Millət vəkili Vahid Əhmədov Quba rayonunda əhali ilə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, Vahid Əhmədov fəaliyyəti və planlaşdırdığı işlər barəsində onlara məlumat verərək, tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verib. Ümumilikdə qəbulda 32 nəfər rayon sakini iştirak edib. Onların qaldırdıqları bəzi məsələlər barəsində elə görüş zamanı qərarlar qəbul edilib, həlli mərkəzi təşkilatlardan asılı olan məsələlər nəzarətə götürülüb. Növbəti yaz tarla işlərinin başlanması rayonda əmək fəallığını artırıb, fermerlər yeni qayğılarla üzləşiblər. Bu məsələ ilə bağlı bir neçə maraqlı təkliflər də səsləndirilib. Məlumatda qeyd edilir ki, budəfəki qəbulda ən çox qaldırılan problem isə işə düzəlmə məsələsi olub. Təəssüf ki, Qubada, xüsusilə gənclər arasında işsizlərin sayı həddən artıq çoxdur.
Qəbuldan sonra Quba rayon icra hakimiyyətində olan millət vəkili rayona yeni təyin olunan icra başçısı Yaşar Məmmədovla görüşüb, bu və digər problemlər barəsində geniş və faydalı fikir mübadiləsi aparılıb. Gələcəkdə rayonda meyvə və digər kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı yeni iş yerlərinin təşkili barəsində də maraqlı fikirlər səsləndirilib.