxlayır. Belə olmasa, həyat da, fəaliyyət də, yaşamaq da mənasız olar. Bu dünyanın bir mənası da dəyərli adamların ona tab gətirməsi, dözməsi, onda yaşamasıdır. Bu, dünyaya minnət qoymaq deyil. Dünyanın özünün də dünyanı mənalı edən böyük və dəyərli insanlara borclu olduğunu anlamaqdır, həm də anlatmaqdır. Dünyada böyük, dəyərli insanlar olmasaydı, dünya nə qədər cansıxıcı və mənasız görünərdi. Dünya onu gözəlləşdirən və bəzəyən hər bir şeyə borcludur. Odur ki, dünya, çox da öyünmə, sənin də çoxlu borcların var...
Danışmaq da, çıxış etmək də, Azərbaycan Yazıçılar Birliyinin sədri olmaq da, ölmək də asan iş deyil. Çoxlarına asan görünən bu iş Allahın izni ilə həyata keçən alın yazısıdır. Alın yazısının əleyhinə olanlara Allah gülür. Çünki hər şeyin əleyhinə olanlar Allaha qarşı çıxdıqlarını unudurlar.
Bizim hər birimiz bilməliyik ki, yazıçının, şairin işi nədən ibarətdir? Görəsən bu barədə oxucular, mütəxəssislər nə düşünür? Bu, işin bir tərəfidir. Əsas tərəfi, ikinci tərəfi odur ki, şair, yazıçı gələcəyə olan inamı gücləndirməli, öz yazdıqları ilə dünyada insanpərvərliyi inkişaf etdirməlidir. Bir sözlə, bəşəriyyətin inkişafına ləyaqətlə xidmət etməlidir. Yaradıcılığı, istedadı, xidməti, qabiliyyəti, şəxsi keyfiyyətləri olanları bilərəkdən və bilməyərəkdən, bəzən də qəsdən, qərəzli bəyənməyənlərə Nobel mükafatçısı Mixail Şoloxovun Nobel nitqindən bir məqamı xatırlatmaq yerinə düşər: “Mən istəyərdim ki, kitablarım insanlara özlərinin daha yaxşı adam olmasına, mənəviyyatlarının daha da təmizlənməsinə xidmət etsin, insanı sevdirsin, bəşəriyyətin inkişafı və humanizm idealları uğrunda fəal mübarizə aparmağa səsləsin. Əgər buna azacıq da olsa nail ola bilmişəmsə, mən xoşbəxt yazıçıyam”. (Mixail Şoloxov. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.12) Özünü xoşbəxt sayanların hər biri (söhbət yaradıcı adamlardan gedir) belə fikirləşməlidir. Təbii ki, haqqdan, ədalətdən dəm vuranlar və başqasına qiymət verməyə mənəvi statusu olmayanlar da bu barədə düşünməlidirlər. Gəlin düşünək, düşünək və ən azı özümüzü dərk edək...