Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Modern.az-ın məlumatına görə iclasın gündəliyindəki üç məsələ müzakirə olunub.
Komitə sədri Eldar İbrahimov “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, qanun layihəsində təklif olunan düzəlişlərə əsasən Məcəllənin 9-cu maddəsinin üçüncü hissəsinə “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir” cümləsi əlavə olunur. Vurğulanıb ki, bu dəyişiklik qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə edilib.
İclasın gündəliyində duran digər məsələlər - “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də komitə üzvləri tərəfindən müzakirə olunub. Məlumat verilib ki, “Ovçuluq haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən su hövzələrində balıq və digər su bioresurslarının ovu “Balıqçılıq haqqında” Qanunla tənzimlənəcək.
Müzakirələr zamanı qeyd olundu ki, sözügedən Qanunun təkmilləşdirilməsi ovçuluq turizminin və Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək.
“Heyvanlar aləmi haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən su hövzələrində balıq və digər su bioresurslarından istifadə, balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədilə həyata keçirilir. Eyni zamanda, balıq və digər su bioresurslarından istifadə üçün su hövzələrinin ayrılması, balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun qaydaları balıqçılıq və su qanunvericiliyi ilə tənzimlənir.
İclasda məlumat verilib ki, müzakirə olunan hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər “Balıqçılıq haqqında” Qanuna uyğunlaşdırmanı təmin etmək məqsədini daşıyır.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Modern.az