Bu gün Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi və diffamasiya haqqında qununun qəbuluna dəstək birgə layihəsi çərçivəsində sayca ikinci «dəyirmi masa» keçirilib. Şuranın ofisində baş tutan tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.
Ə.Amaşov mövcud layihə barədə məlumat verərək bildirib ki, onun paralel olaraq iki istiqaməti rəhbər tutduğunu deyib. Bunlardan biri - Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsidir. Onun sözlərinə görə, ötən müddətdə məsələ ilə bağlı ATƏT tərəfindən beynəlxalq ekspertlərin rəyləri əsasında tövsiyyələr hazırlanıb. Sənəd ictimaiyyətə təqdim olunub. Tövsiyyələrin yekun mətninin hazırlanması üçün işçi qrupu formalaşdırılıb. Həmin qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT təmsilçisi, kütləvi informasiya vasitələri rəhbərləri, media ekspertləri daxil ediliblər. Qrupun üzvləri tövsiyyələrə əlavə və düzəlişləri müzakirə edərək bu günkü toplantıya təqdim ediblər. Şura sədri həmçinin sənədin MŞ-nin ATƏT-in Bakı ofisi ilə sentyabrın 6-da Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirəcəyi birgə konfransda geniş ictimaiyyətə təqdim olunacağını vurğulayıb.
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü, hüquqşünas Ələsgər Məmmədli sənədin əsasən ATƏT-in tövsiyyələrinə uyğun olaraq hazırlandığına diqqəti çəkib. O bildirib ki, nəzərdə tutulan dəyişikliklər ictimai informasiyaların toplanmasında özəl həyata müdaxilənin yol verilməməsi, ölkə qanunvericiliyi ilə müəyyən uyğunsuzluqların aradan qaldırılması, təqsirsizlik prezumpsiyası və s. məsələlərlə bağlı olub.
MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov Şuranın beynəlxalq qurumlarla əməkdaşlığının vacibliyindən söhbət açaraq bunun dünya dövlətlərindəki qabaqcıl media təcrübəsinin öyrənilməsində müstəsna önəm kəsb etdiyini deyib. «Mətbuat Şurası üzvlərindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında təmsil olunanlar çoxdur. Onlar hər iki qurumun xətti ilə xarici ölkələrə səfərlər reallaşdırırlar. Xüsusən Avropa təcrübəsi öyrənilir və tətbiq edilməsi mexanizmləri üzərində iş aparılır. Hesab edirəm ki, müzakirəyə çıxarılan tövsiyyələr də özündə həmin təcrübəni əks etdirir. Bu baxımdan Mətbuat Şurasının ATƏT-lə əməkdaşlığını yüksək qiymətləndirirəm», - deyə o vurğulayıb.
B.Sadıqov çıxışında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmil sənəd kimi dəyərləndirib. Bununla belə o hesab edir ki, qaydaların qəbul olunduğu 2003-cü ildən media sahəsində bir sıra dəyişikliklər baş verib və sənədin dövrün xüsusiyyətlərinə uyğunlaşdırılması zəruridir: «Daha bir məqam da var ki, ona xüsusi toxunmaq istərdim - Mətbuat Şurası diffamasiya haqqında qanunun qəbulu tərəfdarıdır. Lakin «reket jurnalistika» deyilən xoşagəlməz tendensiya mövcuddur. «Reket nəşr»lər peşə prinsiplərinə, əxlaqi dəyərlərə etinasız yanaşırlar. Bu gün biz qaydalara dəyişiklik etməklə həm də ona əməl edilməsinin vacibliyinə diqqəti çəkirik».
MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə əlaqədar tövsiyyələri müsbət qiymətləndirməklə yanaşı təklif edib ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə qaydalarda nəzərdə tutulan bəzi məqamları, xüsusən jurnalistlərin informasiya mənbələrinə çıxışına dair vəziyyəti müzakirəyə çıxarması daha faydalı olardı. Çünki mövcud sahədə kifayət qədər problemlər var. Onun sözlərinə görə, istər bu layihə, istərsə də ilk mənbədən informasiya alınması istiqamətindəki fəaliyyət əslində ölkədə diffamasiya mühitinə hazırlıqdır.
MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərdən söhbət açıb. Bildirib ki, həmin öhdəliklərdən ən vacibi ölkədə söz və mətbuat azadlığının təminatı ilə bağlıdır. Şura üzvü mövcud istiqamətdə bir sıra müsbət nəticələrin əldə olunduğunu qeyd edib: «Lakin diffamasiya haqqında qanunun olmaması demokratik prinsiplərə, irəliləyişlərə bir növ, kölgə salır. Mövcud vəziyyətin aradan qaldırılması vacibdir. Bəzi həmkarlarım düzgün olaraq bəzən jurnalist fəaliyyətinin də demokratik prinsiplərə kölgə saldığını önə çəkirlər. Buna görə də hesab edirəm ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi hər iki məsələyə paralel diqqət yetirmək baxımından olduqca əhəmiyyətlidir».
«Olaylar» İnformasiya Agentliyinin baş direktoru Yunis Oğuz çıxışında Avropada mövcud olan bəzi standartların Azərbaycan üçün keçərsizliyini bildirib. «Avropada «reket jurnalistika» olmadığı kimi onunla mübarizə üsulu da yoxdur. Buna görə də hesab edirəm ki, tövsiyyələr qəbul edilərkən mütləq yerli şərait nəzərə alınmalıdır» deyən Y.Oğuz MŞ-nin xüsusən indiki seçkiqabağı dövrdə media vasitələrinin materialları ilə bağlı ATƏT-lə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, parlament seçkisi yaxınlaşdıqca müxtəlif KİV-lərdə təhqir və böhtanların sayı artır ki, bu da nəticə etibarilə diffamasiya mühitinin formalaşmasına maneə yaradır.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu tövsiyyələrdə müəyyən mübahisəli cəhətlərin ola biləcəyini təbii sayıb. O, əsas məqam kimi peşə davranışı qaydalarının KİV redaksiyalarına çatdırılmasını və onların peşə fəaliyyətlərində həmin prinsiplərə riayət etmələrini vurğulayıb.
Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev peşə davranışı qaydaları üzrə ATƏT tərəfindən irəli sürülən tövsiyyələrin yerli şəraitə uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirib. O, xüsusən jurnalist yaradıcılığının cinayət-prosessual məsələlərə maneə olan tərəflərinə diqqəti çəkib və tövsiyyələrdə bu kimi məqamların nəzərə alındığını müsbət məqam kimi xarakterizə edib.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli diffamasiya haqqında qanunun qəbulunu bir prinsip kimi əhəmiyyətli sayıb: «Kimsə düşünməsin ki, bu qanunun mövcudluğu jurnalist məsuliyyətini heçə endirəcək. Vaxtilə qanun layihə şəklində hazırlamışdı. Sənəddə beynəlxalq təcrübəyə geniş yer verilmişdi. Ciddi cəza mexanizmləri nəzərdə tutulmuşdu. Bir çox Avropa jurnalistləri qanunun məhz bu cəhətinə diqqəti çəkərək onu arzulamırlar».
"Dəyirmi masa»nın sonunda ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter çıxış edib. O, ATƏT tərəfindən jurnalistlərin peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı irəli sürülən təkliflərin tövsiyyə xarakteri daşıdığını və sənədin hazırlanmasında onun ilkin variantına əsaslanıldığını deyib. Lakin son variantda beynəlxalq təcrübə daha çox nəzərə alınıb. «Mən Azərbaycan jurnalistikasının problemlərindən xəbərdaram. Əsas səylərimiz peşəkar jurnalistika üçün mühitin formalaşması üzərində qurulub. Bu prinsiplərin əldə edilməsi əslində diffamasiyaya doğru addımlardır», - deyə o bildirib.
Modern.az