Ötən gün Müsavat Partiyasının Divanı Qubad İbadoğlunu partiya sıralarından xaric edib.
Bundan sonra Qubad İbadoğlunun partiya sıralarından çıxarılmasına etiraz əlaməti olaraq Hüseyn Məlik də Müsavatdan istefa verdiyini bəyan edib. Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının və Müsavat Partiyasının üzvü Adil Qeybulla baş verənlərlə bağlı Modern.az-a açıqlama verib.O qeyd edib ki, Qubad İbadoğlunun Müsavatdan çıxarılması ilə bağlı atılan addımı müsavatçılıq mənəviyyatına zidd və ədalətsiz bir qərar hesab edir.
“Onsuz da strukturları zəifləmiş və qurultaydan sonra tamamilə öz mahiyyətini itirmək üzrə olan bir təşkilatın daha da bataqlığa sürükləndirilməsi kimi dəyərləndirirəm. Çünki bu düşünülməmiş addımlardır. Məcburən siyasi aktiv insanların vaxtı ilə partiyanın intelektual bir kəsimi kimi mətbuatda, dünyada ictimaiyyət tərəfindən tanınan şəxslərə qarşı bu cür münasibətin sərgilənməsi iki qütbləşmənin olmasını göstərir. Açıq deyim ki, bu proseslər 2000-ci illərdən başlayıb. Partiyada iki qara qrup və bir intelektual kəsim arasında daim mübarizə gedib. O mübarizə bu gün öz məntiqi sonluğuna çatıb”.
Adil Qeybulla bildirib ki, bu gün partiyanın rəhbərliyini zəbt etmiş məhdud sayda bir qrup düşünülməmiş addımlar atır və öz tarixi məhsuliyyətlərin dərk etmirlər. Əslində onlar partiyaya sonradan gəlmiş, təşkilatın qurulmasında xüsusi rolu olmamış, cəmiyyətdə tanınmamış adamlardır. Yəqin ki, onların düşüncələri qədər də məhsuliyyət hissi var. Qubad İbadoğlunun partiyadan çıxarılması Azərbaycan cəmiyyətində yeni siyasi coğrafiyanın əsasını qoyur. Yəni cəmiyyətdə qüvvələr nisbəti dəyişilir. Arxaik və primitiv siyasi mübarizə üsulları yeni müstəviyə keçir. Çox yaxın zamanda Azərbaycan ictimaiyyəti buna şahid olacaq. Hesab edirəm ki, Qubad İbadoğlu artıq yeni bir siyasətin aparıcı qüvvəsinə çevirilə biləcək. Bu, Azərbaycanın yeni bir prespektivinin də başlanğıcı olacaq. Bunu tam məsuliyyətimlə deyirəm və buna şahid olacağıq”.
Adil Qeybullanın sözlərinə görə Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılması tərəfdarlarını çox qəzəbləndirib: “Onların partiayanı tərk etmək kimi bəyanatları təsadüfi xarakter daşımır. Partiyadan istefa verən adamların hər biri məhz bu ədalətsizliyə qarşı etirazdan doğur. Artıq proses başlayıb, indi intensiv xaraktar alacaq.
Müsavat Partiyası adlanan bir qurum bu gün Məmməd Əmin Rəsulzadənin 1918-1920-ci ildə qurduğu partiyanın davamçısı ola bilməz.
Partiya artıq o mahiyyətini itirib. Müsavatçılıq ideologiyasında fəaliyyət göstərən xeyli siyasi partiya və ictimai təşkilatlar var. Buna görə də bu partiya birmənalı şəkildə bunu inhisara almış kimi görünürdü. Bu gün artıq bu iddia, mənəvi haqq tamamilə götürülmüş olur. Bu ada iddia etməklə əslində biz Rəsulzadənin və onun tərəfdarlarının gördüyü müqəddəs bir işə kölgə salmış olarıq”.
Yeganə OQTAYQIZI