Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə BSU-nun jurnalistika fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova İsmayıllı rayonunda “Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu” mövzusunda mühazirə deyib.
Modern.az-ın məlumatına görə, Nüşabə xanım əvvəlcə bütün iştirakçıları İsmayıllının 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi münasibəti ilə təbrik edib. Mütaliənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, savad və biliklərinin inkişafında faydasından bəhs edən N.Hüseynova iştirakçılara maraqlı slaydlar təqdim edib. Dünya ölkələri üzrə ən çox kitab oxuyanların statistikasına dair müxtəlif məlumatlar çatdıran mühazirəçi onu da vurğulayıb ki, mütaliəyə meyl körpə yaşlarından valideynlərin köməyi ilə formalaşdırılmalıdır. Mühazirənin sonunda N.Hüseynli gəncləri maraqlandıran sualları da cavablandırıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbənin əməkdaşı Murad Məhərrəmov, Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli orta məktəbin direktoru Elçin Məmmədov, Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, rayon ziyalıları – müəllimlər və kitabxana işçıləri, gənclər və məktəblilər iştirak ediblər.
Sonra N,Hüseynli və Bilik Fondunun əməkdaşları Heydər Əliyev Mərkəzində yaradılan Rəsm qalereyası və rayonun Uşaq Yaradıcılıq Mərkəzi ilə tanış olublar.