“Verilən apelyasiya şikayəti 2010-cu ildə Cinayət Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsilə çıxarılan hökmün ağırlığına aid edilir. Təbii ki, mütləq şəkildə hökm dəyişdiriləcək və cəza yüngülləşəcək. Amma bu qərar məhkəmədən asılıdır”.
Bu barədə Modern.az-a məhkum Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
O qeyd edib ki, dünən iş məhkəməyə gəlməli idi: “Çox güman ki, növbəti həftənin əvvəlində məhkəmənin günü, işin hansı hakimin icraatında olacağı bilinəcək.
Lamiyə Quliyeva ilə görüşdüm. O, özünün və övladının qaldığı şəraitdən razıdır, hər ikisinin səhhəti normaldır”.
Vəkil “Lamiyənin uşağının saxlanması üçün yaxınlarına verilməsi mümkündürmü” sualına cavab olaraq qeyd edib ki, hazırda bu, müzakirə mövzusu deyil:
“Çünki hazırkı vəziyyət onların bir yerdə qalmasını diqtə edir. Qanun da buna icazə verir. Uşaq anası ilə qalır, bundan sonra da anası ilə qalacaq”.
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Bir müddət əvvəl onun həbsxanada, həm də rəsmi nikahı olmadan ana olması cəmiyyətdə rezonans doğurub.
Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub.
Gülşən RAUFQIZI