AzerFax.az saytının baş redaktoru Nicat Dağlar yeni yaradılan “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının qarşısında duran hədəflərindən danışıb.
Qeyd edək ki, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu və AzerFax.az saytının baş redaktoru Nicat Dağların təşəbbüsü ilə yaradılan Hərəkat Ermənistanın işğalçı siyasətinə, azərbaycanlıların öz torpaqlarından didərgin salınması faktına hüquqi qiymət verilməsi, Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanıdılması istiqamətində fəaliyyət göstərəcək.
Nicat Dağlar Modern.az saytına bildirib ki, Qarabağ mövzusunda yazılan yazıların xarici mətbuata çıxarılması, müxtəlif dillərdə dərc olunması ciddi zərurətə çevrilib: “Qurumun digər təsisçiləri ilə hesab etdik ki, Qarabağ mövzusundakı yazıların ölkə miqyasından kənara çıxmasının vaxtıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb. Amma düşündük ki, ermənilərin qurduğu yalançı təbliğat maşınının qarşısında duruş gətirmək, üstün gəlmək üçün səylərimizi birləşdirməliyik. Beləliklə də “Qarabağ Uğrunda” Jurnalist Hərəkatını təsis etdik”.
Nicat Dağların sözlərinə görə, hazırda təşkilatın dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər hazırlanır: “Yaxın müddətdə sənədlər Ədliyyə Nazirliyinə göndəriləcək. Təşkilatın loqosu hazırlanır. İlk mərhələdə MDB məkanına aid olan ölkələrə müxtəlif səfərlər planlaşdırılır. Artıq bir neçə ölkənin redaksiyaları ilə danışıqlara da başlanılıb. Bu əməkdaşlıq çərçivəsində nəinki öz yazılarımızı, bütövlükdə Azərbaycan mətbuatında Qarabağ mövzusunda dərc olunan tarixi faktlarla zəngin, tarixi ədalət prinsipləri üzərində köklənmiş tutarlı təhlillər, müsahibələr, analiz xarakterli yazıların həmin ölkələrin dillərə tərcümə etdirəcəyik.
Ölkələr və jurnalistlər arasında müxtəlif forumlar təşkil olunacaq. İşlərimiz çoxdur, istəyirik ki, digər sahələrdə üstün olduğumuz kimi, media sahəsində də öz üstünlüyümüzü bərqərar edək. Beş jurnalist hərəkatın təsisçiləridir. Hədəfimiz bunu bütövlükdə media hərəkatına çevirməkdir. Hazırda təşkilatlanma və texniki işlər gedir. Yaxın müddətdə çağırışlar edəcəyik, üzvlərimiz olacaq. Prosesi bütövlükdə Azərbaycan mətbuatı aparacaq”.
Yeganə OQTAYQIZI