Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Münhendə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüşüb. Görüşdə Azərbaycanda gedən demokratik proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti Münhendə Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçlə də görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirilib.
Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib.
İlham Əliyevin fevralın 6-da keçirdiyi növbəti görüş Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drianla olub. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Əlaqələrin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulanıb.
Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirilib.
Azərbaycan prezidenti Münhendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanovla görüşdə ikitərəfli münasibətləri müzakirə edib. Söhbət zamanı enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub.