“Mən kiminsə partiya sıralarından çıxarılmaına çox mənfi baxıram. Qubad İbadoğlunun Müsavatda 19 illik fəaliyyət göstərib, ona görə də onun partiyadan çıxarılmasına müsbət yanaşa bilmərəm”. Bunu Modern.az saytına açıqlamasında hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlu deyib.
O, Müsavat Partiyası Divanının qərarı ilə Qubad İbadoğlunun təşkilat sıralarından çıxarılmasına münasibət bildirərkən söyləyib ki, atılan addım düzgün deyil.Novella Cəfəroğlunun sözlərinə görə, Müsavat Partiyasında baş verən qalmaqallar bu qurumun gələcəyini sual altına qoymur: “Partiya həmişə qalacaq. Sadəcə olaraq, ömrünün bir qismini partiyanın fəaliyyətinə həsr edən insanların ürəyini qırmaq, onları kənarda saxlamağı alqışlaya bilmərəm. Qubad İbadoğlunun da müəyyən səhvləri ola bilər, amma bu yanlışlıqlardan ötrü onun partiyadan çıxarılması düzgün deyil. Ümumiyyətlə, partiyadan çıxarılma məsələsini həmişə pis qarşılamışam”.
Hüquq müdafiəçisi onu da söyləyib ki, tərəfləri bir araya yığıb müzakirələr aparmaq üçün özü heç bir təşəbbüs göstərməyib. O qeyd edib ki, hələ ki baş verənləri müşahidə edir: “Amma gələcəkdə tərəflərin müzakirələrdə iştirak etməsi üçün təşəbbüs göstərə bilərəm”.
Novella Cəfəroğlu deyib ki, baş verən prosesləri Müsavat sabiq başqanı İsa Qəmbərlə müzakirə edib: “Mən həmişə İsa Qəmbərin tərəfdarı olmuşam. Ona görə də bu məsələləri onunla müzakirə etmişik və bundan sonra da bu davam edəcək. Amma onun mənim təkliflərimə necə yanaşdığı barədə mətbuata açıqlama vermək istəmirəm. Vaxtı gələndə çox şeyi biləcəksiniz”.
Aqşin Kərimov