Modern.az

“Azərbaycan əhalisinin 5 faizi namazı məscidlərdə qılır”

“Azərbaycan əhalisinin 5 faizi namazı məscidlərdə qılır”

Təhsil

6 Fevral 2015, 13:36

 "Bildiyiniz kimi, bu günlərdə Azərbaycanda cənab prezidentin təşəbbüsü ilə Heydər məscidi açıldı. Bundan başqa bir sıra məscidlərimizin açılması və restavrasiyası davam edir”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri deyib ki, bir sıra məscidlərin tikilməsi ilə bağlı layihələr təqdim olunub, onlara baxılır və komissiyanın müvafiq rəyi verildikdən sonra tikintiyə razılıq veriləcək.

“Məscidlərin tikintisi üçün bir neçə istiqamətdə iş gedə bilər. Dövlətin vəsaiti hesabına, ayrı-ayrı sponsorların, xeyirxah adamların təşəbbüsü ilə və s.”.

Komitə sədri Azərbaycandakı məscidlərin sayını da açıqlayıb. “İndi Azərbaycanda 2050 məscid var. Onlardan 1700-ü tam fəaliyyət göstərir. Bu gün məscidlərdə dini ayinləri icra edən insanların sayı keçirdiyimiz monitorinqə görə, cümə namazlarında və bayram namazlarında təqribən 300-350 min civarında olur. Amma Azərbaycanda məscidlərin tutumu bundan 2 dəfə çoxdur. İştirak edənlər 160-170 min civarında olur. Bu onu göstərir ki, məscidlərdə dini ayinləri icra etmək üçün kifayət qədər yer var. Bakı və rayonlar üzrə ayrıca monitorinq aparmırıq. Bakı şəhərindəki məscidlərin sayı ilə məscidlərdə dini ayinlərin icrasında iştirak etmək istəyən vətəndaşların sayı arasında o qədər də ziddiyyət yoxdur.
Apardığımız araşdırmalara görə, Azərbaycan əhalisinin 5 faizi birbaşa məscidlərdə dini ayinlərin icrasında iştirak edir. Qalanları dini ayinləri icra edirsə (söhbət namaz qılmaqdan gedir) onlar bunu ev şəraitində edir. Bu, yer çatışmazlığından irəli gəlmir. Məscid tikintisi ilə bağlı təşəbbüs edənlərə müvafiq cavab veririk və bu istiqamətdə də iş gedir”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir