Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə layihədə azacıq dəyişiklik etdik. Belə ki, şair-publisist Elçin Mirzəbəyli əyalətdə doğulub boya-başa çatsa da, anadan olduğu Lənkəran şəhərinin Qala adlanan ərazisi inzibati baxımdan kənd deyil. Amma kənar şəhərlərdəki həyat tərzinin və Elçin Mirzəbəyli lirikasına marağı nəzərə alaraq bu dəfə istisnaya yol verdik.
Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Elçin Mirzəbəyli o yerləri, o illəri belə xatırlayır:
Mənim şəhərim…
Azərbaycanımızın ən gözəl, səfalı guşələrindən biri olan Lənkəranda doğulmuşam. Şəhərin mərkəzi hissəsində yerləşən, yerli camaatın “Qala” adlandırdığı ərazi ilə “Böyük bazar”ın kəsişdiyi “sərhəddə” yerləşirdi evimiz. O zamanlar küçəmiz Nəriman Nərimanovun adını daşıyırdı. Sonradan dəyişdirib Mirzə Məhəmmədhüseyn Axund qoydular... Əslində bu ad dəyişikliyi mənim doğulduğum Lənkəranla bu günkü Lənkəranın müqayisəsi baxımından unikal nümunədir.
...Nə zamansa Lənkəran Azərbaycanın elm, mədəniyyət ocaqlarından biri sayılırdı. Həmin dövrdə burada müxtəlif vəzifələrdə çalışan, məhdudiyyətlərə, qadağalara baxmayaraq, xalqının gələcəyini düşünən marifçi insanların səyi nəticəsində SSRİ miqyasında hadisəyə çevrilən kitablar paytaxt Bakı ilə eyni zamanda Lənkərana da göndərilirdi. Hər yeni kitab gələndə kitab mağazalarının qarşısında növbə olurdu desəm, bəlkə də çoxları inanmayacaq... Amma həqiqət belədi. Çünki o zaman fərqlənməyin yeganə yolu mütaliəli, elmli, savadlı olmaqdan keçirdi. Biz kitabxanalardan götürdüyümüz, yaxud böyüklərimizin verdiyi kitabları daha tez oxumuğa və yenisini əldə etməyə çalışırdıq. Hər şeyə vaxt tapırdıq – oxumağa, idmanla məşğul olmağa, ev işlərində böyüklərə yardım etməyə, əylənməyə, qohumlarla görüşməyə, dostlarla ünsiyyətdə olmağa... Hər şeyə...
Orta məktəb illərində Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrini oxumaq imkanı əldə etdiyim üçün özümü xoşbəxt sayıram. Məhz bu səbəbdən, institutun 1-ci kursunda oxuyanda xarici ədəbiyyat müəllimim onun səhvlərini düzəltdiyim üçün məni tez-tez auditoriyadan kənarlaşdırardı. Amma imtahanda heç bir sorğu-sual etmədən “əla” qiymət yazardı...
Təsəvvür edin, hələ 10-cu sinifdə oxuyanda böyüklərimizin dəstəyi ilə Fridrix Nitşenin “Antixrist. Xristanlığı lənətləmə”, “Zərdüşt belə demişdi”, Ziqmund Freydin “Bir illuziyanın gələcəyi”, Erix Fromun “Psixoanaliz və din”, Alber Kamyunun “Sizif haqqında əfsanə. Absurd haqqında esse”, Jan Pol Sartrın “Ekzisensializm – bu humanizmdi” əsərləri ilə (rus dilində) tanış idim. Həmin əsərlərin Bakıda populyarlıq qazandığı vaxt isə 1990-cı ilə təsadüf edirdi. Bakıya bu əsərlərin yer aldığı “Tanrıların qürubu” kitabı 1990-cı ilin sonlarında, təkrar nəşrdən sonra göndərilmişdi...
O zaman Lənkəranda ən azı mənim qədər mütaliəli olan onlarla uşaq, gənc vardı.
İndi isə... Son zamanlar az-az getdiyim üçün bir o qədər də məlumatlı deyiləm. Daha doğrusu, hər kəsə bəlli olan həqiqətləri təkrarlamaq, ən yaxşı halda köks qəfəsindən aşağı səviyyədə olacağını gözlədiyim müzakirələrə yol açmaq istəmirəm. İndi orada məni qarşılayacaq və yola salacaq... arzuladığım bir kimsə yoxdu... Gedəcəyim yer isə doğmalarımın dəfn olunduğu məzarlıqdı...
O şəhərdəki uşaqlıq illəri
Uşaqlıq illərim kifayət qədər maraqlı keçib. Daha öncə də dediyim kimi hər şeyə vaxt tapırdım. Eyni zamanda bir neçə idman növü ilə məşğul olurdum, dram dərnəyinə gedirdim. Tez-tez Azərbaycanın müxtəlif bölgələrində keçirilən çempionatlarda, spartakiadalarda, olimpiadalarda iştirak edirdim. Evimiz qonaqlı-qaralı idi. Bütün qohumlar, doğmalar o zaman bağlı-bağatlı, səliqə-sahmanlı həyətimizə toplaşardılar. Əvvəl Masallıda çıxan “Çağırış” qəzetinin, sonra isə Lənkəran radiosunun redaktoru olan dayım şair Vaqif Hüseynovun dostları, Bakıdan gələn qonaqları bizim həyətə yığışardılar. Azərbaycanın demək olar ki, əksər tanınmış şairləri, yazıçıları, sənət adamları həyətimizdə keçirilən və bəzən sübhə kimi davam edən ziyafətlərdə iştirak ediblər. Mən də bəzən saatlarla bu tanınmış simaların söhbətlərinə qulaq asar, öz uşaq düşüncəmlə önların dediklərini çək-çevir edərdim. Azərbaycanın ikiyə bölündüyünü, tariximiz haqqında orta məktəbdə tədris olunmayan, kimsənin danışmağa cəsarət etmədiyi həqiqətləri həyətimizdə keçirilən görüşlərdə, ziyafətlərdə eşitmişdim.
Heç zaman unudulmayan xatirələr
Kiçik yaşlarımdan şeir yazırdım və bunu kimsədən gizlətmirdim. Amma dayım icazə vermirdi çap etdirməyə. “Hələ tezdi, zamanı gələndə mən çap etdirəcəyəm” deyirdi. Mən sözə məsuliyyətlə yanaşmağı, sözün dəyərini bilməyi ondan öyrənmişəm. Dəqiq xatırlamıram, 8-ci, ya da 9-cu sinifdə oxuyurdum. Dayımın “Dəniz çağırır” adlı şeirlər kitabı çap olunmuşdu. Birdən-birə dayımın həmin kitabda yer alan zarafatyana bir şeirinə cavab yazmaq qərarına gəldim. Həmin şeirin 2-cə misrasını xatırlayıram indi. Dayım yazırdı:
“Necə qocalmışam…Gözəllər indi.
Bənzədir əmiyə, dayıya məni”.
Mənim cavabım isə belə idi:
Gizli-gizli qapı döyən payızın
Xəbərdarlıq yağışından incimə.
Ötən günün alnında yurd saldığı
Neçə-neçə qırışından incimə.
Baharında bitirmişdin min çiçək,
Payızında tapammırsan bir ləçək…
Gözəllərin indi sənə qoca tək
İstehzalı baxışından incimə…
Dayımın bir neçə günlüyə Bakıya getdiyini bildiyim üçün ona yazdığım şeiri və daha bir neçə şeirimi götürüb getdim o zaman Lənkəranda çıxan “Leninçi” qəzetinin redaksiyasına. Ruhu şad olsun, qəzetin redaktoru şair Şəkər Aslan da deyəsən vəziyyəti başa düşmüşdü. Dostuna sürpriz eləmək üçün şeirlərimi dərhal çapa verdi… Əlində “Leninçi” qəzetinin şeirlərim dərc olunmuş nüsxəsini tutmuş dayımın həyət qapısından içəri girdiyini görüb qaçıb çarpayının altında gizləndim. Çarpayının yanında dayanıb gülə-gülə “sənə demişdim axı, tələsmə”dedi. Yumşaldığını hiss elədim. Bir neçə dəqiqədən sonra anam atamın və dayımın məni çağırdığını dedi. Sakitcə, çox böyük suç üstə yaxalanmış biri kimi başımı aşağı salıb onların oturduğu qonaq otağa gəldim. Dayım mənə “qorxma, o biri şeirlərini də özün oxu” dedi. Fasiləsiz bir neçə şeir oxudum…
…Gözündə dəfn edib ilk sevgisini
Neçə məhəbbəti geyib don kimi.
Metal parçasına bənzər qəlbini
Asıb sinəsindən medalyon kimi..
İndi yalnız 4 misrasını xatırladığım bu şeirimi oxuyanda təəccüblə “dayan” dedi:
- Sən bunu harda müşahidə eləmisən?
Ona həyəmizə gələn, baxışlarıyla məni ovsunlamağa çalışan 18-20 yaşlı qaraçı qız və bu cazibədar xanımın yarıçılpaq (təbii ki, yarıçılpaq sözünü demədim) sinəsindən asılmış ürəyəbənzər qızıl medalyon haqqında danışdım. Anamın onu qapıdan necə və hansı sözlərlə qovduğunu da dedim…
O şəhərdəki evimiz
...Evimiz daha öncə də qeyd etdiyim kimi Lənkəranın mərkəzində yerləşrdi... Elə indi oradadı, amma mənsiz və sevdiyim insanlarsız...
Həyətimizdə Lənkəranın təbiətinə xas çoxlu meyvə ağacları vardı: Limon, mandarin, alma, armud, feyxoa, nar, tut və c. Yaxşı xatırlayıram, havalar soyumağa başlayanda sitrus ağaclarının üzərini örtərdik. Bu iş mənim üçün xüsusi əyləncəyə çevrilmişdi. Həyətdə işləmək, torpaq belləmək, ağacları budamaq, peyvənd etmək mənə xüsusi zövq verirdi. O evin, o həyətin hər qarışında əllərimin izi var...
Dərs günü olub olmamasından asılı olmayaraq, atamı hər gün işə özüm yola salardım. Buna görə də hər səhər 6-da yuxudan qalxar, onu qapıya kimi ötürərdim. Rəhmətlik əlimin uğurlu olduğuna inanardı...
Atam sağ olduğu dövrdə o ev, o həyət bütün nəslimizin toplaşdığı yer, ocaq missiyasını yerinə yetirərdi. Atam hər kəsə yardım etməyə imkan tapardı. Valideynləri dünyasını dəyişmiş, yaxud köməyə ehtiyacı olan bacısı uşaqlarına, yaxınlarına, doğmalarına... Hər kəsə...
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli hər dəfə rastlaşdığımızda atamın nə qədər xeyirxah bir insan olduğundan söhbət açır. Bu məni qürurlandırır... Çünki mən atama xüsusi bir sevgi ilə bağlı idim. Onun ölümündən sonra hər kəs pərən-pərən düşdü... Hər şey, hətta evimiz də, həyətimiz də öz əvvəlki görkəmini dəyişdi, soyuqlaşdı, ögeyləşdi....
Və məktəbimiz...
...Orta təhsilimi 2 saylı məktəbdə almışam. Evimizdən təxminən 200 metr məsafədə yerləşirdi. O zaman nəinki Lənkəranın, bütövlükdə respublikanın ən yaxşı məktəblərindən sayılırdı. Sadəcə bir faktı deyim: Mənimlə eyni sinifdə oxuyan 26 nəfərdən 23-ü orta məktəbi bitirən kimi ali məktəbə qəbul olunmuşdular.
Borclu olduğum müəllimlər...
Müəllimlərimlə dost olmuşam. Daha dəqiq desəm, onlar mənimlə öz dostları, tay-tuşları kimi davranırdılar. Hər birini yaxşı xatırlayıram. Dil-ədəbiyyat müəllimim Səmayə xanım, tarix müəllimlərim Mahir, Dilqəm, Ceyhun, fizika müəllimim Rza, riyaziyyat müəllimim Səadət bəy...
Sinifimiz fizika-riyaziyyat təmayüllü idi. Buna baxmayaraq, Rza müəllim hər gün məni lövhəyə çağırar, əvvəl dərsi soruşar, sonra isə yeni şeirimi oxumağı xahiş edərdi. Rza müəllim mənim ədəbi və müsiqi zövqümün formalaşmasında müstəsna rol oynayıb. Dostlarıyla birlikdə məni o zaman 2-ci mikrorayonda yerləşən kiçik mənzilinə dəvət edər, klassik müsiqinin şedevrləri ilə tanış edərdi. Bax, Şopen, Motsart, Cüzeppe Verdi..., Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun əsərlərini məhz Rza müəllimin tövsiyyəsi ilə dinləyirdim. İndi harada olduğunu, çalışdığını bilmirəm. Amma hər zaman xatırlayıram. Orta məktəb müəllimlərimdən ən çox xatırladığım digər şəxs isə sinif rəhbərimiz Səadət bəydi...
Onun mənə verdiyi həyat dərsini hələ də unutmamışam. 8-ci sinifdə oyurdum. Məktəbin ümumi dəhlizindən riyaziyyat fənni üçün hazırlanmış xüsusi kabinetə dar bir dəhliz açılırdı. Bu dar dəhlizdə dayananda isə məktəbin ümumi dəhlizini görmək olmurdu. Sinif yoldaşlarımla zarafatlaşırdıq. Birdən Fuad adlı sinif yoldaşım məni ümumi dəhlizə doğru möhkəmcə itələdi və sinif rəhbərimizlə toqquşduq. Hər ikimiz yerə yıxıldıq. Səadət müəllim məni lövhənin qarşısına çıxarıb kimin itələdiyini soruşdu. Və hər “bilmirəm” sözündən sonra uzun barmaqları üzümdə güllə kimi açılırdı. Hər iki yanağımda barmaqlarının izi qalmışdı. Sinif yoldaşlarım şoka düşmüşdülər. Fuad qorxudan partanın altına girmişdi. Dərs bitdikdən sonra Səadət müəllim gözləməyimi istədi. Düşündüm ki, yəqin ürəyi soyumayıb, yenə döymək istəyir. Amma gözlədiyimin əksi baş verdi. Başımı sığallayıb dedi ki, düz elədin demədin... və üzr istədi...
Şəhərimizin özəlliyi və gözəlliyi
Qismətimə Azərbaycandan kənarda yaşamaq, müxtəlif ölkələri gəzmək düşüb. Amma özümü həmişə doğulduğum torpağın bir parçası hesab etmişəm. Uşaqlığımın ən gözəl günlərinin keçdiyi o evi, küçəni, məktəbi, dəniz sahilini... hər zaman qəlbimdə, yaddaşımda daşımışam. Şübhəsiz ki, Azərbaycanın hər qarışı mənim üçün doğmadır. Amma yaddaşımdakı Lənkəranın mənim üçün fərqli bir yeri var. Buna görə də, doğulduğum yerə az-az getməyə çalışıram. Xatirələrimi alt-üst etməmək üçün...
O şəhərin sevgisi...
O şəhərin sevgisi də, ayrılığı da anama yazdığım şeirdə öz əksini tapıb. İstəsəm də daha yaxşısını deyə, yaxud yaza bilmərəm:
Səndən sonra
Göz yaşları ovutmadı məni...
Göz yaşlarına alışdım.
Səndən sonra
qəbristan yolları qorxutmadı məni...
Başdaşlarına alışdım…
Əzaba,
ağrıya,
acıya,
İçdən gələn
Bir təsəlliyə möhtac qalmağa,
Alışdım
Kədərlə qol-boyun olmağa…
Ayrılıqlara alışdım…
Səndən sonra…
***
Sənlə bağlı xatirələrim
Nisgil dolu…
Göz yaşlarına
Və titrək əllərinin
Sığalına sığınmış uşaqlığım…
Qaranlıq və bozumtul
Qatar dayanacaqlarında
Başlayan və bitən ayrılıqlar…
Hər dəfə səndən ayrılıb
Məsum gülüşlərimi
Əzaba çevirən,
Ruhumu zorlayan
Bu tozlu, küləkli
Şəhərə üz tutanda
Yağış yağardı nədənsə…
Lap hind filmlərində
Olduğu kimi…
Hər dəfə
Səndən ayrılanda
Qaranlıq düşərdi -
Perrondakı
Solğun lampaların işığında
Saçlarının necə ağardığı
Daha aydın görünsün deyə…
***
Sənlə bağlı xatirələrim
Ayrılıq qoxuyur…
Qaranlıq bir otaqda,
Lampa işığında
Saçları gecə kimi qapqara
Bir qızın
Xatirə kitabına yazdığım
İlk sevgi şeirləri kimi…
…Aldılar əlimdən…
Saralmış fotolardan
Gülümsəyən uşaqlığımı…
Ayrılıqlara üzülməyimi
Aldılar əlimdən…
Səndən sonra...
Alışdım qatar dayanacaqlarına,
Gözləmə salonlarına,
Sonu görünməyən yollara…
Ünvansız mənzillərdə
Edam olunan günlərimin
İniltisinə…
Alışdım
Səndən sonra
Titrək əllərimi
Ovcunda isidəcək
Bir kimsəm olmadı…
Bu şəhərin
Küləyinə,
Tozuna,
Qarına alışdım,
Ayrılıqlarına alışdım…
Səndən sonra...
Təkcə sənsizliyə alışa bilmədim,
Alışa bilmədim, ana...
Bu gün sizi darıxdıran şəhər
Mənim üçün doğmalığın əsas göstəricisi dağ, daş, torpaq deyil, insanlardı...
Mən ocağa bağlı adamam. Amma o ocaqdan daha doğmalarımın qoxusunu ala bilmirəm. Hər dəfə yolum düşəndə, atamın, anamın, qardaşımın... ölüm səhnələri canlanır gözümün önündə. Tələbə inşaat düşərgəsinə getdiyim üçün ruhən bəlkə də hər kəsdən daha çox bağlı olduğum, hər kəsdən daha çox hiss etdiyim dayımın ölümü ilə bağlı xəbərin mənə necə deyildiyi, nənəmin, anamın sözünü ağızlarında qoyub üsyan qoparmağımı, pilləkənlərlə ildırım sürətiylə çarpayıya sarılıb hönkür-hönkür ağladığımı xatırlayıram. Mən o şəhər üçün darıxıram. O şəhər isə indi mənim uşaqlıq xatirələrimin içərisindən nisgilli-nisgilli boylanmaqdan savayı heç nəyə yaramır...
Elmin NURİ