Bu gün Müsavat Partiyasının Divanında başqanlığa sabiq namizəd Qubad İbadoğlu ilə bağlı məsələ müzakirə olunub. Divanın iclasından öncə partiya rəhbərliyi ilə Qubad İbadoğlu arasında onun toplantiya qatılması ilə bağlı razılaşma əldə edilib. Müsavat Partiyası yaxın günlər üçün bəzi xarici səfərləri olan Qubad İbadoğlunun iclasa qatılmasına şərait yaratmaq üçün Divanın toplantısının vaxtını da dəyişib.
Modern.az saytı Musavat.com-a istinadən xəbər verir ki, Qubad İbadoğlu əvvəlcə Divanın toplantısına qatılıb. Ancaq sonradan bəzi tərəfdarları ilə Divanın iclasını tərk ediblər.
Qubad İbadoğlu Divanın iclasını tərk etməsinin səbəblərinə belə aydınlıq gətirib: "Mən əvvəlcədən də demişdim ki, videoçəkiliş olmasa, iclas müsavatçıların iştirakı olmadan keçirilsə, toplantıda iştirak etməyəcəm. İndi məlum oldu ki, videoçəkilişə icazə vermirlər. Bu sırf qanun pozuntusu olduğuna görə mən iclasa qatılmadım. Elman Fəttahla danışdığımız zaman o, videoçəkilişə icazə veriləcəyini bildirmişdi. Amma indi iclasda yalnız iki müsavatçının iştirak edə biləcəyi deyildi".
Müsavat Divanının iclası Qubad İbadoğlunun iştirakı olmadan davam etdirilib. Son məlumata görə, Müsavatın Divanı Qubad İbadoğlunu partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib. Səsvermə zamanı bu qərarın lehinə 12 nəfər səs verib, bir nəfər isə bitərəf qalıb.
Müsavat başqanının müavini Elman Fəttah bu qərarı jurnalistlərə izah edərkən bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi, partiya nizamnaməsini kobud surətdə pozan davranışlara yol verməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıyla bağlıdır.
Qubad İbadoğlu isə APA-ya açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb: "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi".
Qubad İbadoğlu onu da qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir".
Q.İbadoğlu Müsavat Divanının qəbul etdiyi qərarı "yanlış və əsassız" adlandırıb.