Modern.az

“Avropa Məhkəməsi laçınlı məcburi köçkünlərlə bağlı qərarı ləngidir” - Şikayətçi

“Avropa Məhkəməsi laçınlı məcburi köçkünlərlə bağlı qərarı ləngidir” - Şikayətçi

Təhsil

7 Fevral 2015, 13:29

Avropa İnsan Haqları Məhkəməsində Laçın rayonundan olan azərbaycanlı məcburi köçkünlərin işi üzrə qərarın verilməsi ləngiyir.

2005-ci il aprelin 6-da altı nəfər Avropa İnsan Haqları Məhkəməsinə Avropa İnsan Haqları Konvensiyasının özəl və ailə həyatına hörmət hüququ, mülkiyyətin qorunması və effektiv hüquqi müdafiə hüququ barədə maddələrini nəzərə almaqla şikayət göndərib.

Şikayətdə bildirilir ki, azərbaycanlı məcburi köçkünlər Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılov 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundakı evlərini tərk etmək məcburiyyətində qalıb və Ermənistan dövləti onların itkilərini kompensasiya etmək üçün hər hansı addım atmayıb.

Modern.az saytına açıqlamasında şikayət edənlərdən biri Fəxrəddin Paşayev bildirib ki, işə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında baxılır: “Bir ildən çoxdur məhkəmənin qərarı verilmir. Avropa Məhkəməsi iddia ərizəmizi 2006-ci ildə icraata götürüb. 2010-cu ildə Böyük Palatada baxılan işin qərarı 2012-ci ilin yanvar ayında verilib. Qərarda yazılır ki, Ermənistan hökuməti Azərbaycan Respublikasının ərazisini zəbt edib. Üç maddə üzrə iddiaçıların ərizəsi qəbul edilən hesab edilsin. Ermənistan hökumətinin iddiası rədd edilsin. 2013-cü il yanvarın 21-də məhkəmə işin sonuncu mərhələsinə baxıb. Prosedur qaydalara görə qərar ən tez altı ay müddətinə verilir.

Yaxınlarda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovla məsləhətləşib Avropa Məhkəməsinin sədri Din Şpilmana şikayətçilər adından yazılı müraciət etdim. Müraciətdə qərarın nəyə görə gecikməsinin səbəbini soruşdum.

Biz dövlət dəstəyi ilə yox, özümüz müstəqil şəkildə məhkəməyə müraciət etmişik. Məhkəmədə hüquqlarımızı türk əsilli Böyük Britaniya vətəndaşı Kərim Yıldızın rəhbərliyi ilə vəkillər komitəsindən 4 vəkil qoruyur. Müdafiə komitəsi Londonda yerləşir.

Avropa Məhkəməsində iddiamızın təmin edilməsinin bizə xeyri təkcə maddi-mənəvi zərər dəyməsinin hüquqi status almasına görə deyil, siyasi mənasına görə də önəm daşıyır. Biz təkcə 6 nəfərin yox, bütün məcburi köçkünlərin hüquqlarının bərpa olunmasını tələb edirik. Azərbaycanın xeyrinə olan bir prosesdir. Siyasi cəhətdən böyük əhəmiyyəti var. Belə ki, Avropa Məhkəməsi ermənilərin Laçın rayonunu işgal etməsini bir daha təsdiq edir”.

Yeganə OQTAYQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir