Modern.az

“Məşhur tələbə yoldaşım”: “Həmişə Sərdarı qabağa verərdik” - Sərdar Cəlaloğlunun dostu

“Məşhur tələbə yoldaşım”: “Həmişə Sərdarı qabağa verərdik” - Sərdar Cəlaloğlunun dostu

7 Fevral 2015, 12:28

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikasının qonağı Qusar rayonundakı Oki klinikasının baş həkimi Nizami Rüstəmovdur. O, tələbə yoldaşı, dostu, siyasətçi, Azərbaycan Demokrat Partiyasının sərdi Sərdar Cəlaloğlu haqqında tələbəlik xatirələrini bölüşür:

“Sərdar Cəlaloğlu ilə mən həm orta məktəbdə, həm də ali məktəbdə bir yerdə oxumuşuq. Dostluğumuz o vaxtdan başlayıb. Qardaş kimi onun xasiyyətinə bələdəm. Yadıma gəlir, ilk tanışlığımız da imtahan günü baş tutub. 1969-cu il idi- birlikdə Bakıda Kimya-biologiya təmayüllü internat məktəbinə, 9-cu sinifə daxil olmuşuq. Bir palatada da (o vaxt yataqxananın bir otağına “palata” deyirdilər) qalmışıq. Sərdar bəy indi necədirsə, orta məktəb illərində də elə idi. Çok aktiv, güclü şagird idi. Bizim sinifdə ən yaxşı oxuyan o idi. Onda həm də çox güclü natiqlik qabilliyyəti var idi. İstəyirdim, səhərdən axşama qədər onunla söhbət edim, onun sözlərinə qulaq asım. Müəllimlərimiz (ədəbiyyat müəlliməsi Çimnaz xanım və b.) də o qabiliyyətinə görə Sərdarı çox istəyirdilər. Bizdə iclas, toplantılar olanda həmişə Sərdarı qabağa verərdik, o bizim yerimizə danışardı, müzakirə edərdilər. 
1971-ci ildə Kimya- biologiya təmayüllü internat məktəbini bitirib, elə həmin ili Tibb Universitetinin Ali tibb fakültəsinə qəbul olunmuşuq. Mən memarlığa getmək istəyirdim. Uşaqlarla bir az mübahisə düşdü, Tibb Universitetinə getdim. Bizim kənddən uşaqlar ora girə bilmirdilər. Kimya-biologiya təmayüllü liseydə Sərdar da, mən də yaxşı oxuyurduq deyə, fikirləşdik ki, girə bilərik də. Mən hazırlaşmadan qəbul olundum. Sərdar bəyin də yolu yəqin, elə düşüb. Mən şübhəsiz, bilirəm ki, Sərdar bəy hansı sahə olsaydı, ora daxil olacaqdı. Qəbul olanda birincisi sevindik ki, Tibb İnstitutuna qəbul olunmuşuq, ikincisi ikimiz də kəsilmədik, eyni ildə instituta daxil olduq, üçüncüsü də özümüzə yoldaş tapmışdıq.
Getdik bir yerdə kirayə ev tutduq. Daxil olanda deyəsən, 28 nəfər idik. Sonra ayrılanda 10, 10 oldu. Qrupda Sərdarla ayrıldıq. Ayrı qruplarda oxusaq da, bir otaqda qalmışıq. Qrup yoldaşları Sərdarın yanına gəlir, bilmədikləri şeyləri ondan soruşurdular. Çünki Sərdar hərtərəfli inkişaf etmişdi. Onun oxumağı da belə idi: mən indiyə qədər görməmişəm ki, o bir kitabı başdan ayağa qədər açıb oxusun. Səhifəni açırdı, açırdı, kitabı qurtarırdı. Elə bil beyninə həkk olurdu. Bu gün kompüterlərin qəbul etdiyi kimi, məlumatı qəbul edirdi. O, güclü yaddaşa, hərtərəfli biliyə malik idi. Sadəcə istiqaməti həkimliyə olub deyə, getdi ora qəbul olundu. Deyim ki, hazırlaşıb, illər boyu tibbi izləyib, yox, elə birdən o sahəyə getməyi qərara aldı. O vaxt Tibb Universiteti də məşhur idi, ad-sanı var idi və ora girmək çətin idi. Oxuyarkən də Sərdar həkimliyə həvəsli idi. Qruplarında ən yaxşı oxuyan o idi”. 

“Düşünürdüm ki, Sərdar bəydən çox yaxşı bir həkim olacaq

“Sərdar bəyin ictimai elmlərə marağını mən hələ orta məktəb vaxtında hiss edirdim. Tələbəlik vaxtı da o, yalnız dərsdə tibbi kitabları oxuyurdu. Evə gələn kimi ictimai kitablar, bədii ədəbiyyat oxuyurdu. Həddən artıq bədii ədəbiyyat oxuyurdu. Mənim yadıma gəlməz ki, gözümün qabağında bir kitab görüm, Sərdar bəy onu oxumasın. O, gecə-gündüz ancaq mütaliə edərdi. Başqa bir şeylə məşğul olmurdu. Deyim ki, idmana bir həvəsi olsun, yox. Onun boş vaxtı olmazdı, vaxtını yalnız mütaliəyə sərf edərdi, bədii, ictimai, siyasi kitabları oxuyardu. Oxumağı çox sevirdi. Aktiv siyasətə qoşulmamışdı, partiya üzvü olmayıb. O vaxtı aktiv siyasət də yox idi- Sovet dövrü idi. 
Tələbəlik illərində Sərdar bəy çox çılğın, hər şeyə reaksiya verən, öz fikrini bildirən biri kimi yadımda qalıb. Buna görə daim müəllimlərlə Sərdarın arasında mübahisələr olurdu. Heç nəyə laqeyd yanaşmazdı, normal öz reaksiyasını göstərərdi. Şagird olan vaxtı ədəbiyyatdan, ictimaiyyətdən (o vaxt ictimaiyyət dərsi keçirilirdi), tarixdən çox mübahisələr edərdi. İnstitutu qurtarandan sonra o məhkəmə tibb eksperti olmuşdu. Tələbəlik vaxtı da təbabətin o sahəsi üzrə mübahisələri çox olurdu. 
Mən o vaxtı düşünürdüm ki, Sərdar bəydən çox yaxşı bir həkim olacaq. İstəsəydi olardı da. Onun təbabətə aid kitabları da var. Məsələn, Türkəçarə (tibbi-etnoqrafik əsər). O kitablardan Sərdarın həkimlik bacarığı bilinirdi. Yaxşı həkim bunları yazmağı bacarır. Ağlıma gəlməzdi ki, Sərdar güclü bir siyasətçi olar. Sonradan onun siyasi kitablarını oxuyandan sonra mat qaldım ki, belə güclü siyasi kitablar yazıb. Mən siyasətçi deyiləm. Siyasətin əlifbasını indi yavaş-yavaş Sərdarın kitablarından öyrənirəm. Özü deməyib, Sərdar bəyin yoldaşlarından eşitdiyimə görə institutu qurtarandan sonra o məhkəmə təbabətinə keçdi. O vaxt institutun çox yaxşı oxuyan məzunları ya cərrahiyəyə, ya da məhkəmə təbabətinə qəbul edirdilər. Sərdar bəy də yaxşı oxumağına görə getmişdi. Sonra o getdi Naxçıvanda məhkəmə tibb ekspertizasında şöbə müdiri oldu. O vaxt Səradara qarşı haqsızlıq edib onu işdən başqa yerə köçürdülər. Sərdar da buna dözmədi, şikayət etdi. Hətta bu məsələ ilə bağlı Moskvaya Rıjkovun qəbuluna qədər gedib. Axırda, 2-3 ildən sonra yenidən işinə bərpa olundu. Onun belə dözümlülüyü var, arxasınca getdi, nəhayət istəyinə nail oldu. Belə zülmləri gördükdən sonra Sərdar bir az kənar dayandı. Yəqin, ondan sonra siyasətə qoşuldu.
Sərdar Cəlaloğlu mənim üçün dəyərli bir dostdur. Azərbaycanda hər bir şəxs onun kimi dostu arzulayar. Şəxsən mən həqiqətən, Sərdar Cəlaloğlu kimi bir dostum olduğu üçün fəxr edirəm. İldə 3-4 dəfə görüşürük”. 

“Sərdar bəyin ailəsi ideal, azad bir ailədir”         
 



“Tələbəlik vaxtı bir dəfə mənim də pulum qurtarıb, Sərdarın da. Evdən pul gözləyirik. Düzdür, yaxşı oxuyurduq, təqaüd alırdıq, ancaq çatmırdı. Kirayə qalırdıq və s. 1-2 gün belə keçdi. Pul yoxdu, evə gəldik, evdə çörək qırıntılarından başqa nə ət, nə yağ-heç nə yoxdur. Pulumuz da yoxdur, ancaq bir az yolxərcliyimiz var. Acmışıq, neyləyək? Axtardıq, axtardıq, bir də gördük ki, zibilqabının kənarında köhnə quru çörəklər var (gülür). Acından birtəhər olmuşuq, üzümüz də gəlmir ki, kimdənsə nəsə istəyək. Düzdür, qohumlarımız var, ancaq uzaqda olurdular. Axırı zibilqabının kənarına atılmış o çörəyi yedik. Bu yadımda qalıb. 
Sərdar bəyin bugünki fəaliyyətini də izləyirəm. Bir tələbə yoldaşı kimi onunla qürur duyuram. Azərbaycanda elmi-siyasi prosesdə bəlkə də ondan güclüsü yoxdur. Mən onun kitablarını bir dəfə yox, iki-üç dəfə oxuyuram. Nə qədər sadə dildə yazılsa da, siyasəti qəbul etmək mənim üçün bir az çətindir. Ona görə də təkrar-təkrar oxuyuram ki, tam qavraya bilim. Məsələn, “Totalitarizmin metamarfozası” (elmi-siyasi əsər), “İnsanlar və adamlar” (fəlsəfi kəlamlar), “Azadlığa məhkumluq” (siyasi-publistik məqalələr toplusu) kitabları var. Oxuduqca adam hiss edir ki, o necə güclü siyasətçidir. 

O zaman həbsdə olmağını bilmək mənə çox pis təsir bağışladı. Mən bir dəfə onlarda olanda Sərdar bəyi apardılar. Yoldaşından soruşuram ki, ay Fatma xanım, bəs, gəlib evinizdən apardılar. Biz də hələ çörək yeyirdik. Fatma xanım sakitcə, “Ay Nizami qardaş, aparacaqlar, bir azdan gətirəcəklər”. Görürsən, bunlar o qədər haqsızlıqlara öyrəşmişdilər ki, o qədər təsir etmirdi. Sərdar həbsdə olanda da ailəsi ilə görüşə bilmişəm, özü ilə görüşə bilməmişəm. Biz ailəvi dostuq, imkan olanda bir-birimizə qonaq oluruq.

Sərdar bəyin ailəsi ideal, azad bir ailədir. O özü azad adamdır, ailəsi də- həm uşaqları, həm yoldaşı çox azaddır. Çox mehriban, bir-birilərinə qarşı çox tənqidi yanaşan, bir-birilərinə diqqətlidirlər. Adam gedib onların davranışlarını görəndə ləzzət alır. Mən onların ailəsindən o qədər çox şey öyrənmişəm ki. Bir ailə başçısı kimi Sərdar Cəlaloğlu çox nümunəvidir. O vaxtilə partiyada da elə olub. Mən onun partiya vaxtında olmuşam. Hamısı onun hörmətini saxlayırdı. Neçə illərdir dostluq edirik, bir yerdə yaşamışıq, sadəcə, mən onda mənfi xüsusiyyət  görməmişəm. Ona qarşı o qədər haqsızlıqlar olub ki, ancaq bir dəfə kimdənsə qisas alsın, belə şey olmayıb. Deyirəm, “Sərdar, necə yəni sənin dilindən bir şey çıxmadı”. Deyir, “nə deyəcəm, edib, qoy onun cəzasını Allah özü versin”.

Sərdara siyasi fəaliyyətində uğurlar, siyasi kitablar yazır, onları tam axıra qədər çatdırıb nəşr etdirə bilsin, təzə elmi iş nəzəriyyələri var, o nəzəriyyələri başa çatdıra bilsin, bir də can sağlığı, ailə səadəti arzulayıram. Həmişə belə Sərdar olsun, olduğu kimi qalsın”.





Misranə Həsənzadə
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI