Modern.az

Şairlik sənin otura biləcəyin kürsü deyil, Elza Seyidcahan!

Şairlik sənin otura biləcəyin kürsü deyil, Elza Seyidcahan!

6 Fevral 2015, 10:55

Bir Elza Seyidcahanı var bu qərib məmləkətin. Vokalistdir, bəstəkardır, toylara gedir, klip çəkdirir və s. Elza Seyidcahan bizim başımıza hər oyunu açdı. Deməli, musiqiyə qəh-qəhələr gətirdi “biz anlamırıq, bu da bir istedaddır” deyib keçdik, heyvanlara konsert verdi “mərhəmətdir, ləyaqətdir, bu da bir sevgidir” deyib keçdik, kağız-kuğuzdan paltar geyindi “fərqlilikdir, maraqlıdır, bu da bir zövqdür” deyib keçdik. Sonra da başladı şeir yazmağa. Bunu həzm etmək biraz çətin oldu, amma “düşüncələrini kağıza tökür, hislərini ifadə edir, bu da bir səmimiyyətdir” deyib keçdik bunu da. Amma Elza Seyidcahanın “İlin şairəsi” almağı nə deməkdir? Buna nə deyib keçək? “Bu ölkənin yaxşı şairi yoxdur! Elza fövqəladə istedaddır! İlimizin, əsrimizin parlaq poetik şəxsiyyəti elə Elza Seyidcahandır!” – beləmi deyək? 

Maraqlısı odur ki, bu titulun kimə verilməsi barədə qərarı kimlər çıxarır? Bunu təyin edən ekspertlər kimlərdir? O siyahıda günümüzün bilikli ədəbi tənqidçisi, istedadlı şairi, ədəbiyyatşünası varmı? Əgər varsa, mən onların hamısının istedadına, biliyinə, təcrübəsinə şübhə edirəm. Amma inanmıram ki, ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsini, poeziyanı, şeiriyyatı dəqiq bilən peşəkar insanlar bu qərarı verə. Buna heç inanmağım gəlmir. Deməli, bu ölkənin ilinə, qərinəsinə şairi, yazıçını hər yerindən duran təyin edə bilər? Bunun axırı hara gedəcək?

Siz də bilirsiz ki, bu gün sosial şəbəkədən istifadə edən nə qədər yeniyetmə və gənclər var. Xəbər portallarının ölkəyə car çəkdiyi “Elza Seyidcahan “İlin şairəsi” seçildi” xəbərini onlar da oxuyur. Sonra da fikirləşirlər ki, yəqin Elza Seyidcahan güclü şairədir, parlaq istedadı var, o dahidir.


Elza xanım mətbuat konfransı keçirib və onu bu ada layiq görənlərə təşəkkürünü bildirir. Məsələ bununla bitmir, əzizlərim. Elza xanım deyir ki, məndən başqa bu ada layiq olan ikinci şair, şairə yoxdur. O öz şeirlərinin sosial şəbəkələrdə çoxlu paylaşımlarından, uzun müddət gündəmdə qalmasından bəh-bəhlə danışır. Ona bu ixtiyarı verən kimdir? Elza xanımdan soruşmaq lazımdır ki, o hansı müasir şairimizin yaradıcılığını oxuyub? Hansı şairimizin poeziyasına bələddir? Bilib-bilmədən bu cür danışmaq ayıbdır. Sən müğənnisən, sənət adamısan, özü də müəyyən fərqli, qeyri-adi davranışların səni qismən məşhurlaşdırıb. Sonra da başlamısan şeir yazmağa. İnsanların müğənni kimi tanıdığı Elza Seyidcahanın şeir yazması qismən marağa səbəb olur. Amma görürlər ki, yazdığı bir şey deyil. Hamısı ələ salır, məzələnirlər. Elza Seyidcahan isə bunu əlində bayraq edib deyir ki, mənim şeirlərimi  paylaşırlar, məni sevirlər.

Hadisənin acınacaqlı tərəfi odur ki, ona bu ixtiyarı Nizami, Füzuli, Nəsimi, Müşfiq kimi şairlər görmüş bir xalq verib. O da bu xalqa güvənir və öz fövqəladə şeirləri ilə öyünür. O xalq sevgisindən, şeiriyyatdan, poeziyadan və ümumiyyətlə ədəbiyyatdan danışır. Elza xanım deyir ki, hətta insanlar ona zəng vurub səmimi hisləri, duyğuları ustalıqla qələmə aldığını görə təşəkkür edirlər. Yaxşı bəs niyə bir ədəbi tənqidçi, ədəbiyyatşünas, tanınmış şair zəng vurub demədi ki, ay xanım, ay insan, ay müğənni, sən get işinlə məşğul ol, ədəbiyyat hara, sən hara!? Tamam, anladıq ki, sən müğənnisən, bəstəkarsan, öz aramızdır, bu sahədə pis deyilsən, kağızdan paltar geyinsən də, heyvanlara konsert versən də səni fərqli, maraqlı biri kimi qəbul etdik, bağrımıza basdıq, əzizlədik. Ayağın nə tez yer aldı?! Sən daha böyük kürsülərin eşqinə düşdün! Şairlik sənin otura biləcəyin kürsü deyil, Elza Seyidcahan!

Mikayıl Müşfiq bu yerdə gözəl bir rübai yazıb:

Anasız cocuğa dayə gərəkdir,
Şairə ilhamdan maya gərəkdir.
Şairəm söyləyir yerindən duran
Adamın üzündə haya gərəkdir.

Elza Seyidcahanın bu şairlik eşqi Müşfiqin sümüklərini sızladır axı!? Olmaz belə! İnsafınız olsun!

Mən uzun müddət bundan əvvəl Elza Seyidcahanın şeirləri ilə bağlı “Elza Seyidcahan poeziyası” adlı bir məqalə yazmışdım. O yazıda biraz satirik yanaşmışdım bu məsələyə. Sözün açığı loru dildə desəm, bu şeirlərlə biraz məzələnmişdim. Hətta o şeirləri Füzulinin, Nəsiminin qəzəlləri ilə müqayisə etmişdim. Bilmirəm, Elza xanım o yazını oxudu ya yox. Amma belə qənaətə gəldim ki, yazını oxuyub və özünün həqiqətən böyük fəlsəfəyə, gur təbə, parlaq ilhama sahib bir şair olduğuna inanmışdır.

Onsuz da bu cəmiyyətdə yazıçı, şair olmaq bədbəxtlikdir. Nə doğru-düzgün qazancı var, nə də düz-əməlli xalq diqqəti. Ədəbiyyatın, poeziyanın belə çətin vaxtında, yazıçıların, şairlərin dar günündə Elza Seyidcahan qalxıb deyir ki, mən şairəm. Üstəlik, “İlin şairəsi” adını da alır. Onsuz da bu özünə aldanıb inanmışdı ki, şairədir. İndi kim aldatdı onu? Elza Seyidcahan bir yana. Kim doladı bu xalqı belə? Azərbaycanın ədəbiyyatını, poeziyasını, ədiblərini bu cür ələ salaraq kim etdi bu vicdansızlığı!

Bilmirəm nə deyim ki, ürəyim soyusun. Bir arzumdur ki, bütün şairlər ayağa qalxıb gedə poeziyadan. Elza Seyidcahan, “İlin şairəsi” öz əsrarəngiz şeirləri ilə ödəsin bu xalqın mənəvi ehtiyacını. Onu “İlin şairəsi” edənlərə elə onun kimi şairlər, şairələr yaraşır! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI