“Əslində balıq sahəsində vəziyyət çox pisdir. Hazırda nərə balıqlarının resursları demək olar 80 faiz yox olub”.
Bu barədə Modern.az-a balıqçılıq üzrə mütəxəssis Fikrət Cəfərov məlumat verib.
O qeyd edib ki, tükənmədə bir neçə səbəb əsas rol oynayır: “Birinci səbəb yem bazasının azalmasıdır. 10 ili əhatə edən bir zaman çərçivəsində “Miniopsis” (bu meduza kimi bir canlıdır) balığı Xəzərə düşəndən nərə balıqlarının sürətli azalması müşahidə olunur. Bu canlı Xəzərin yem bazasını demək olar məhv edib.
Digər tərəfdən, nərə balıqlarının birbaşa süni yolla çoxalmasına demək olar imkan yoxdur. Onları zavodlarda yetişdirib dənizə buraxırlar. Zavodda yetişdirilən balıqların əksəriyyəti zəifdir. Bildiyiniz kimi, nərə balıqlarının yetişməsi bir neçə il çəkir. Ən tez yetişən balıq “uzunburun”dur. Onun yetişməsi üçün ən azı 5-6 il gərəkdir. Beluqa balığı isə təxminən 8 ilə yetişdiyindən onun çoxalması çox çətindir”.
Qanunsuz balıq ovuna niyə nəzarət edilmir?
Ekspert qanunsuz balıq ovuna qarşı mübarizə aparılmamasına da toxunub: “Qadağan olunsa da, Xəzərdə qanunsuz ovun davam etməsi balıqların tükənməsinə birbaşa təsir edir. Hər kəs yol ətraflarında, bazarlara girəndə nərə balıqlarının açıq şəkildə satıdlığını görür. Nəzər yetirsəniz, son 4-5 ildə balıqların ölçüsü xırdadır. Demək olar ki, tam yetişməmiş balıqlar ovlanır. Həmin balıqların çoxu “Qırmızı kitab”a salınmaq üzrədir.
Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə müəyyən işlər görür. Amma hüquq-mühafizə orqanları bazarda açıq şəkildə qanunsuz satılan balıqlara hər hansı müdaxilə etmir. Hüquq-mühafizə orqanları sırf bununla bağlı reydlər keçirməlidir. Balıqların satışı birbaşa qadağan olunmalı, satışla məşğul olanlar isə məsuliyyətə cəlb edilməlidir”.
Balıqların qiyməti kimi, keyfiyyəti də aşağıdır
Ekspert təkid edir ki, Azərbaycanda dünya bazarı ilə də müqayisədə kifayət qədər baha satılan nərə balıqları tükənmək üzrədir: “Dünya bazarı ilə müqayisədə bəli, Azərbaycanda nərə balıqlarının qiyməti aşağıdır. Amma nəzərə almaq lazımdır ki, bizdəki balıqlar keyfiyyət baxımından da aşağıdır. Çünki balıqları yetişməyə qoymurlar. Bizdə qiymət dünya bazarından iki dəfə aşağıdır. Hazırda ölkəmizdə qara kürünün satış qiyməti 110 qram üçün 200-250 manatdır, lakin dünyada 1 kq kürü alıcılara 7000-8500 manata təklif edilir. Qiyməti kimi, bizdəki balıq və kürünün də fərqi çox aşağıdır”.
Azərbaycana idxal olunan balıqların bəzən keyfiyyətsiz, zəhərli olduğu söylənilir. Balıq üzrə mütəxəssis belə bir halla rastlaşmadığını deyib: “Yaxşı olardı ki, aidiyyəti qurumlar bu istiqamətdəki işləri gücləndirsinlər”.
Maraqlıdır, bazarlarda hər şeyin qarışdığı bir zamanda istehlakçılara təqdim olunan çay, göl, zavodda istehsal olunan balığı necə müəyyən etməli?
“Balıq zavodlarında yetişən balıqların çay, göl balıqlarından fərqi böyükdür. Çünki konkret olaraq süni qida ilə yemlənir, xüsusi şəraitdə saxlanılırlar. Zavodlarda yetişən balıqlar da bir növ broyler toyuqları kimidir. Əlbəttə, keyfiyyət baxımından təbii balıqlardan fərqlənir. Amma onu da deyim ki, adi alıcı bunu ayırd edə bilmir. Yalnız mütəxəssis anlaya bilər ki, balıq təbii, yoxsa süni yolla yetişdirilib.
Bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycana Skandinaviya ölkələrindən də balıqlar gətirilir, onların da əksəriyyəti süni yolla yetişdirilsə də, keyfiyyəti çox yüksəkdir: “Həmin ölkələrin balıq təsərrüfatının 90 faizi demək olar ki, süni yetişdirilən balıqlardan ibarətdir. Bizim bazarlarda da həmin balıqlara rast gəlmək mümkündür.
Digər tərəfdən, ölkə bazarlarına Gürcüstandan farel gətirilir. Həmin balıqlar təbii yolla yetişdirilir. Çünki Gürcüstanda balıq yetişdirmək üçün süni yem bazası yoxdur və onu xaricdən almaq üçün imkanları azdır. İstifadə edən şəxslər çox keyfiyyətli məhsullar olduğunu deyirlər”.
Mütəxəssis deyir ki, göldən asılı olaraq balığın rəngi dəyişir: “Çay balıqlarının rəngi göl balıqlarına nisbətən açıqdır. Çay balıqlarından əsasən təmiz balıq iyi gəlir, göl balıqları isə bataqlıq qoxusunu verir”.
Bəs keyfiyyətli balığı necə müəyyən etməli?
“Balığın keyfiyyətini bilmək üçün ən yaxşı vasitə onun qulaqlarıdır. Təzə balığın qulaq hissəsi qan içində olur, ona “nar qırmızısı” deyirlər. Qırmızı rəngin solğunlaşması isə balığın köhnə və ya xarab olmasına dəlalət edir”.
Gülşən RAUFQIZI