“Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi 2-ci dövlət proqramına əsasən investisiya müsabiqəsi ilə həyata keçirilir. Bununla bağlı bütün qanunvericilik prosedurlarına əməl olunur. Eyni zamanda, “8-ci km Ticarət Mərkəzi” də tam şəffaflıq və aşkarlıq şəraitində özəlləşdirilib. Əvvəlcədən qanunvericiliyə əsasən investisiya müsabiqəsi elan olunub. Bu haqda həm komitənin saytında, həm də mətbuatda məlumat verilib”.
Bunu Modern.az-a açıqlamasında Əmlak Məslələri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.
O qeyd edib ki, bu elanda həmin müəssisənin bütün texniki paramertləri, balans dəyəri, göstəriciləri, sahəsi, profili, işçilərin sayı, iqtisadi vəziyyəti və s. qeyd olunur:
“Eyni zamanda, investisiya müsabiqəsinin elanında qalib olmaq üçün investorlara müvafiq şərtlər qoyulur. Burada əməkhaqqı borclarının ödənilməsi, eyni zamanda abadlaşdırma, iqtisadi şətrlər əsas götürülür. Təbii ki, investisiya müsabiqəsini digər dövlət orqanları ilə birgə invesitisiya komissiyası təşkil edir. Bu komissiyanın qalibi açıq səsvermə ilə həyata keçirilib.
Bir ay əvvəldən elan verilib. Daha sonra komissiya üzvləri toplaşıb, açıq səsvermə yolu ilə də qalib müəyyən olunub. Bu, fiziki şəxsdir, adının elan olunmasını istərmir. Mətbuatın niyə maraqlı olduğunu anlamıram. Bu da digərləri kimi sıradan bir müəssisədir. Nəticələr barədə müvafiq məlumatlar verilib”.
Q.Xəlilovun sözlərinə görə, bəzi mətbuat orqanlarının “8-ci km Ticarət Mərkəzi”nin özəlləşdirilməsində şübhəli məqamların olduğu ilə bağı yazdıqları tam yalandır:
“Biz tam şəffaflıq şəraitində fəaliyyət göstəririk”.
Mətbuatda yazıldığı kimi “bazarın invesitisiya müsabiqəsinin qalibi Əmlak Məsləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur” iddiasına münasibət bildirən komitə rəsmisi deyib ki, belə bir fakt yoxdur:
“Bundan heç söhbət də gedə bilməz. Bir daha qeyd edirəm, bu sıradan bir müəssisədir. Niyə ajiotaj yaradılmağa çalışılır, sensasiya axtarılır, anlaşılan deyil”.
“Qalibin kimliyi mütləq şəkildə ictimaiyyətə açıqlanmalıdırmı” sualına cavab olaraq Qulu Xəlilov deyib ki, qalib adi fiziki şəxsdir:
“Onun adının bilinməsi nəyə görəsə üstünlük qazandıracaqmı? Şəxs adının mətbuatda hallanmasını istəmir. Şirkət olsa idi bəli, marağa səbəb olardı, adi fiziki şəxslə niyə bu qədər maraqlanırlar? Bir daha deyirəm ki, hər şey tam şəffalıq şəraitində həyata keçirilib. Kim istəyirdi, kimə maraqlıydısa, gəlib iştirak edərdi”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafıq olaraq Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investor müəyyən olunub. Qalib şəxsin kimliyinin açıqlanmaması isə müxtəlif söz-söhbətə səbəb olub.
Gülşən RAUFQIZI